Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1885/2021 19.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməsinə müraciət edərək, təqdim etdiyi məlumatlar əsasında illər ərzində araşdırma aparılması və məhkəmələrə əzab verdiklərinə görə cavabdeh Bakı şəhər X3 İdarəsinin rəhbərliyinin ondan rəsmən yazılı üzr istəməsi ilə bağlı, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə yalan üzərində tərtib edilmiş vəsatətlə azı bir il araşdırmanı uzatdıqlarına görə Bakı şəhər X3 İdarəsinin rəhbərliyinin rəsmən yazılı ayrıca üzr istəməsi ilə bağlı, ona dəymiş 20 manat evakuasiya xidməti, beş dəfə Bakı şəhər X3 İdarəsinə gəlib-getməsinə, məhkəmələrə gedib-gəlməsinə, məhkəmə xərclərinin, ödənilmiş 30 manat dövlət rüsumunun, keçirdiyi, əsasəb, stres, sarsıntı, iztirab və mənəvi ziyana görə cəmləyərək ümumilikdə məhkəmənin ağlabatan hesab etdiyi məbləğdə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən ona vurulmuş maddi ziyana görə 20 manat evakuasiya xidməti, 1000 manat nəqliyyat vasitəsinə vurulmuş ziyan (iki amartizator - 160 manat, sol arxa dirsəkli qol - 40 manat, sürətlər qutusunda yaranmış problem – 800 manat), beş dəfə Bakı şəhər DYPİ-yə gedib-gəlməsi üçün 40 manat çəkilmiş yol xərci, məhkəməyə gedibgəlməsi üçün 80 manat çəkilmiş yol xərci, keçirdiyi əsəb, stres, sarsıntı və mənəvi ziyana görə 2.000 manat, yalan vəsatətlə iztirab verildiyinə və azı bir neçə il araşdırma uzandığına görə 10.000 manat, ümumilikdə 13.140 manat pulun tutulması, Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin rəhbərliyinin hər iki hal üçün ayrıca yazılı üzr istəmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Bəsti Bağırova küçəsində piyada keçidini keçəndən dərhal sonra avtomobilini park etmiş, bir saat sonra geri qayıdanda avtomobili yerində görməmişdir. Ona avtomobilinin evakuasiya olunduğu bildirilmişdir. O, cərimə meydançasında gedərək avtomobilinin düzgün evakuasiya olunmadığını bildirsə də, evakuasiya pulunu ödəməyincə avtomobilin ona verilməyəcəyi bildirilmişdir. O, qərardan şikayətçi olduğunu bildirmiş və şikayəti protokola qeyd etmişdir. O, bir neçə də şikayətlər etmiş və onu 5 dəfə Bakı şəhər DYPİ-yə dəvət etmişlər. Orda vəzifəli şəxsin qəbulunda olmuş və Bakı şəhər DYPİ-nin hərəkətinin düzgün olduğu ona bildirilmişdir. Bundan başqa 7 dəfə müraciət etmiş, müraciətlərinə yazılı cavab verilmiş, problem həll edilməmişdir. Məcbur olub məhkəməyə müraciət etmiş və işə baxan birinci instansiya məhkəməsi işi yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə qaytarmış, Bakı şəhər DYPİ tərəfindən protokol qüvvədə saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhər DYPİ-nin xx.xx.2016-cı il tarixli protokolu əsasında xx.xx.2017-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarı ləğv edilmiş, inzibati xəta hadisəsi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Bu işə Bakı Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılmış, həmçinin Bakı İnzibati-İqtisadi Məhkəmədə də onların işinə baxılmışdır. Araşdırma zamanı və məhkəmə proseslərində qarşı cavabdeh tərəfindən ona laqeyd münasibət göstərilmişdir. Ən böyük sarsıntı o olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən protokol ləğv edildikdən sonra, Bakı şəhər DYPİ-nin əməkdaşları yalan vəsatətlə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin qərarının onlara təqdim edilmədiyini bildirmişlər. O, protokolun nəyin əsasında ləğv edildiyini sübuta yetirməkdə çətinlik çəkmiş, mənəvi sarsıntılar keçirmiş və qeyri-rəsmi yolla Bakı şəhər DYPİ-dən məktubun surətini əldə etmişdir. Bakı şəhər DYPİ-nin qərarının surətini göndərmişdir ki, protokol ləğv edilsin, həm də vəsatətlə müraciət edirlər ki, qərar onlara çatmamışdır. Ona görə də proses bir il uzanmışdır. Bu dövrdə o, iztirablar, sarsıntılar keçirmişdir. Sonradan məlum olmuşdur ki, avtomobili düzgün evakuasiya olunmadığına görə sürət qutusunda, sol arxa dirsəkli qolunda problem yaranmışdır. Cavabdeh Bakı şəhər X3 İdarəsinin qanunsuz hərəkətləri nəticəsində onun avtomobilinə 1000 manat (iki amartizator - 160 manat, sol arxa dirsəkli qol - 40 manat, sürətlər qutusunda yaranmış problem - 800 manat) ziyan dəymişdir, 20 manat evakuasiya xərci ödəmişdir, beş dəfə Bakı şəhər DYPİ-yə gedib-gəlməsi üçün 40 manat yol xərci, məhkəməyə gedib-gəlməsi üçün 80 manat yol xərci, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Keçirdiyi əsəb, stres, sarsıntı və mənəvi ziyana görə 2.000 manat, yalan vəsatətlə iztirab verildiyinə və azı bir neçə il araşdırma uzandığına görə 10.000 manat mənəvi zərər çəkmişdir. Vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq cəmi 13.140 manat pul tələb edir. O, avtomobilinə zərər vurulmasına dair sübutları məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı, təqdim etdiyi sübutlar və qanuni qüvvəyə minmiş məhkəmə aktları, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 270” markalı **-NZ-*** dövlət qeydiyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Bəsti Bağırova küçəsində “piyada keçidi” yol nişanını keçdikdən bir neçə metr sonra park etmişdir. Bakı şəhər X3 İdarəsinin əməkdaşları tərəfindən İddiaçı mülkiyyətində olan “Mercedes Benz 270” markalı **-NZ-*** dövlət qeydiyat nişanlı avtomobil evakutora mindirilərək, cərimə meydançasına aparılmışdır. Bundan sonra İddiaçı barəsində Bakı şəhər X3 İdarəsi tərəfindən İXP seriyalı 677527 nömrəli xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Bakı şəhər X3 İdarəsinin səlahiyyətli şəxsinin inzibati xəta haqqında iş üzrə qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İddiaçı qəbul olunmuş qərardan Nərimanov rayon Məhkəməsinə şikayət etmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(004)-61/2017 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhər X3 İdarəsinin inzibati xəta haqqında xx.xx.2016-cı il tarixli qərarı ləğv olunmaqla, iş yenidən baxılması üçün Bakı şəhər X3 İdarəsinə göndərilmişdir. İnzibati iş yenidən Bakı şəhəri BPİ X3 İdarəsinə qaytarıldıqdan sonra, Bakı şəhər BPİ X3 İdarəsinin inzibati xəta haqqında iş üzrə «İQ» seriyalı 677527 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə yenidən təqsirli bilinib, 20 manat cərimə edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhər X3 İdarəsinin xx.xx.2017-ci il tarixli İQ 677527 nömrəli inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xətaya dair icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından Bakı şəhər BPİ X3 İdarəsinin rəisi apelyasiya şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(103)-474/2017 nömrəli inzibatı xətaya dair iş üzrə qərarı ilə Nərimanov Rayon Məhkəməsinin İddiaçı haqqındakı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş və inzibatı xətaya dair iş yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(005)-520/2017 nömrəli qərarı ilə İddiaçı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Baş Döblət Yol Polisi İdarəsinin xx.xx.2016-cı il tarixli İXP 677527 saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli İQ 677527 saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 270” markalı **-NZ-*** dövlət qeydiyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Bəsti Bağırova küçəsində “piyada keçidi” yol nişanını yaxınlığında deyil, piyada keçidindən bir neçə metr sonra park etmişdir ki, bu da qanunvericiliyin tələbi baxımından nəqliyyat vəitəsinin dayanma durma qaydasının pozuntusu kimi qiymətləndirilə bilməz. İddiaçı mülkiyyətində olan “Mercedes Benz 270” markalı **-NZ-*** dövlət qeydiyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Bəsti Bağırova küçəsində “piyada keçidi”ni keçdikdən bir neçə metr sonra park etdiyi yerdən Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq evakuator vasitəsilə DYP-nin mühafizə olunan duracağına aparılmaqla, iddiaçı 20 manat evakutorla daşınma xərci ödətdirmişlər. Daha sonra törətmədiyi və inzibati xəta hadisəsi hesab edilməyən əmələ görə İddiaçı barəsində Bakı şəhər BPİ DYPİ-nin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş qanunsuz protokol əsasında, xx.xx.2016-cı və xx.xx.2017-ci il tarixlərdə inzibati tənbeh verilməsi haqqında qanunsuz qərarlar qəbul edilmişdir. Nəticədə, cavabdeh Bakı şəhər BPİ DYPİ-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir. İddiaçı avtomobilini Bakı şəhər X3 İdarəsinin duracağından götürərkən 20 manat evakuator xərci ödəmiş və pozulmuş hüquqlarının bərpa edilməsi üçün Bakı şəhər BPİ X3 İdarəsinə və məhkəmə proseslərinə gedib-gəlməsi üçün yol xərci kimi ümumilikdə 80 manat xərcləmişdir. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin Vİ hissəsinə əsasən şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. “Polis haqqında” Qanunun 5-ci maddəsinin Vİİ hissəsinə əsasən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 100 manat, mənəvi zərərin əvəzi olaraq 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 manat pul cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən tutularaq İddiaçı ödənilməlidir. İddiaçı avtomobilin maddi zərər vurulması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və izahatında da sübutları olmadığını bildirmişdir. İddiaçıdan yazılı şəkildə rəsmi qaydada “üzr istənilməsi” vəzifəsinin məhkəmə müdafiəsi üsulu kimi cavabdehin üzərinə qoyulması qanunla nəzərdə tutulmamışdır, bu səbəbdən məhkəmə cavabdehin üzərinə iddiaçıdan üzr istənilməsi vəzifəsi qoya bilməz. Odur ki, həmin hissədə də iddia təmin edilə bilməz. Bu səbəbdən iddia tələbi qalan hissələrdə rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X1rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 100 manat, mənəvi zərərin əvəzi olaraq 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 (iki yüz otuz) manat pul cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1885/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1885/2021
19.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver