Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1856/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 5000 manat maddi, 3000 manat mənəvi ziyan, cəmi 8000 manat pulun cababdeh Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci il tarixli, 133856 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 1, 9 mərtəbəli yaşayış binasının mərtəbəsində şəxsi mülkiyyətində olan 1 otaqlı 16,59 kv.m. ibarət 166 saylı mənzildə yaşayır. Eyni binanın 6-cı mərtəbəsi, 169 saylı mənzildə yaşayan Cavabdeh və onun ailəsi ilə aralarında heç bir narazılıq, mübahisə, ziddiyət olmamış, əksinə yaxın qonşuluq münasibətində olmuşdur. Lakin, onlar 2020-ci ilin mart ayından ailəlikcə ona qarşı qərəzli qonşuluğa yaraşmayan münasibətində olmuş, qəsdlə su kranını açıq qoymaları nəticəsində bu günə qədər evlərindən axıdılmış çirkab sulardan mənzili, elektrik xətləri, mebel dəsti, xalça-palazları, mənzilinin tavanı, hamam, mətbəx, dəhliz su içərisində, oboyları cırılıb-dağılmış, evin divarları nəmişlikdən göyərmiş, üfunət-çirkab iyindən evdə yaşamaq qeyri-mümkün hala salınmışdır. Bu qeyri-insani hərəkətlərinə son qoyulması üçün dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq tələbinə məhəl qoymadığından, Bakı şəhəri, Yasamal rayon 29-cu Polis Bölməsinə rəsmi olaraq ərizəmlə müraciət etmişdir. Cavabdeh dəfələrlə polis idarəsinə çağrılmış, lakin getməmişdir. Evlər idarəsinin müdiri Vahab Məmmədovun tələbinə belə məhəl qoymamışdır. Əksinə, cavabdeh və onun atası Seyran ondan ərizəni polisdən geri götürməyini əmr formasında tələb etmiş, o da buna əməl etmədiyinə görə, bu günə qədər öz qərəzli hərəkətlərini aşkaranə sürətdə davam etdirməklə eyvana yuyulmuş asdığı paltarların üzərinə çirkab su axıdır, evdə qəsdlə əşyaları döşəməyə çırpır, sərt addımlarla hərəkət edir, oynayıb-qaçır, səs- küy salırlar. Həmin tappıltıdan səs-küydən oturmaq qeyri mümkündür. AR Texniki Universitetinin laboratoriya müdiri vəzifəsində işləyir. Aylıq əmək haqqım 370 manatdır. Uşaqları evdə hazırlaşdırıb, dərs keçir. Lakin buna imkan verilmir. Evinin hazırda bərbad vəziyyətdə olması barədə binanın Mənzil Tikinti Kooperativinin sədri Vahab Məmmədov baxış keçirmiş 11.01.2020-ci il tarixli arayış vermişdir. Mənzilinin yaşayış üçün çox yarasız hala salınması nəticəsində bunun təmiri, bərpası ilə əlaqədar məcbur olub bir neçə bərpa və təmir ustaları dəvət etmişdir. Ustalar hazırda istifadə ediləcək tikinti materiallarının dəyəri, görüləcək bu işlərin həcmini nəzərə olaraq, mal və materialların alınması, təmiri, bərpası və əlmuzdu üçün ən azı 5000 manat pulla başa gələcəyini göstərmişlər. Qonşunun bu insanlığa yaraşmayan “irticaçı”, qərəzli hərəkətlərindən təngə gələrək nəhayət, bu məqsədlə mənzilini satmaq üçün bir çox şəxslər bu məqsədlə mənzilə baxarkən “nəmdən” əmələ gələn “iydən, üfunətdən” içəri belə girib baxmırlar. 5000 manat satılan evin heç yarı qiymətini verən yoxdu. Ustalar deyirlər ki, otağın bütün suvaqları sudan “kif’ bağlayıb. Digər maneə isə “pis qonşuya” görə alan yoxdu. O, hazırda iqisadi cəhətdən çox acınacaqlı durumda, depressiya vəziyyətində və əsəb gərginliyi içərisində yaşayır. Evində təmir və bərpa işlərinin görülməsi üçün cavabdeh tərəfindən bu azğınlığa son qoyulması və ona vurulmuş həmin real 5000 manat pulla bərabər mənəvi ziyana görə isə 3000 manat, cəmi 8000 manat tələb edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı iddia edir ki, hadisə 2020-ci ilin mart ayının 13-dən 14-nə keçən gecə baş verib. Həmin gün onlar Sumqayıt şəhərində yaxın qohumun toy məclisi olduğu üçün ora getmişlər. Onların yaşadıqları bina 9 mərtəbəli binadır və binaya həm səhər, həm də axşam saat 6-dan 9-a qədər təziqlə su verilir. Su verilən zaman hamamda olan duş aləti tab gətirməyib və su damlamağa başlayıb. Martın 14-ü səhər saat 09:46-da MTK-nın nümayəndəsi ona zəng edərək, qonşunun mənzilinə su sızdığını və şikayət etdiyini bildirmişdir. O, həmin gün təxminən saat 11:00 radələrində evə gəlmiş və görmüşdür ki, hamamda su döşəməyə yığılıb və aşağıya sızıb. Həmin an nasazlığı aradan qaldırmış və bu barədə də MTK sədrinə zəng vurub məlumat vermişdir. Həmin gün ona polis idarəsindən zəng gəldi ki, qonşu ondan şikayət edib. O polisə gedərək izahat vermişdir. O, iddiaçıya maddi ziyan vurduğunu qəbul edir, sadəcə olaraq iddiaçının tələb etdiyi məbləği qəbul etmir, çünki qarşı tərəfə həmin məbləğdə ziyan vurmamışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 133856 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 1, 9 mərtəbəli yaşayış binasının mərtəbəsində şəxsi mülkiyyətində olan 1 otaqlı 16,59 kv.m. ibarət 166 saylı mənzil iddiaçı X1 mülkiyyətindədir. İş materiallarında olan Gənlik 1 MTK-nın sədri Vahab Məmmədovun verdiyi arayışdan da görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 1, 169 saylı mənzildə yaşayan üst qonşu Cavabdeh 2020-ci ilin mart ayında evinə su axıdılmışdır. Axıntı nəticəsində dəhliz və hamam pis vəziyyətə düşmüşdür. Müraciət əsasında o, həmin mənzildə olmuş, həqiqətən də dəhlizin və hamamın pis vəziyyətdə olduğunu görmüşdür. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23.06.2021-ci il tarixli 10/1330 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 166 saylı mənzilin binanın 5-ci mərtəbəsində, cavabdehə məxsus 169 saylı mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 166 saylı mənzilin yaşayış otağı, dəhliz və mətbəxində yaranmış qüsurların olduğunu nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 2 ünvanında yerləşən 166 mənzilinə yuxarı mərtəbədən suyun sızması xarakterikdir və nəticədə 166 saylı mənzilin tikililərinə ziyan dəyməsi və yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1503 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 1, 9 mərtəbəli yaşayış binasının mərtəbəsində şəxsi mülkiyyətində olan 1 otaqlı 16,59 kv.m. ibarət 166 saylı mənzil iddiaçı X2 mülkiyyətdə olmaqla, həmin mənzilə yuxarı mərtəbədə yerləşən mənzildən su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilinə zərər vurulmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatından da görünür ki, o, iddia ərizəsini onun mənzilindən iddiaçının mənzilinə su axıdılması hissəsində qəbul edir. Lakin o, iddia ərizəsində mənzilə dəymiş ziyan bağlı məbləğin çox olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddiaçı X2 mülkiyyətində olan yaşayış sahəsində aşkar olunmuş qüsurlar məhz cavabdehin mənzilindən axıdılmış su nəticəsində əmələ gəlməsi iş üzrə toplanmış sübutlarla və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Lakin iddiaçı ona vurulmuş zərəri 5000 manat məbləğində dəyərləndirsə də, cavabdehdən vurulmuş zərərin əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği məhkəmə tikinti-texniki ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 mülkiyyətində olan mənzilə suyun axıdılması nəticəsində vurulmuş zərərə görə 1503 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X3 ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin mənəvi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1503 (bir min beş yüz üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1856/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1856/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver