Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1708/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sığorta Şikətində kasko sığorta növü ilə (könüllü) sığortalanmış “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 791,42 məbləğində sığorta ödənişi və bu ərizənin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 821,82 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “VAZ21074” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən İddiaçı Sığorta Şikətində Kasko sığorta növü ilə sığortalanmış “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “VAZ21074” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta müqaviləsi və Cavabdeh2 etibarnaməsi mövcud deyildir. Beləki, AR İcbari sığortalar haqqında qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Yasamal Rayon Məhkəməsinin 3(004)-556/2012 saylı xx.xx.2012-ci il tarixli İnzibati xəta haqqında iş üzrə Qərarında öz əksini tapmışdır. Həmçinin müvafiq qərarla Cavabdeh2 faktiki yaşadığı ünvanda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4 nömrəli yataqxana kimi müəyyən edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2012-ci il tarixli Avto Servis LTD-nin siyahısına əsasən avtomobilə 1120 manat ziyan dəymişdir. xx.xx.2012-ci il tarixli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 78,58 manat franşiza məbləğini çıxmaqla “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 1041,42 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan sığorta ödənişinin həyata keçirilməsinə dair iş materiallarına əlavə edilmiş 1547 saylı xx.xx.2012-ci il tarixli kassa məxaric orderinə görə zərərçəkən X3 1041,42 manat məbləğində ödəniş edilib. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 520524 saylı kassa mədaxil orderinə əsasən Cavabdeh2 tərəfindən iddiaçının xeyrinə 250 manat ödəniş edilib. Bununlada Cavabdeh2 iddiaçının tələbinin əsaslı olduğunu və tələbi qəbul etdiyini bildirmiş olmuşdur. Beləliklə də borc məbləği bu günə 791,42 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, İddiaçı sığorta şirkəti tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, qəza törədilmiş avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. Hadisə zamanı inzibati xəta törətmiş şəxs isə həmin avtomobili etibarnamə əsasında idarə etmiş Cavabdeh2dur. O, nə mülkiyyətçi deyil, nə də hər hansı hadisə və inzibati xəta törətməmişdir, həmçinin həmin avtomobillə bağlı İddiaçı sığorta şirkəti qarşısında hər hansı öhdəliyi və məsuliyyəti yoxdur. Eyni zamanda hadisənin nə vaxt, hansı şəraitdə, kimin tərəfindən törədilməsi barədə heç bir məlumatı olmayıb. O, yalnız təxminən 3 ay əvvəl İddiaçı sığorta şirkəti tərəfindən ünvanına göndərilmiş məktub əsasında hadisədən xəbərdar olmuşdur. Bu barədə İddiaçı sığorta şirkətinin nümayəndəsi ilə əlaqə saxladıqda ona bildirildi ki, hadisə törədildiyi ayda həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1 sizə də etibarnamə verib. Avtomobillə bağlı sürücülük hüququ olan qeyri-məhdud sayda şəxsə etibarnamə verə bilər. Bu da aydındır ki, mülkiyyətçinin etibarnamə verdiyi müxtəlif şəxslərdən biri inzibati xəta törətdikdə hadisəyə heç bir bağıllığı və aidiyyəti olmayan digər etibarnamə verilmiş şəxs heç bir məsuliyyət daşımır. Hadisəyə və inzibati xətaya heç bir bağlılıq və aidiyyəti, həmçinin digər cavabdehlərlə qohumluq əlaqəsi olmadığı aşkar surətdə bilinsə də təssüflər olsun ki, İddiaçı sığorta şirkətinin nümayəndəsi qeyri-səmimilik və qeyripeşəkarlıq nümayiş etdirərək vətəndaşın əsassız vaxt itkisinə məruz qoymaq və işgüzar mənafeyinə zərər vurmaqla təmsil etdiyi şirkətin nüfuzuna xələl gətirir. Odur ki, məhkəmədən iddia tələbinin ona aid hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2012-ci il tarixli Sığorta aktına əsasən X2 mülkiyyətində olan “İddiaçı Sığorta” şirkəti ASC tərəfindən sığortalanmış “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində “VAZ21074” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən 1120 manat ziyan dəymişdir. ABN 728537 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz-230 minik” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, "VAZ-21074" markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011 -ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. xx.xx.2012-ci il tarixli X4 görünür ki, “İddiaçı Sığorta” şirkəti ASC tərəfindən X3 1041 manat ödəniş edilmişdir. Avto Servis LTD tərəfindən verilmiş avtomobilə dəymiş zərərlə bağlı aktdan görünür ki, “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1120 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2012-ci il tarixli, 3(004)-556/12 saylı qərardandan görünür ki, xx xxx 2012-ci il tarixdə saat 00:46 radələrində Cavabdeh2 idarə etdiyi “VAZ 21074” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 2ci Alatavada yolun kənarında dayanan “Mercedes Benz-230” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmamış, lakin hər iki nəqliyyat vasitəsi zədələnmişdir. Bununla da Cavabdeh2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. xx.xx.2012-ci il tarixli Yol nəqliyyat hadisəsi barədə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “VAZ21074” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmçinin iş materiallarında olan kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən iddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin hesabına 250 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən könüllü avtonəqliyyat vasitələrinin sığortası edilmişdir. Məhkəmə araşdıması zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz-230” minik markalı, **-VG-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili etibarnaməsiz idarə edərkən “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən kasko sığorta edilmiş “Mercedes Benz 230” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə 1120 manat dəyərində zərər vurulmuşdur ki, həmin zərər “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobili etibarnaməsiz idarə edərək, təqsirli olduğu yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz-230” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğundan və həmin zərər “İddiaçı Sığorta” ASC ilə X5 arasında bağlanmış könüllü sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı “İddiaçı Sığorta” ASC tərəfindən ödənildiyindən, sonuncuda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 25-ci maddəsinə əsasən verilmiş sığorta ödənişi həcmində cavabdehlərdən vurulmuş zərəri tələb etməkdən ibarət subroqasiya hüququ yaranmışdır. Bundan əlavə “Mercedes Benz-230” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı məhz Cavabdeh1 mülkiyyətindədir və bilavasitə özü tərəfindən Cavabdeh2 istifadəsinə verilmiş olsa da, sonuncu tərəfindən etibarnaməsiz idarə olunmuşdur. Başqa sözlə, Cavabdeh2 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin iradəsi ilə sahiblik etmiş, lakin bu sahiblik qanuni əsaslarla rəsmiləşdirilməyərək əslində avtomobilin müvafiq hüququ olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaradılmışdır. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Mercedes Benz-230” minik markalı, **- VG-*** dövlət qeydiyyat nişanlı avtomobil hüququ olmayan şəxs tərəfindən idarə olunmasında Cavabdeh1 təqsirli olmuş və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmənin qənaətinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə həm yol-nəqliyyat vasitəsinin törədilməsində təqsirli bilinmiş Cavabdeh2, həm də yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsinin) sahibi Cavabdeh1 məsuliyyət daşımalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin iddia tələbi qismən əsaslı hesab edilməli, “Mersedes Benz 230” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 791,42 manat sığorta ödənişi məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi Cavabdeh3 pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, “Mersedes Benz 230” markalı, **-VG- *** dövlət qeydiyyat nişanlı avtomobilə inzibati xətanı törətmiş şəxs avtomobili etibarnaməsiz idarə edən Cavabdeh2, “Mersedes Benz 230” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi isə Cavabdeh1ludur. İş materiallarında olan Çıxarışdan görünür ki, Cavabdeh3 “Mersedes Benz 230” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək etibarnamə verilmişdir. Lakin hazırki mülki iş üzrə baş vermiş yol nəqliyyat nəqliyyat hadisəsi ilə onun heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “İddiaçı Sığorta Şirkəti” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. “Mersedes Benz 230” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 791,42 (yeddi yüz doxsan bir manat qırx iki qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1708/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1708/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver