Məhkəmə qərarları › İş №2(004)-1832/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1832/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1832/2025 05.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı maddi və mənəvi ziyana görə pul və s. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı maddi və mənəvi ziyana görə pul və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi ərizə, qanunvericliklə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuşdur və ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsində cavabdehlər qismində Cavabdeh2, Cavabdeh3, X1 və “** AZ ***” maşını idarə edən şəxs qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə cavabdehin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanının göstərilməsi zəruridir. Bundan əlavə iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri, eləcə də müvəqqəti təminat tədbirini də haaırki icraata birləşdirmişdir. Belə ki, iddianın xahiş edirəm hissəsində “maddi və mənəvi ziyana görə pul” tələbi ilə “kirayədə qalanların mənzili tərk etməsi” tələbləri və “mənzilə suyun verilməsi” barədə müvəqqəti təminat tədbiri birləşdirilmişdir. Belə olan halda hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin müvafiq maddəsinin tələblərinə əməl edilmədən verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı maddi və mənəvi ziyana görə pul və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar