Məhkəmə qərarları › İş №2(004)-182/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-182/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-182/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sabiq oğlu Cavabdeh qarşı “maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə 288350 manat, mənəvi zərərə görə 50000 manat, əldən çıxmış faydaya görə 300000 manat və 929 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 639279 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onun 2014-cü ilin may ayında yaşadığı binada qonşusu olan və uzun müddətdir ki, tanıdığı mərhum X1 Musayev ona yaxınlaşaraq, yoldaşının əmisi oğlu Cavabdeh “Azərsun” şirkətində mühasibatlıq şöbəsində işlədiyini, dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısını həyata keçirdiyini bildirmişdir. Həmçinin, Anarın dediyinə görə cüzi pulla bu işləri gördüyünü, hər hansı bir problem olmadığını, yaxşı gəlir əldə edildiyini bildirmişdir. Cavanşir Musayev ona iş adamı olduğunu, əlində müəyyən qədər pul vəsaitləri olduğunu, həmin dövrdə də işlərin bir az durğunlaşdığını bildirib, ondan Anara pul verməsini və onun bu işləri genişləndirərək yaxşı gəlir ötürməsini demişdir. Bu məqsədlədə 2014-cü ilin iyun ayının əvvəlində Cavabdeh, Cavanşir Musayev və o görüşərək söhbət etmişlər. O, Cavabdeh bu işin qanuni olub-olmaması, hər hansı bir təhlükənin olub-olmamasını soruşmuşdur. Cavabdeh “Azərsun” şirkətində maliyyə idarəsinin rəis müavini vəzifəsində işlədiyini, həmin şirkətə lazım olan dəftərxana ləvazimatının alınması və “Azərsun” şirkətinə satılmasının ona həvalə edildiyini, hər hansı bir problemin olmadığını, işin qanuni olduğunu, özünün də şirkəti olduğunu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dəftərxana ləvazimatlarının satışını həyata keçirən şirkətlərdən topdan satış qiymətinə dəftərxana ləvazimatlarını öz şirkətinə aldığını, alınana ləvazimatların üzərinə 15 faizini əlavə etməklə “Azərsun” satdığını, bu işi ona həvalə edən “Azərsun” şirkətində rəhbərlikdə işləyən bir nəfər türkiyəli şəxsə hər ayın əldə olunmuş 15 faiz gəlirin 7 faizini həmin şəxsə, qalan 8 faizinin 4 faizini ona verəcəyini, digər 4 faizinin 3 nəfər arasında bölünəcəyini bildirmişdir. Beləliklə, xx.xx.2014-cü ildə o, Cavabdeha 40000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Bundan sonra onlar xx.xx.2014-cü ildə ona 1500 (min beş yüz) ABŞ dolları və xx.xx.2014-cü ildə 1500 (min beş yüz) ABŞ dolları məbləğində pul verərək, bu işdə hər hansı bir problem və narahatçılığın olmadığını, əksinə əlavə pula ehtiyac oluğunu bildirmişlər. O, həqiqətən də işin yaxşı getdiyini görüb, bu məqsədlə də 18 avqust 2014-cü ildə əlavə 40000 (qırx min) ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Bundan sonra üç ay ardıcıl həmin şəxslər ona 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pul vermişlər. 2014-cü ilin dekab ayında həmin şəxslər ona görülən işlərin həcmini böyütməyə ehtiyac yarandığını, sadəcə olaraq kənar şəxsləri bu işə qatmaq gələn xeyiri kənar şəxslərə vermək istəmədiklərini, azdan-çoxdan bir-birilərini tanıdıqlarını, elə imkan varsa pulu onun artırmasını bildirmiş, o da onlara inanıb əlavə 100000 (bir yüz min) ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Daha sonra eyni qaydada 2015-ci ilin fevral ayında əlavə 100000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. 2015-ci ilin fevral ayında pulu verdikdə Cavabdeh onu daha da həvəsləndirmək və inandırmaq üçün pulları ona verəndən sonra 2015-ci ilin fevral ayında öz mülkiyyətində olan və Xaçmaz rayonunda yerləşən 1.5 ha torpaq sahəsinə dair Çıxarışın sürətini ona verərək, narahat olmamasını, onun puluna heç nə ola bilməyəcəyini, ən pis halda mülkiyyətində olan torpağın dəyərinin bir milyondan artıq olduğunu, torpağı satıb onun pulunu verəcəklərini bildirdiklərindən, o, daha da güvənmişdir. Beləliklə, 2016-ci ilin may ayından 2016-cı ilin iyun ayınadək əlavə 320000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, ümumilikdə Cavabdeh 2016-cı ilin iyun ayınadək 600000 (altı yüz min) ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. 2015-ci ilin sentyabr ayının 15-də Cavabdeh atası Namiqin onun söhbəti olduğunu və bu məqsədlə də onunla görüşmək istədiyini bildirmiş və o, razılaşmışdır. 15 sentyabr 2016-cı ildə Cavabdeh, atası Namiq Əfəndiyevlə gələrək onunla görüşmüşlər. Anarın atası Namiq Əfəndiyev bütün söhbətlərdən, işlərdən xəbərdar olduğunu, ümumi pulun miqdarı 600000 (altı yüz min) ABŞ dolları təşkil etdiyini bildirmiş, həmin vaxt o, Namiq Əfəndiyevə əgər işlərdə nəsə problem varsa onun verdiyi pulları qaytarmalarını demişdir. X2 heç bi- problem olmadığını, onun oğlunu və onun gördüyü işləri yaxşı bildiyini, oğlu Anarın işgörən adam olduğunu, oğlunun gördüyü işlərdə heç bir problem ola bilmdiyini, çox etibarlı oğlan olduğunu və sair. bildirmişdir. Cavanşirin isə onların kürəkəni olduğunu, yəni heç nədən narahat olmağa dəymədiyini bildirib, yaxşı bir iş olduğu üçün əlavə 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul lazım olduğunu və bu işə əlavə pul verməli olmasının daha məqsədəmüvafiq olduğunu demişdir. O, artıq bu işlərə Anarın atasının da qoşulduğunu, hər hansı bir problem yaranmayacağını düşünüb, bundan sonra 160000 (bir yüz altmış min) ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh də onu əmin etmək üçün həmin vaxt Bakı şəhəri, Buzovna kəndində yerləşən villasına dair Cavanşirin adına baş etibarnamə vermişdir. Bundan sonra 15 oktyabr 2016-cı il tarixdə Cavabdeh ona Heydər Əliyev adına Fondun əməkdaşlarının gələrək bütün pulları götürdüklərini, artıq kassada pul qalmadığını demişdir. Bu zaman o, verdiyi pulların necə qaytarılacağını soruşmuşdur. Cavabdeh söhbətə atası Namiq Əfəndiyevi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işləyən qardaşı İlqar Əfəndiyevi gətirərək, ona qısa müddət ərzində onun pullarını qaytaracaqlarına zəmanət vermişlər, yəni Anarın adına olan Xaçmaz rayonu Xudat şəhərində yerləşən 1 ha torpaq sahəsini və Buzovna kəndində olan bağ evlərini satıb onun pulunu qaytaracaqlarını demişlər. Lakin onun pulunu qaytarmamışlar. O, Buzovna kəndində yerləşən bağ evinə dair Cavanşirin adına verilmiş etibarnamənin ləğv olunduğunu, eyni zamanda Cavabdeh adına olan Xudat şəhərindəki torpaq sahəsinin atası Namiq Əfəndiyevin adına keçirildiyini və Cavabdeh rəsmi olaraq yalandan ailəsindən boşandığını öyrənmişdir. Cavabdeh və atası Namiq Əfəndiyev ona 2016-cı ilin dekabr ayınadək ondan aldıqları pulun bir hissəsini bağlayacaqlarına söz vermiş, lakin yanvar ayınadək heç bir ödəniş etməmişlər. 05 yanvar 2017-ci ildə Cavabdeh hansı məbləğdə borcunun olması barədə akt yazaraq, hissə-hissə ödənilməsi qrafikini də həmin aktda qeyd etmiş olsa da, yenə də hər hansı bir ödəniş etməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh bir neçə nəfərin etibarını qazanaraq eyni üsulla aldadaraq Cövdəd adlı şəxsdən 250000 ABŞ dolları, Orxan adlı şəxsdən 160000 ABŞ dolları, Kamil adlı şəxsdən isə 30000 ABŞ dolları məbləğində pul vəsaiti alaraq onları da aldatmış və onlara da qeyd olunan məbləğlərdə borcu vardır. Onlar Cavabdeh barəsində Nəsimi rayon Polis İdarəsinə şikayət ərizəsi vermişlər, həmin vaxt müəyyən olunmuşdur ki, Anarın ona 760000 ABŞ dolları borcu vardır. Onu polis idarəsinə dəvət edərkən, o Anara qarşı şikayəti olmadığını bildirmişdir. Belə ki, həmin vaxt Anarın atası və özü söz vermişlər ki, o, şikayətçi olmasa onlar qısa zamanda ona olan bütün borcu qaytaracaqlar. O, artıq başa düşmüşdür ki, Cavabdeh ona aylıq verdiyi pul elə onun külli miqdarda verdiyi pullardan imiş, yəni Anar onun verdiyi pullardan az miqdarda aylıq ona qaytarmaqla məqsədi onun etibarını qazanmaq olmuşdur. O, bu barədə Anarın özü ilə danışmış, bunun nə məsələ olduğunu və başqalarına da borcunun olduğunu soruşmuş, Anar isə cavabında heç nədən narahat olmamasını, 2017-ci ilin fevral ayınadək borcdan 160000 ABŞ dollarını qaytaracaağını bildirib, bu barədə WhatsApp şəbəkəsi vasitəsi ilə də səsli mesaj göndərmişdir. Lakin 5 fevral 2017-ci il tarixdə onlara heç bir ödəniş etmədən naməlum istiqamətdə yoxa çıxmışdır. Bundan sonra öyrənmişlər ki, Xudat şəhərində yerləşən torpaq sahəsi borclu olduğu Cövdətin adına rəsmiləşdirilmiş, Bakı şəhərində yerləşən 5 mərtəbədəki binada olan 3 otaqlı mənzil digər borclu olduğu şəxs Orxanın adına rəsmiləşdirilmişdir. Hansı ki, həmin şəxslər Cavabdeh Nəsimi RPİ-ə şikayət etmişlər, həmin şikayətdən sonra mənzil və torpaq sahəsi onların adlarına keçmişdir. Hazırda da, Cavabdeh tərəfindən ondan almış olduğu puldan hər hansı bir ödəniş edilməmişdir. Bundan sonra dəfələrlə Cavabdeh və onun valideynləri ilə əlaqə saxlamış, onlar hər dəfə onu razı salaraq pullarını yaxın zamanda qaytaracaqlarını, özlərinə məxsus mülklərini satıb pulunu qaytaracaqlarını bildirsələr də, bu günədək ona hər hansı bir məbləğdə pul qaytarmamışlar. Onun müvafiq şikayət ərizələri əsasında Cavabdeh barəsində cinayət işi başlanmış, onun Respublika ərazisində olmadığı müəyyən edildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilmiş və o, Ukrayna Respublikasının Kiyev şəhərində tutularaq Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilmişdir. Bundan sonra təxminən 2 ilə yaxın istintaq aparılmış və ittiham aktı təsdiq edilərək cinayət işi aidiyyatı üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-205/2023 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərər çəkmiş şəxs İddiaçı mülki iddiası qismən təmin edilməklə, təqsirləndirilən şəxs Cavabdeh alınıb İddiaçı xeyrinə 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manat pulun tutulması, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması hökm edilmiş və ona mülki iddianın qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1411/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh cinayət əməlləri nəticəsində ona külli miqdarda, yəni 760000 ABŞ dolları ziyan vurulmuş, həmin ziyandan 171.147,64 manatı Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh tutularaq ona ödənilməsi qeyd edilmiş, belə olan halda ona dəymiş ziyanın qalan hissəsi isə mülki qaydada cavabdehdən tutulmalıdır. Eyni zamanda mülki cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi istirablar, sarsıntılar çəkmiş, ona mənəvi zərər vurulmuş, həmçinin həmin pul ona vaxtında qaytarılsaydı o, həmin pulu ticarətə, dövriyəyə və ya banka qoyub aylıq gəlir əldə etmiş olardı. Ona görədə hesab edir ki, mülki cavabdehdən 170000 ABŞ dolları (Azərbayacan manatına məzənnəsində 289000 (iki yüz səksən doqquz min)) manat maddi ziyandan əlavə 50000 manat mənəvi zərər və 300000 manat əldən çıxmış fayda tutularaq ona ödənilməlidir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cavabdeh ondan aldığı 760000 ABŞ dollarından 490000 ABŞ dollarını qaytarmış (həmin vaxtın Azərbaycan manatına məzənnəsi ilə) 270000 ABŞ dollarını isə qaytarmamışdır. Həmin puldan 170,684,96 manatını cinayət işi üzrə mülki iddia qismən təmin edilərək cavabdehdən tutulması qeyd edilmişdir. Lakin hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə düzgün deyildir, belə ki, cavabdehdən tutulmalı olan 270000 ABŞ dolları hazırda Azərbaycan manatına ekvivalentində 459000 manat təşkil edir və həmin puldan isə məhkəmə yalnız 170,648,96 manatını tutmuşdur. Hazırda həmin puldan 288350 manat açıq qalmışdır. Bu səbəbdən də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(004)- 182/2024 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hökmdən görünür ki, cavabdehin törətdiyi törətdiyi əməllər nəticəsində iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. Bundan əlavə, uzun müddətdir ki, cavabdeh vurduğu ziyanla bağlı demək olar ki, heç bir ödəniş etməmişdir. Bunun nəticəsində iddiaçı mənəvi iztirab, mənəvi zərər də çəkmişdir. Bundan başqa iddiaçı həmin pulu banka qoymuş olsaydı, bankdan gəlir, fayda əldə edə bilərdi. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı kommersiya sahəsində fəaliyyət göstərir. İddiaçıya 2016-cı ilin oktyabr ayında sonuncu dəfə ödəniş olunmuşdur. Həmin tarixdən sonra heç bir ödəniş olunmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Cavabdeh istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə iclaslarında cinayətin törədilməsində özünü təqsirli bilməmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı ona faizə pul vermişdir. Bugünkü gündə Cavabdeh öz hesablamalarına əsasən istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə iclaslarında iddiaçıdan aldığı pulu artıqlaması ilə qaytardığını bildirmişdir. Sadəcə olaraq ona təqdim edilmiş pul vəsaitləri artıq məbləğdə göstərilmiş, elə məbləğlər var ki, ümumiyyətlə nəzərə alınmamışdır. Hökmə əsasən mülki iddia qismən təmin edilmiş və cavabdehin cəzaçəkmə müəssisəsində aldığı əmək haqqından iddiaçıya müəyyən ödənişlər edilir. İddiaçı tərəfindən əldən çıxmış fayda ilə bağlı müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əldən çıxmış fayda kreditor borclu münasibətlərinə tətbiq olunur. Tərəflər arasında heç bir iş birliyi müqaviləsi, dövlət qeydiyyatından keçmiş hər hansı müqavilə, dövlətə ödənilmiş vergi olmamışdır. Belə olan halda iddiaçının əldən çıxmış fayda ilə bağlı bildirdikləri yalnız onun mülahizələridir. Göstərilənlərə əsasən, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-205/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, zərər çəkmiş şəxs İddiaçı mülki iddiasının qismən təmin edilməklə təqsirləndirilən şəxs Cavabdeh alınıb İddiaçı xeyrinə 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manatın tutulması, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması, ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-1411/2023 saylı qərardan görünür ki, mülki iddiaçı-zərər çəkmiş şəxs İddiaçı, məhkum Cavabdeh və müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 1(101)-205/2023 saylı hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-385/2024 saylı qərarından görünür ki, məhkum Cavabdeh və müdafiəçisi Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı və nümayəndəsi Vəkil1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının sağlamlığına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi müəyyən edilmiş və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəydiyi öz təsdiqini tapdığından ona dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Bununla belə, məhkəm hesab edir ki, dəymiş zərərin məbləğinə münasibətdə iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, işin araraşdırılmış hallarından da görünüdüyü kimi, cavabdeh tərəfindən İddiaçı etibarından süi-istifadə etməklə dələduzluq yolu ilə onun külli miqdarda pulunu ələ keçirməsi nəticəsində onun fiziki əzab çəkməsinə, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir. Bununla belə, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 5 000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə, iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı pulunun cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi nəticəsində həmin pul məbləğindən faydalana bilməməsi, pul məbləği özündə olacağı təqdirdə hansı işlər görə biləcəyi və gördüyü işlərin müqabilində nə qədər gəlir əldə edə biləcəyi barədə hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, nə də öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 859 (səkkiz yüz əlli doqquz) manat (929- 70=859) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 859 (səkkiz yüz əlli doqquz) manat (929-70=859) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar