Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-181/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 6867 manat, evinə dəymiş ziyana görə 400 manat, mənəvi ziyana görə 2000 manat olmaqla, ümumilikdə 9267 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə onun arasında bağlanmış, 14 aprel 2014-cü il tarixli 4706/T-14 saylı kredit müqaviləsinin təminatı kimi bank STŞ Turan” MTK və onunla öhdəliyə dair müqavilə bağlanmışdır. Həmin nüqaviləyə əsasən o, Sumqayıt şəhəri, Bakı küçəsi, 40-cı məhəllə ünvanında, 2 bloklu ümumi sahəsi 128.5 kv.m, 3 otaqlı 56 saylı mənzili banka ipotekaya qoyaraq öz adına almışdır. Müqavilənin 1.1-ci bəndinə göstərilən 3 otaqlı, ümumi sahəsi 128.5 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 500 (beş yüz) manat, ümumi qiyməti 64250 manat məbləğində müəyyən edilmişdir. O, mənzilin dəyərinin 14000 manatını nəğd qaydada, ilkin ödəniş şəklində, 50250 manatını isə bankdan alınmış kredit vəsaiti hesabına 1 aydan gec olmayaraq ödəmişdir. Halbuki DƏDRX-yə məxsus 2 saylı ərazi idarəsinin verdiyi Texniki Pasport və DƏDRX-nə məxsus RX seriyalı ******* saylı Çıxarışı aldıqdan sonra məlum olmuşdur ki, Sumqayıt şəhəri, Bakı küçəsi, 40-cı məhəllə ünvanında yerləşən 56 saylı mənzilin ümumi sahəsi 128.5 kv.m, deyil 117.6 kv.m-dir. Arada 10.9 kv.m fərq yarandığından bu fərqə görə dəymiş 6867 manat ziyan cavabdehdən alınaraq ona ödənilməlidir. Ev girovda olduğu üçün bank 14% üstünə gəlmişdir. Buna görə də aylıq ödəniş 630 manatdan hesablanmışdır. 10.9 x 630 = 6867 manat yaranmışdır. Məlum olur ki, o Sumqayıt şəhəri, Bakı küçəsi, 40-cı məhəllə ünvanında, 2 bloklu ümumi sahəsi 128.5 kv.m, 3 otaqlı 56 saylı mənzili banka ipotekaya qoyaraq öz adına alaraq müqavilənin 1.1-ci bəndində göstərilən 3 otaqlı, ümumi sahəsi 128.5 kv.m olan mənzilin hər kv.m-nə tərəflərin razılaşması ilə 500 (beş yüz) manat, ümumi qiyməti 64250 manat ödəmişdir. Lakin o, qeyd olunan mənzilin 128.5 kv.m olan hər kv.m-nə 500 (beş yüz) manat ödəməli deyilmiş. O DƏDRX-nin verdiyi çıxarışa əsasən orada qeyd olunan 117.6 kv.m olan və hər kv.m-nə 500 (beş yüz) manat pulu ödəməli idi. Hal-hazırda dəymiş maddi ziyan olan 6867 manatın ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, binanın su təchizat borularında yaranmış problemə görə boru partlamış və evini su basmışdır. Buna görə də ona dəymiş ziyanın ödənilməsi tələb olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunun uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh "xxxx" MTK məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, iddiaçı X3 ilə cavabdeh STŞ-Turan MTK arasında bağlanmış 11.04.2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, Bakı küçəsində inşa etdiyi 16 mərtəbəli, 2 bloklu binada yerləşən ümumi sahəsi 128.5 kv.m olan mənzili iddiaçıya satmağı, iddiaçının isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən 3 otaqlı, ümumi sahəsi 128.5 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 500 manat, mənzilin ümumi qiyməti isə 64250 manat məbləğində müəyyən edilmişdir. İddiaçı mənzilin dəyərindən ilkin olaraq 14000 manat ödəniş etmiş, qalan 50250 manat dəyərini isə 14.04.2014-cü il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC-dən aldığı kredit hesabına ödəmişdir. Belə ki, "xxxx" ASC ilə iddiaçı X3 arasında bağlanmış 14.04.2014-cü il tarixli, 4706/f-14 saylı kredit müqaviləsinə əsasən, bank iddiaçıya illik 14 faizlə, 60 ay müddətinə 50250 manat məbləğində kredit vermiş və kredit müqaviləsinin təminatı kimi Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən 128.5 kvəm sahədən ibarət 56 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışında Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilin ümumi sahəsinin 117.6 kv.m olması qeyd edilmişdir. İddiaçı ona məxsus olan sözü gedən mənzilin ümumi sahəsinin 128.5 kv.m deyil 117.6 kv.m əsas gətirərək, dəymiş maddi ziyana görə cavabdehdən 6867 manat məbləğində pul vəsaiti tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyəminməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununun 5-ci bəndinə əsasən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 11.04.2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, Bakı küçəsində inşa etdiyi 16 mərtəbəli, 2 bloklu binada yerləşən ümumi sahəsi 128.5 kv.m olan mənzili iddiaçıya satmağı, iddiaçının isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüş və iddiaçı tərəfindən götürülmüş öhdəliklər tamami ilə yerinə yetirilmişdir. İş materialları eyni zamanda DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışında isə Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilin ümumi sahəsinin 117.6 kv.m olması qeyd edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2403 saylı, 05.08.2021ci il tarixli rəyi ilə Sumqayıt şəhəri, ünvan 1 ünvanda yerləşən 56 saylı mənzilin daxili sərhədləri (içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlarda daxil olmaqla) nəzərə alınmaqla ümumi sahəsinin 120.5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin dəymiş maddi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 6867 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 4000 manat (128.5 kv.m – 120.5 kv.m = 8 kv.m (əksik sahə) * 500 (1 kv.m üçün hesablanmış qiymət) = 4000 manat) məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin iddiaçının evinə dəymiş 400 manat ziyanın tutulması ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən sözü gedən məbləğdə ona ziyanın dəyməsinə məhkəməyə hər hansı tutarlı sübutlar təqdim edilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan əlavə Qərarın 8-ci bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsiaydınlaşdırılmalıdır. 2-ci bəndində isə göstərilmişdir ki, mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim olunmamışdır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MTK-dan 4000 (dörd min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50%-i, yəni 50 (əlli) manatı iddiaçıdan, digər 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MTK-dan tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 4000 (dörd min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50%-i, yəni 50 (əlli) manatı iddiaçıdan, digər 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MTK-dan tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-181/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-181/2021
22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver