Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1786/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qanunsuz hərəkəti nəticəsində iddiaçıya vurulmuş 3827 manat məbləğində maddi, eyni zamanda 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Hyundai Santafe minik markalı, **- MX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda O.Vəliyev və Mingəçevir küçələrinin kəsişməsində hərəkətdə olarkən Cavabdeh yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq iddiaçının avtomobilinə ziyan vurmuşdur. İddia ərizəsinə tərəfindən əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP5949033 nömrəli inzibati xəta haqqında protokol və onun xx.xx.2024-cü il tarixli, TP6212392 nömrəli qərarından da göründüyü kimi Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində AR İXM-nin 327.2 və 327.6-cı maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli AA041/1100 nömrəli AKT-dan da göründüyü kimi avtomobilə 3709 manat məbləğində ziyan dəymişdir. Avtomobilin yoxlanılması üçün isə tərəfindən 118 manat ödənilmişdir. Hazırda cavabdeh dəymiş ziyanın qarşılanması üçün heç bir aktiv hərəkət etmir. Xüsusilə qeyd etmək istəyir ki, avtomobili hazırda istifadə edə bilmir. Bu da öz növbəsində iddiaçıya xeyli miqdarda maddi ziyan vurur. Çünki avtomobildən gündəlik istifadə etmək iddiaçının həyat tərzini daha da asanlaşdırırdı. Avtomobilindən məhrum olmağı bir çox çətinliklərlə üzləşməyinə səbəb olur. Xüsusilə qeyd etmək istəyir ki, avtomobil vurulduğu üçün onun orta bazar qiyməti də artıq azalmışdır. Yəni gələcəkdə həmin avtomobili satmaq istəsə belə onun dəyəri azalmış olduğu üçün orta bazar qiymətinə sata bilməyəcək. Buna görə də, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 3827 manat məbləğində maddi, 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, məhkəmə iclas katibi tərəfindən mobil nömrəsi ilə əlaqə saxlanılaraq məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb göstərmədən heç bir məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan BD485676 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2007-ci il buraxılışlı, “HYUNDAİ SANTAFE” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il saat 01.53 radələrində KHAZAR SD minik markalı **-PD-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “HYUNDAİ SANTAFE” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsinə ehtiyac olduğu ümumi məbləği 3709 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli servis iş kartından görünür ki, “HYUNDAİ SANTAFE” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin dəyişdirilən ehtiyat hissələrinə 118 manat ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh olan KHAZAR SD” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus “HYUNDAİ SANTAFE” minik markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında vermiş olduğu izahatında qeyd edir ki, avtomobilə dəymiş zərərdən cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Belə ki, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınıb, hazırkı işə baxılarkən məhkəmə iclaslarında iştirak etməyib, iddiaçının tələbinə və onun sübutlarına etirazını bildirməyib, özü isə məhkəməyə heç bir sübut təqdim etməyib. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya 3709 manat məbləğində maddi ziyan vurmuş və onun tərəfindən qeyd olunan avtomobilin təmirbərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfindən qüsur aktının alınmasına görə 118 (yüz on səkkiz) manat məbləğində xərc çəkilməsi sübuta yetirildiyindən, həmin xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia əsaslıdır və təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası KM-nin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqdisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci və 8-ci bəndində qeyd olunur ki, «..mənvəi zərər anlayışı şəxsin hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab veçirməsi vahid konteksdə olmalı, yəni şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərər çəkənin mənəvi sarsıntı və iztirablara qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini zərərvuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərər çəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İndiki halda cavabdehin mənə mənəvi zərər vurması işin faktiki hallarından da aydındır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində borcun qaytarılmaması nəticəsində ona mənəvi zərər dəydiyini bildirsə də, bunun nədə ifadə olunmasını, həmçinin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “HYUNDAİ SANTAFE” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişalı avtomobilə vurulmuş zərərə görə 3709 manat və çəkilmiş xərc 118 manat olmaqla cəmi 3827 (üç min səkkiz yüz iyirmi yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3709 manat, qüsur aktının alınmasına görə çəkilmiş xərc 118 manat olmaqla, cəmi 3827 (üç min səkkiz yüz iyirmi yeddi) manat məbləğində pul İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1786/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1786/2024
22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver