Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1785/2024 20.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azad oğlundan 2000 manat məbləğində borclu olduğu pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq da 500 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh barəsində pozulmuş hüquqlarının bərpası üçün ilkin olaraq Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixində Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1, icraatında olan HK-1/2989 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Qərarda qeyd edilmişdir ki, "Sumqayıt şəhəri 1-ci mikrorayon, ev 7/5, mənzil 15-də yaşayan İddiaçı Bəhrəm oğlu, 11,05.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzi sisteminə, xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, 2019cu ilin avqust ayında «Tap.az» internet saytında tanış olduğu İbrahim adlı şəxsə sonuncu dəfə Xırdalan şəhərində olmaqla 3 il müddətinə hər ay ona 270 manat pul verilməsinə görə, ümumilikdə İbrahim adlı şəxsə 2000 manat pul verilməsi, lakin sonradan həmin şəxs öz vədinə əməl etməməsi barədə məlumat vermişdir. Həmin raport üzrə Abşeron RPİ-nin TŞ-də araşdırma aparılmış xx.xx.2020-ci il tarixdə araşdırmanın davam etdirilməsi ona həvalə edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2019-cu ilin avqust ayında İddiaçı biznes fəaliyyəti ilə məşğul olmaq üçün “Tap.az” internet saytında elanlara baxarkən «hazır biznes» yazılmış elan görmüş və elanda göstərilən ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış, həmin şəxs özünü İbrahim kimi təqdim etmiş, Həsən biznes fəaliyyəti ilə məşğul olmaq istədiyini İbrahimə bildirmiş, İbrahim isə 2000 manat pul verməsini, əvəzində isə 1 il ona hər ay 270 manat pulu İbrahim Şükürova hissəhissə verəcəyini demiş, bundan sonra onlar müxtəlif vaxtlarda görüşmüşlər, İddiaçı hissə-hissə İbrahim Şükürova ümumilikdə 2000 manat pul vermiş, həmin puldan 400 manat pulu sonuncu dəfə Abşeron rayonu ərazisində vermişdir. İddiaçı vermiş olduğu 2000 manat pulun müqabilində, İbrahim Şükürov ona müqavilə vermiş və növbəti aydan ona 1 il müddətində hər ay 270 manat pul verəcəyi barədə öhdəlik götürmüşdür. Onlar öz aralarınca razılaşandan 20 gün sonra İddiaçı 2000 manat pulunu geri istəmiş, İbrahim Şükürov isə həmin 2000 manat pulu bir dəfəyə qaytara bilməyəcəyini, hissə-hissə ödəyəcəyini demişdir. İddiaçı onunla razılaşmamış, bu səbəbdən də onların arasında narazılıq yaranmış, İddiaçı pulun hamısını istəmiş, X3 2000 manat pulu bir dəfəyə qaytara bilməyəcəyini, İddiaçı razılaşarsa onun pulunu hissə-hissə qaytaracağına söz vermişdir. Belə olan halda toplanmış materiallardan görünür ki, İddiaçı Bəhrəm oğlu ilə X2 arasında olan məsələ mülki xarakterli olduğundan, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilməli, toplanmış materiallar saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin arxivinə verilməli, İddiaçı Bəhrəm oğluna mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir”. Hal-hazırda hesab edir ki, cavabdeh tərəfindən 2000 manat məbləğində pul vəsaiti tutulub ona verilməlidir. Qeyd etmişdir ki, daha əvvəl də Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sadəcə səhhətində olan narahatlıqlar səbəbilə məhkəmə iclasında iştirak edə bilməmiş və nəticədə iş baxılmamış saxlanılmışdır. Hal-hazırda müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi zəruri hesab edir. Qeyd etmişdir ki, cavabdeh onu aldatmaq üçün işə rəsmiyyət qatmaq niyyəti ilə ona möhürlü sənədlərə imza atmağını istəmişdir. Sonradan araşdıraraq müəyyən etmişdir ki, həmin sənəd də müqavilədir və öz adına qeydiyyatda olan şirkətin - İMEDİA Group MMC-nin möhürü ilə guya rəsmiyyət üçün zahiri görkəm yaratmışdır. Onun vahid niyyəti işə rəsmiyyət qatıb onu aldatması olmuşdur. İşə məhkəmədə baxılan zaman İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh Azad oğlundan 2000 manat borcun və 45 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Azad oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEDİA Group MMC (“İcraçı”) ilə İddiaçı (“İnvestor”) arasında müqavilə bağlanmış, “İnvestor” “İcraçı” tərəfə iş görülməsi üçün 2000 manat ödənişi müqavilə bağlandığı verilməsini öz öhdəliyinə, “İcraçı” “İnvestor”a İmedia Tv youtube kanalında yayımlanacaq “Qadın klubu” verilişinə maddi dəstəyi üçün son ödəniş verildiyi tarixdən başlayaraq hər 35-45ci günlər arasında minimum 270 manat olmaqla ödəniş edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron PRİ-nin İŞ-nin müstəntiqi Rövşən Mirəliyevin 01 iyun 2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış materialda İddiaçı Bəhrəm oğlu ilə X2 arasında olan məsələ mülkü xarakterli olduğundan, toplanmış materiallar üzrə cinayət işin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmçinin İddiaçı Bəhrəm oğluna mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı biznes fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cavabdeh X3 ilə razılaşaraq, ona 2000 manat pulu ödəyərək onunla müqavilə bağlamış, o isə əvəzində 01 il ona hər ay 270 manat pulu hissə-hissə verəcəyini bildirmişdir. Onlar öz aralarınca razılaşandan 20 gün sonra İddiaçı 2000 manat pulunu geri istəmiş, İbrahim Şükürov isə həmin 2000 manat pulu bir dəfəyə qaytara bilməyəcəyini, hissəhissə ödəyəcəyini demişdir. Hal-hazırda sonuncunun iddiaçıya 2000 manat məbləğində borcu qalmışdır. Sözü gedən bu hal iş materiallarında olan 06 sentyabr 2019-cu il tarixli müqavilə və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarla da, öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 397.1-ci maddəsinə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənimiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1785/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1785/2024
20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver