Məhkəmə qərarları › İş №2(004)-1693/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1693/2023

24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1693/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası DİN- nin Baş istintaq və Təhqiqat İdarəsinə qarşı “daşınmaz əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sadiq oğlu cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş istintaq və Təhqiqat İdarəsinə qarşı “daşınmaz əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-3807/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qərarı ilə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə aidiyyəti qaydalarına riayət edilmədən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinə verilmişdir. Əvvələ məhkəmə qeyd edir ki, iddiaçının tələbi mülkiyyətində olan əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə olmaqla, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırılması ilə bağlıdır. Bu səbəbdən hazırki iddia tələbinə müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın olduğu yerə görə Qusar Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bundan əlavə qeyd edilməldir ki, cavabdehin ünvanı Bakı şəhəri, Azərbaycan prospekti 7-dir və qeyd edilən ünvan Bakı şəhəri Yasamal rayonunun deyil, Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə verildiyindən, İddiaçı Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş istintaq və Təhqiqat İdarəsinə qarşı “daşınmaz əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərdən əlavə, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Belə ki, iddiaçının iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin balansına deyil, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin balansına keçirilmişdir. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-553/2023 saylı qərardadına əsasən həmin qəbzə əsasən ödənilmiş dövlət rüsumunun (ödəniş qəbzinin nömrəsi 27004) İddiaçı Sadiq oğluna geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sadiq oğlunun cavabdeh Azərbaycan Respublikası DİN- nin Baş istintaq və Təhqiqat İdarəsinə qarşı “daşınmaz əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xudayev Kərim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar