Məhkəmə qərarları › İş №2(004)-1710/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1710/2021

29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1710/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri BDYPİ-nə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri BDYPİ-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara vurulan maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 5000 manat təzminatın Cavabdeh2 və Cavabdeh1 tutularaq onlara verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.1.2 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə təqdim etdikləri iddia ərizəsində Bakı şəhəri BDYPİ-ni cavabdeh kimi göstərsə də, həmin idarəyə (cavabdehə) qarşı iddia tələbinin nədən ibarət olması göstərilməməklə, iddia tələbi vurulan maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 5000 manat təzminatın Cavabdeh2 və Cavabdeh1 tutularaq onlara verilməsi olmuşdur. Bununla yanaşı iddiaçılar onlara vurulan maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 5000 manat təzminatın Cavabdeh2 və Cavabdeh1 tutularaq onlara verilməsini xahiş etsələr də, Cavabdeh2 və Cavabdeh1 ata adlarını qeyd etməmişlər. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə həmçinin bildirir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsi hər iki iddiaçı tərəfindən deyil, yalnız İddiaçı1 tərəfindən imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, İddiaçı1 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilsə də, iş materiallarında digər İddiaçı2 rüsumunun ödənilməsindən azad edilməsi və ya sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi barədə hər hansı bir sübutlar aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə yuxarıda sadalananlarla yanaşı iddiaçıların nəzərinə çatdırır ki, gələcəkdə Cavabdeh2 və Cavabdeh1 pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə, sonunculardan birinin rəsmi qeydiyyat ünvanı üzrə müvafiq məhkəmədə iddia qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə uyğun olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri BDYPİ-nə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar