Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-183/2024 08.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin (Ailə TV) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (Ailə TV) qarşı mənzilinə vurulan zərərin əvəzinin və mənəvi zərərin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (Ailə TV) qarşı mənzilinə vurulan zərərin əvəzinin və mənəvi zərərin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, yaşadığı ünvan 1 ünvanda yerləşən evə və digər əmlakına cavabdehlərin vurduğu maddi zərərin əvəzi olaraq 3000 manatın və mənəvi zərərin əvəzi olaraq 2000 manatın, ümumilikdə 5000 manatın cavabdehlərdən müştərək qaydada, yəni 1500 manat maddi zərərin əvəzi və 1000 manat mənəvi zərərin əvəzi olmaqla 2500 manatın Cavabdeh1 MMC-dən və 1500 manat maddi zərərin əvəzi və 1000 manat mənəvi zərərin əvəzi olmaqla 2500 manatın Cavabdeh2 MMC-dən alınıb ona verilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişin və balkonun müştərək qaydada cavabdehlərin hesabına təmir edilməsi, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdehlərin ucbatından mənzilinə tez-tez zərər dəyir. Onların avadanlıqları məzilinin üstündəki damda yerləşir. Hər dəfə ildırım çaxanda evində fəsadlar yaranır, məhz bloksxemin yerləşdiyi ön hissədə, yəni qonaq otağı və aynabənd, mətbəx və hamam-tualet hissədə lampalar tez-tez partlayır. 3 dəfə 112-yə zəng edib. Cavabdehlərin ucbatından 1600 manat dəyərində soyuducu, ayaqyolunun 25 manat dəyərində vintilyatoru, 25 manatlıq və 20 manatlıq iki telefon aparatları sıradan çıxıb. Dəfələrlə patronları dəyişdirmiş, lakin yenə də zərər təkrar olunur, çilçıraqlar və elektrik xətləri sıradan çıxıb. Həmçinin cavabdehlərin kabeli çəkdikləri yerdə aynabəndin tavanı küncdən zədələnmişdir və nəticədə həmin hissə getdikcə sıradan çıxır, nəmişlik artır. Bunun nəticəsində aynabənddəki kafellər də boşalıb və tökülmək üzrədir. Beləliklə də cavabdehlərdən dəfələrlə tələb etsə də, onlar avadanlıqlarını götürmürlər və zərər vurmaqda davam edirlər. Bəlkə də çox adam qəribə gələ bilər, lakir bütün bunlar həqiqətdir və cavabdehlərin ucbatından şimşək çaxanda onlar evdə neft lampası yandırmalı olurlar, elektrikdən istifadə edə bilmirlər. Buna görə ona həm də mənəvi zərər vurmuş olurlar. Üstüstə mənzilinə və digər əmlakına vurulan maddi zərər 3000 manat və mənəvi ziyan 2000 manat olmaqla, ümumilikdə 5000 manat təşkil edir, cavabdehlər bu zərəri müştərək qaydada vurublar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin (Ailə TV) nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Belə ki, onların İcra Hakimiyyəti ilə müqavilələri var, aylıq pul ödəyirlər. Sadəcə onların qurğuları bloklarda quraşdırılıb, kim istəyir çöldən kabellər çəkilir. Onların iddiaçının evi ilə heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu hüquqi ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə iclası barədə bildiriş cavabdehin elektron kabinetinə yerləşdirilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC-nin 13-13/2-1/16-1670/2024 saylı, 08 fevral 2024-cü il tarixli məktubuna əsasən ünvan 2 ünvanında yerləşən mənzilin elektrik enerjisi təchizatında hər hansı bir qüsurun olub-olmamasına dair məlumatın təqdim edilməsi ilə bağlı 2(004)- 4667/2023 nömrəli məhkəmə işi üzrə 28 dekabr 2023-cü il tarixli müraciətə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmış, müraciətə cavab olaraq bildirilmişdir ki, qeyd olunan mənzilə baxış keçirilmiş və elektrik enerjisi təchizatında (elektrik qurğularında, mənzilin çıxış və mənzilədək olan xətlərdə) hər hansı bir qüsur aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/8409-9/8701 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 34A ünvanında yerləşən mənzilin yerləşdiyi binanın blokunda və dam hissəsində cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə aid tv, internet siqnallarının ötürülməsi üçün nəzərdə tutulan paylayıcı qutular quraşdırılmışdır. Göstərilən ünvanda quraşdırılmış Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə aid olan paylayıcı qutuların tv, internet siqnallarının ötürülməsi üçün nəzərdə tutulduğunu və qeyd olunan qutuların elektrik şəbəkəsindən qidalanmadığını nəzərə aldıqda, həmin paylayıcı qutuların mənzilin elektrik sisteminə, həmçinin elektrik sisteminə qoşulu olan qurğulara hər hansı ziyanın vurması mümkün deyildir və səbəbli əlaqəsi yoxdur. Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 34A saylı evin 24 saylı mənzilin açıq eyvan tikilisinin divarlarına vurulmuş kafel üzlüklərin qabarmasını, çatlamasını və aralanmasını, eyni zamanda mənzilin elektrik xəttinin bir hisssəsinin sıradan çıxmasını nəzərə alaraq, Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 34A saylı evin 24 saylı mənzilinə ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 34A saylı evin 24 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1186,0 manat məbləğində müəyyən olunmuşdur. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarını pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus evinə və orada yerləşən əmlaka cavabdehlərə məxsus bütün avadanlıqların, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərində yerləşdirilməsi nəticəsində ümumilikdə 5000 manat məlbəğində ziyanın dəyməsini iddia etsə də, bu barədə məhkəməyə hər hansı tutarlı sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəyin idiaçının əmlakına, yəni mənzilin açıq eyvan tikilisinin divarlarına vurulmuş kafel üzlüklərin qabarması, çatlaması və aralanması, eyni zamanda mənzilin elektrik xəttinin bir hisssəsinin sıradan çıxmasını nəzərə alaraq, Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 34A saylı evin 24 saylı mənzilinə ziyan vurulduğunun müəyyən olunması və mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 1186,0 manat məbləğində müəyyən olunması ilə bağlı hissəsi iddianın əsaslı olmasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilməz. Belə ki, mənzilin təmirə ehtiyacı olması müəyyən edilsə də, movcud ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqəni olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (Ailə TV) qarşı mənzilinə vurulan zərərin əvəzinin və mənəvi zərərin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (Ailə TV) qarşı mənzilinə vurulan zərərin əvəzinin və mənəvi zərərin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-183/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-183/2024
08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver