Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1782/2025 27.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi ziyan) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının HMK-nın rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. Təhsili 9 sinifdir. Subaydır. Kafedə işləyir. Vaxtaşırı evdə gecələmir. Deməyinə görə psixoaktiv maddələr qəbul edir. İlk dəfə xx.xx.2015-ci il tarixdə Bakı şəhər 2 saylı X1 “Kəskin psixotik hal” diaqnozu ilə yerləşdirilib. xx.xx.2015-ci il tarixdə atasının ərizəsi əsasında xəstəxanadan evə yazılıb. Xəstəxanaya yerləşdirilməsinə səbəb kimi bildirilir ki, “evə gec gəldi, atası onu döydü, o da polisə şikayət etdi.” İkinci dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin xəstəxanada müalicədə olub. – “Həkimlərdən şikayət etmişdir ki, niyə onu 1 gün xəstəxanada saxlayıblar.” Professor G.Gəraybəyli tərəfindən baxılıb. Diaqnoz: “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmuş davranış pozuntuları ilə ifadə olunmuş davranış pozuntuları ilə” xx.xx.2017-ci il tarixdə AR SN-nin 1 nömrəli RPX-na göndərilib, lakin qəbuldan imtina edib. xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin məktubu və 9 saylı X6 göndərişi əsasında AR SN-nin 1 nömrəli RPX-na qəbul olub. xx.xx.2018-ci il tarixdə anasının ərizəsi əsasında tam müayinə olunmadan evə yazılıb. Əldə olan sənədlərdən – müxtəlif instansiyalara, əsasən də AR DİN-nin 102 xidməıtinə, digər hüquq mühafizə orqanlarına, habelə Respublika Rəhbərliyinə telefon vasitəsilə və yazılı şəkildə həqiqətə uyğun olmayan məlumatlar verir, əsassız şikayətlər yazır, iş prosesinin pozulmasına səbəb olur. Xəstəxanaya düşməzdən əvvəl Nəsimi RPİnin 7-ci PB-də, Bakı şəhəri Prokurorluğunda səs-küy salmış, iş rejimini pozmuşdir. xx.xx.2019-cu il tarixdə o həkim məsləhət komissiyası tərəfindən müayinə olunub. HMKnın baxış zamanı xəstənin psixi vəziyyəti düşüncəsi kobud pozulmayıb. Bələdliyi saxlanılıb. Narahatdır, əsəbidir. Çox sözlüdür, distansiya saxlamır. Uca səslə danışır. Cavabları ətraflıdır. Özünün ruhi xəstə olmadığını deyir. Evə buraxılmasını tələb edir. Hansı hüquq müfahizə orqanlarına və necə müraciət etməsi barədə təfərrüatı ilə danışır, etdiyi şikayətləri əsaslandırmağa çalışır. Əgər evə buraxılmazsa və ona sağlam olması barədə arayış verilməzsə yenidən şikayət edəcəyi ilə hədələyir. Danışdıqca aqressivlik nümayiş etdirir. PAM qəbul etməsini inkar etmir – “Kruqa düşmüşəm deyir”. Yuxarıda göstərilənlərə əsasən onun Komissiya belə qərar gəlmişdir ki, İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmuş davranış pozuntuları ilə, dekompensasiya halı. Anamnezində PAM qəbulu” diaqnozu aşkar edilir.
2. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Binəqədi rayon Plis İdarəsi 7-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika psixiatriya Xəstəxanasına ünvanlanmış xx.xx.2019-cu il tarixli 6808 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan psixi cəhətdən xəstə olan İddiaçı dəfələrlə, heç bir əsas olmadan psixi pozğunluqdan irəli gələn səbəblərdən müxtəlif instansiyalara, əsasən də Azərbaycan Respublikası DİN-n 102 xidməti-zəng mərkəzinə, həmçinin digər hüquq mühafizə orqanlarına, habelə Respublika rəhbərliyinə telefon vasitəsilə və yazılı şəkildə müraciətlər ünvanlayaraq öz psixi pozğun təxəyyülündə canlandırdığı hadisələr barəsində, həqiqətə uyğun olmayan məlumatlar verməklə barələrində əsası olmayan məlumatlar verdiyi şəxslərin rahatlığını pozumuş və müraciət etdiyi orqanların iş fəaliyyətinə dəfələrlə maneçilik yaradaraq qəbul edilmiş normalardan artıq sayda iş proseslərinin pozulmasına səbəb olmuşdur. Vətəndaş İddiaçı qeyd eidlən əməllərinin qarşısının alınması, gələcəkdə bir daha anoloji hallara yol verməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə onun müvafiq müalicə mərkəzlərinə yerləşdirilməsi üçün bir neçə dəfə müvafiq orqanlara müraciət edilmiş olsa da, bu müxtəlif səbəblərdən mümkün olmamış, sonuncu dəfə vətəndaş İddiaçı barəsində verilmiş sorğuya əsasən 2 nömrəli X3ndan alınmış məktubda sonuncuda “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmuş davranış pozuntuları ilə” diaqnozu müəyyən olunduğu və bu diaqnoz ilə onun evə yazıldığı göstərilmişdir. Bütün bu qeyd edilənlərlə yanaşı, vətəndaşı İddiaçı əsassız, həqiqətə uyğun olmayan məlumatları əsasında sonuncunun sakini olduğu ünvan üzrə daxil olan məlumatlar Binəqədi RPİ-nin 7-ci PB-nin aidiyyəti əməkdaşlarının iş yükünün lüzumsuz yerə artmasına şərait yaradır və əməkdaşları digər zəruri işlərindən ayıraraq məşğul edir. Bununla belə, İddiaçı barəsində onun valideynləri və onun yaxın qohumları tərəfindən sonuncunun müvafiq müalicə müəssisələrinə yerləşdirilməsi barədə dəfələrlə müraciətlər olunsa da, bu müraciətlər də nəticəsiz qalmışdır. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə də İddiaçı eyni əməllərini təkrar edərək, Bakı şəhər Prokurorluğunda əsassız yerə səs-küy salmaqla qurumun iş prosesini pozmuş və prokurorluq əməkdaşlarının narahatlıq və narazılığına səbəb olmuşdur.
3. Azərbaycan Respublikasl Səhiyyə Nazirliyini Tibbi Yardımın təşkili şöbəsinin müdirinə göndərilmiş məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2018-ci il tarixdə, saat 18:25 radələrində Nəsimi rayon 21-ci polis böləmsinin və BŞT və TTYS 9 saylı yardımçı stansiyasının göndərişi əsasında xəstəxanaya qəbul olunub. Xəstə qəbul olarkən bədənində çoxsaylı göyərmələr aşkarlanıb, akt tərtib olunub. Əldə olan məlumata əsasən o, əvvəllər 2 dəfə 2 saylı X3nda müalicədə olub. 19ş01ş2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatri professor G.Gəraybəylinin məsləhəti olmuş və “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmuş davranış pozuntuları ilə” diaqnozu təyin olunmuşdur. xx.xx.2018-ci il tarixdə 09:30 radələrində xəstənin valideynlərinə telefon onun xəstəxanada olması barədə məlumat verilib. Xəstənin anası qızının stasionar şəraitində müalicə olunmasından qəti imtina etdiyini bildirib. Bu səbəbdən onun ərizəsi əsasında həmçinin xəstənin müalicəyə ehtiyacı olmadığı üçün “Psixiatriya haqqında qanunun” 10.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə saat 13:30 radələrində xəstə anasının və bacısının müşayiəti ilə evə buraxılıb. Şöbədə olduğu müddətdə xəstəyə güc tətbiq olunmayıb və çarpayıya bağlanılmayıb.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 5991/2019 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika psixiatriya Xəstəxanasının ərizəsi təmin edilərək İddiaçı psixiatriya stasionarında müayinə və müalicə üçün qeyri-könüllü yerləşdirilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1401/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-5991/2019 nömrəli qətnaməsindən verilən şikayəti təmin edilməmiş və qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir.
6. 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1/2645 nömrəli məlumata əsasən İddiaçı təyin olunmuş diaqnoz psixi xəstəlik hesab edilmir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 2820 nömrəli məlumatı ilə İddiaçı sərhədli şəxsiyyət pozuntusu, uzunmüddətli kompensasiya halı F60.3 diaqonuzu qoyulduğu, Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 23 nömrəli qərarında göstərilən peşələr istisna olmaqla digər peşələrdə işləyə biləcəyi göstərilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat maddi ziyan, mənəvi ziyanın əvəzi olaraq 15000 manat olmaqla, ümumilikdə 25000 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, o hələ 2015-ci il tarixdə evdə atası X5 ilə yaranan münaqişədə onu döydüyü üçün Binəqədi Rayon 7-ci Polis Bölməsinə müraciət etmişdir. Buna baxmayaraq, sonradan həmin polis bölməsinin işçiləri tərəfindən və X8 Stansiyasının göndərişi ilə o məcburi qaydada xx.xx.2015-ci il tarixdə 2 nömrəli X1 stasionar müəlicə üçün göndərilmiş, orada 1 gün qaldıqdan sonra atasının ərizəsi ilə evə yazılsa da daha sonra xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi (8 gün) həmin Xəstəxanada yenidən məcburi qaydada müalicəyə alınmışdır. Lakin 2 nömrəli X3 nəticədə onu psixi xəstə kimi qiymətləndirmədiyinə və onu qəbul etmədiyinə görə sonradan 2017-ci ildə 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək və zorakıkıqla 1 saylı Respublika Psixatriya Xəstəxanasına məcburi qaydada aparılmışdır. 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gətirildiyində onun heç bir psixi xəstəliyi olmamasına və bu barədə hər hansı qanuni qiymətləndirilmə aparılmamasına görə etirazını bildirmişdir. Lakin həmin qurumun qadın şöbəsinin işçiləri onu vəhşicəsinə döyüb alçaldıcı hərəkətlər edərək onu çarpayıya bağlamışlar. Onlar başına və bədəninə çoxsaylı xəsarətlər yetirmişlər, ona naməlum iynələr vuraraq 3 gün o vəziyyətdə ac-susuz saxlayıb, ayaq yoluna belə getməyə icazə verməyərək qeyri-insani münasibət göstərmişlər. 1 saylı Respublika Psixatriya xəstəxanasının qadın şöbəsinin müdüri Cavabdeh dəfələrlə bildirmişdir ki, dəli olmasa da onu dəli edəcək və məhkəmə qərarı ilə xəstəxanada saxlanılmağıma nail olacaqdır. Sonra isə onu məcburi müalicə şöbəsinə yerləşdirmişlər. Orada Natiq və Qadir adlı həkim işçilər onun əlini-qolunu çarpayıya geyimsiz vəziyyətdə bağlayaraq 1 gün o vəziyyətdə saxlamışlar. Qeyri-insani rəftarlarla 1 ay həmin xəstəxanada qaldıqdan sonra onu evə buraxılmışdır. Sonradan 2018-2023-cü illərdə dəfələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına məcburi aparılmış, orada yenə qadın şöbəsinin işçiləri tərəfindən işgəncə və zorakılığa məruz qalmışdır. 2023-cü ildə isə Nəsimi rayonu 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 2 nömrəli X2 aparılan zaman xəstəxanada ona professor B.M.Əsədov tərəfindən baxış keçirilmiş və psixi xəstəliyinin olmaması rəsmi qaydada müəyyən olunmuşdur. Xəstəxananın Baş Həkimi X4 Nazirliyi Tibb Xidmətləri şöbəsinin müdiri Fazil Hüseynbeyova ünvanladığı müraciətində barəsində aparılan müayinə və ona təyin olunmuş diaqnozun psixi xəstəlik hesab edilmədiyi vurğulanmışdır. Aparılan müayinənin nəticəsinə və həmin rəsmi müraciətə baxmayaraq, 1 saylı Respublika Psixatriya Xəstəxanasının qadın şöbəsinin müdiri Cavabdeh yalandan “üzvi şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları” diaqnozu ilə qanunsuz və əsassız olaraq, o cümlədən şəxsi toxunulmazlıq hüququnu pozaraq məcburi şəkildə və qeyri-insani rəftarlarla onu dəfələrlə həmin xəstəxanada müalicəyə qəbul edib. O cinayət işinin başlanması haqqında Sabunçu Rayon Prokurorluğuna müraciət etsə də, prokurorluğun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Sonuncu dəfə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 2024-cü ilin mayavqust ayı ərzində 3 aylıq məcburi müalicəyə yerləşdirilmiş, xəstəxananın qadın şöbəsinin işçiləri tərəfindən yenidən işgəncələrə məruz qalmışdır. Artıq psixi xəstəxanada qeydiyyatı olduğuna görə və əsassız diaqnozlara görə o heç bir yerdə işə düzələ bilmir. Göründüyü kimi bu hadisələrlə əlaqədar işsiz qaldığına görə ona maddi olaraq da ziyan dəymişdir. Həmçinin qeyri-insani rəftar nəticəsində fiziki və mənəvi izdirablara məruz qalmışdır. Hazırda da Cavabdeh onu məhkəmə qərarı ilə daimi olaraq həmin xəstəxanaya yerləşdirəcəyi ilə hədələyir.
b) iddiaya etiraz
10. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, onu ailəsi mənzil mübahisəsi səbəbi ilə psixiatriya xəstəxanasına yerləşdirilmişdilər. Orada ona çoxlu işgəncələr verilmiş, onu vəhşicəsinə döyərək çarpayıya bağlamış və günlərlə ac-susuz bağlı vəziyyətdə saxlamışlar. Həmin müəssisədə ona verilən işgəncələrə isə Cavabdeh rəhbərlik etmişdir. O, hazırda işləyir, ailəsinə maddi cəhətdən köməklik göstərir. Atası ilə barışıb, o 1 nömrəli Respublika psixiatriya xəstəxanasına yerləşdirilən zaman cavabdeh onu döymüşdür. Bununla bağlı Sabunçu rayon prokurorluğuna dəfələrlə şikayət etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi bildirmişdir ki, iddiaçı özü də bildirdiyi kimi əmək qabiliyyətli şəxsdir. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş rəydən görünür ki, iddiaçının diaqnozu məcburi psixi müalicə tələb edən xəstəlik deyil. Lakin bunlara baxmayaraq iddiaçı dəfələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına qanunsuz olaraq yerləşdirilmiş və orada ona qarşı qanunsuz hərəkətlərə yol verilmişdir. Bu səbəbdən iddiaçının sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddiaçı onların müəssisədə olmamışdan əvvəl 4 dəfə 2 saylı Respublika Psixiatriya Xəstəxanasında olmuşdur və hər birində ora X8 maşını ilə aparılmışdır. İddiaçıda həkim rəyi ilə təsdiq edilmiş şəxsiyyət pozuntusu vardır. Həmçinin onların müəssisəsində müalicə olunarkən dəfələrlə hadisə törətmiş, tibb bacısının üzərinə bıçaq çəkmişdir. İddiaçının ev şəraitində müalicəsi mümkün deyildi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 22.1. Psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi , qeyri-könüllü hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir. Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir.
16. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
20. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında 2018-2023-cü il tarixlərdə dəfələrlə müalicə almaq üçün qeyri-könüllü yerləşdirilmişdir. İş üzrə Cavabdeh isə həmin xəstəxanada qadın şöbəsinin müdiri vəzifəsində çalışır.
21. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.
22. Bu yöndə iddiaçının tələbinin əsasını ümumən iki əsas təşkil edir ki, bunlardan birinci onun psixi vəziyyətinin sağlam olması, qeyri-könüllü psixatriya stasionarına yerləşdirilməsi üçün əsasların olmamasıdır.
23. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxsin qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsində hazırkı iş üzrə Cavabdeh məsul tutmaq mümkün deyil. Çünki, şəxsi qeyri-könüllü psixiatriya stasionarına yerləşdirmək hazırda psixiatriya xəstəxanasında şöbə müdiri olan cavabdehin şəxsi iradəsinə bağlı deyil.
24. “Psixiatriya yardımı haqqında” qanunun 22.1-ci maddəsinə əsasən psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi , qeyri-könüllü hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir.
25. Göründüyü kimi, şəxsin psixiatriya stasionarına yerləşdirmək üçün əsas qeyrikönüllü hospitallaşdırma zamanı məhkəmənin qətnaməsidir. Şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılmasına ehtiyacının olması isə həkim-psixiatr komissiyasının rəyi ilə müəyyən olunur.
26. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya psixiatriya stasionarında qaldığı müddət ərzində şiddət göstərildiyi, fiziki zor tətbiq edildiyi, nəticədə iddiaçının mənəvi zərərə uğradığı qeyd olunur ki, hazırkı işin mövcud sübutları ilə bu halların heç biri öz təsdiqini tapmır. Bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
27. Mülki hüquq pozuntusuna görə şəxsin məsuliyyətinin yaranması üçün ilk növbədə hüquqazidd əməl olmalı, bu əməl təqsirli olaraq törədilməli və əməllə dəymiş zərər arasında səbəbli əlaqə olmalıdır.
28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə