Məhkəmə qərarları › İş №2(004)-188/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-188/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-188/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X3 oğlunun katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Şirkətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Şirkəti cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müayinə və əməliyyat xərcinin əvəzi olaraq 22 000 ABŞ dollar pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq 200 000 ABŞ dolları pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildə bədənində ağrılar hiss etməyə başlamışdır. Həmin dövrdə o, "Bakcell" şirkətində çalışırdı və bütün əməkdaşlar kimi "xxxx" ASC-də tibbi sığortalanmışdı. Ağrıların səbəbini öyrənmək üçün "Modern" klinikada uroloq müayinəsində olmuşdur. Müayinədən sonra ona qasıq yırtığı diaqnozu qoyulmuş və əməliyyat olunması məsləhət görülmüşdür. Bundan sonra o öncədən tanıdığı " Medical Plaza"-nın həkimi Cavabdeh müraciət etmişdir. 21 iyul 2015-ci il tarixdə "Medical Plaza"da adıçəkilən həkim tərəfindən əməliyyat olunmuşdur. Ona öncədən həkim tərəfindən əməliyyatın yerli keyitmə ilə olacağı və yırtığın kiçik olduğu üçün tikiləcəyi bildirilmişdir. Lakin əməliyyat başlayan zaman heç bir səbəb bildirilmədən ona onurğa sütunundan keyitmə aparılmış və əlavə dərmanlarla yatızdırılmışdır. Yalnız əməliyyat bitdikdən sonra ona məlum olmuşdur ki, yırtıq tikilməmiş və ora tibbi tor qoyulmuşdur. Əməliyyatdan dərhal sonra, yəni ağrıkəsicilərin təsiri keçdikdə onda sağ ayağında güclü ağrılar başlamışdır. Həkim Cavabdehlə əlaqə saxladıqda ona bildirmişdir ki, bu müvəqqəti vəziyyətdir və qısa müddətə ağrılar keçəcək. Lakin həkimin dediklərinin əksi olaraq, ağrılar get-gedə daha da şiddətlənmişdir. Dəfələrlə klinikaya müraciət etsə də, hər dəfə eyni sözləri eşitmişdir. Son dəfə 2018-ci ildə müraciət etdikdə, Cavabdeh ağrıların səbəbinin əməliyyat zamanı anestezioloqun səhvi ucbatından onurğanın zədələndiyini bildirmişdir. Bundan sonra o, anestezioloqla və baş həkimlə görüşmüşdür. Lakin həmin görüşə Cavabdeh də dəvət olunsa da gəlməmişdir və sonra ona bildirilmişdir ki, anestezioloq barədə dediyi sözləri onun üzünə baş həkimin yanında deyə bilməmişdir. Bundan sonra o, "Gömrük Hospital"ına müraciət etmişdir. Orada müayinə zamanı müəyyən edilmişdir ki, əməliyyat zamanı siniri zədələnmişdir. Həmçinin təkrar olaraq " Api Med" klinikasında da müayinə edilmiş və bildirilmişdir ki, tibbi tor venanın üzərinə qoyulmuş və onu sıxır. Bunun nəticəsində onda sağ ayağında varikoz başlamışdır. Beləliklə qeyd edilənlərdən məlum olur ki, o, artıq 5 ildir ki, "Medical Plaza" klinikasının həkimləri ucbatından güclü ağrılarla yaşayır. Həyatı tam alt-üst olmuşdur. Bu ağrılara görə demək olar ki, heç bir iş görə bilmir. Hazırda təkrar əməliyyat olunmalıdır. Lakin yuxarıda qeyd edilən səbəbə görə işləmək qabillyəti demək olar ki, itmişdir və maddi durumu ağırdır. Təkrar Türkiyə Respublikasında "Acı Badəm" klinikasında müayinə üçün 2000 ABŞ dolları, əməliyyat üçün isə 20000 ABŞ dolları tələb edilir. Habelə o, 5 il ərzində güclü ağrılarla yaşamaq məcburiyyətində olmuşdur. Bu isə ona böyük mənəvi ziyan vurmuşdur. Cavabdeh ona bu mənəvi ziyanı da pul ekvivalenti ilə ödəməlidir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh və üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatlarında bildirmişlər ki, iddia əsasızdır. Bütün əməliyyat və müalicələr düzgün aparılmışdır. "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və Tədris Birliyinin rəyindən də göründüyü kimi iddiaçıya düzgün diaqnoz qoyulmuş və xəstə ilə bağlı görülmüş heç bir tədbirdə yanlışlığa yol verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. "xxxx" Şirkəti tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli 099 saylı arayışa əsasən həkim Cavabdeh şirkətin “MedicalPlaza” klinikasında əmək müqaviləsi ilə işləməmişdir. "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və Tədris Birliyinin 31.01.2022-ci il tarixli, KEŞ-1041 saylı rəyindən görünür ki, İddiaçı ATU-nun X1 kafedrasının dosenti Elman Tağıyevin müayinəsinədən keçmişdir. Xəstə İddiaçı 21 iyul 2015-ci il tarixində «Modern Hospital» klinikasına sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə müraciət etmişdir. Həmin vaxtı xəstədə hərtərəfli müayinə aparılaraq «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı həyata keçirilib. Əməliyyatdan sonra xəstə müsbət dinamika ilə öz rayonuna cərrahın nəzarətinə ambulator müalicəyə göndərilib. 1981-ci il təvəllüdlü X2 adına tərtib olunmuş tibbi sənədlərdə yazılanlara, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Medical Plaza» klinikasında həkim-cərrah Cavabdeh tərəfindən X2 qasıq nahiyəsində sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı aparılmışdır. 2. X2 qasıq nahiyəsində sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə aparılmış «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı ilə bağlı heç bir fəsad, qüsur və həkim səhvi (residiv yırtıq, implantın - torun tutarsızlığı, əməliyyat yarasının infeksiyalaşması) aşkar edilməmişdir. 3.Təqdim olunmuş sənədlərə əsasən xəstədə əməliyyatdan əvvəl cərrahi əməliyyata heç bir əks göstəriş aşkarlanmayıb. Əlavə olaraq onu da qeyd edirik ki, bu gün xəstəni narahat edən sağ aşağı ətrafın səthi venalarının varikoz genişlənməsi və sağ budda olan ağrılar cərrahi əməliyyatın ağırlaşması kimi yox, yanaşı (yəni cərrahi əməliyyatla əlaqəsiz) xəstəliklərdir və bunun müalicəsi də müvafiq ixtisas həkimləri tərəfindən müayinə və müalicə oluna bilər. Rəyin nəticə hissəsinda qeyd olunmuşdur ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. “Medical Plaza” klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Sağ tərəfli çəp qasıq yırtığı” aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “Sağtərəfli hemiotomiya. Lixtenşteyn metodu ilə allohemioplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. 2.4. İddiaçı mütəxəssis müayinələri zamanı onda qasıq nahiyəsində sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə aparılmış “Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika” cərrahiyyə əməliyyatı ilə bağlı hər hansı bir fəsad (residiv yırtıq, implantın - torun tutarsızlığı, əməliyyat yarasının infeksiyalaşması) müəyyən edilməmişdir.

3. İddiaçı üzərində icra edilmiş “Sağtərəfli hemiotomiya. Lixtenşteyn metodu ilə allohemioplastika” cərrahiyyə əməliyyatının aparılmasına əks göstəriş olmamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı üzərində aparılmış əməliyyatda hər hansı qüsur olmamış və bu, "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və Tədris Birliyinin müfaviq rəyi ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onda olan ağrıların cavabdeh tərəfindən aparılmış əməliyyatla bağlılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi:

İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar