Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1885/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş 10.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “8575 manat maddi zərər, 5.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK müqavilə öhdəliklərini icra etməmiş, uzun müddətdir ki, müqavilə predmeti olan mənzili iddiaçıya təhvil verməmişdir. Nəticədə iddiaçıya mənəvi zərər vurulmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-3220/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MTK-ə qarşı “mənzillərin təhvil verilməsi və pul” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2018-ci il tarixli, 27-M nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasında sahəsi 63.8 kv.m. olan 216 saylı mənzil (təmirsiz) və sahəsi 63.8 kv.m. olan 212 saylı mənzil (təmirsiz) Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh MTK-dən ödənilməyən kirayə haqqına görə 6300 (altı min üç yüz) manat, 212 saylı mənzilin təmir xərci olan 15950 (on beş min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 157 (yüz əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 04 avqust 2017-ci il tarixli, 27-M saylı müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh MMC-nin nizamnaməsinə əsasən fəaliyyət göstərən direktor X3, digər tərəfdən “mülkiyyətçi” adlanacaq İddiaçı arasında müqavilə baglamışlar. Müqaviləninh 1.1-ci maddəsinə əsasən Nəsimi rayon İcra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən “Fədək" MMC-nin Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "Mülkiyyətçi"- yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 98 m2 mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə tam təmirli sahəsi 120 m2 olan mənzilin əvəzinə sahəsi 63.8 m2 olan 216 saylı (təmirsiz) və 63.8 m2 olan 212 saylı (təmirli) mənzilləri “Mülkiyyətçi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd: Razılıq ərizəsinə əsasən 216 saylı (təmirsiz) mənzil oğlu X1 adına, 212 saylı (təmirli) mənzili isə oğlu X2 adına rəsmiləşdirilir. Müqavilənin 1.2-ci maddəsinə əsasən "Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi, həmçinin mənzilin ümumi sahəsinə əlavə edilmiş sahədən artıq sahənin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.5-ci bəndinə əsasən Cavabdeh MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili tam təmir edib təhvil verməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qisminə aşağıdakı hüquq normaları çıxış edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki mübahisə üzrə preyudisial əhəmiyyət daşıyan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-3220/2024 nömrəli qətnaməsində müəyyən edilmişdir ki, “.....tərəflər arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməklə üzərinə düşən öhdəliyini icra etmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Müqavilə 2017-ci ildə bağlansa da uzun müddət ərzində (7 il ərzində) mənzillər iddiaçıya təhvil verilməmiş, bununla yanaşı 2023-cü ilin aprel ayından kirayə haqqının verilməsi dayandırmışdır. tərəflər arasında bağlanmış 04 avqust 2017-ci il tarixli, 27-M saylı müqavilənin 1.1-ci bəndinə əsasən “Fədək" MMC Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada sahəsi 63.8 m2 olan 216 saylı (təmirsiz) mənzili və sahəsi 63.8 m2 olan 212 saylı (təmirli) mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.3-cü bəndinə görə Cavabdeh MMC-nin yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəaritli müvəqqəti yaşayış yerləri üçün 450 manat kirayə haqqını ödəmək öhdəilyi vardır. Həmçinin Müqavilənin 2.3.9-cu bəndinə görə mülkiyyətçi ona veriləcək mənzilin təmir xərcindən imtina edərsə, Cavabdeh MMC-nin təmirə çəkilən 1 kv.m. görə 250 manatı mülkiyyətçinin razılığı ilə ona qaytarmaq öhdəliyi vardır. Mübahisə predmeti olan mənzillər iddiaçıya təhvil verilməmişdir. 2023-cü ilin aprel ayından aylıq kirayə haqqının verilməsi dayandırılmışdır. Hazırda 14 ay üçün ödənilməyən kirayə haqqının cəmi 6300 manat təşkil edir. Bundan başqa Müqavilə üzrə cavabdehin təmirli təhvil verməli olduğu 212 saylı mənzilin sahəsi 63.8 kv.m. təşkil edir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı 212 saylı mənzilin təmirsiz olduğu müəyyən edilmişdir.....”. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mübahisə üzrə cavabdeh tərəf iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri uzun illər gecikdirmiş və mənzil hal-hazıradək təhvil verilməmişdir. İddiaçı müxtəlif ünvanlarda kirayə yaşamışdır. Müqavilə üzrə 2017-ci ildə razılaşdırılmış 450 manat kirayə haqqı hazırki bazar qiymətləri baxımından çox aşağıdır. İddiaçının yaşı, sağlamlıq durumu, cavabdehin hərəkətləri nəticəsində qanuni gözləntisindən məhrum olması xüsusatı diqqətə alınmaqla hesab edilir ki, yuxarıda qeyd edilən dispozitiv şərtlər mövcuddur və cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Lakin, məhkəmə mənəvi zərərin həcmini müəyyən edərkən münasibətlərin xarakteri, vurulan mənəvi zərərin mahiyyəti və həcmini diqqətə alaraq hesab edir ki, iddia tələbi 2000 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsində ədalətli, ağlabatan və əsaslıdır. Mənəvi zərərin ödənilməsinin məqsədi şəxsin çəkdiyi mənəvi sarsıntıların tamamilə və ya qismən kompensasiya edilməsinə xidmət edir. Mənəvi zərər mahiyyətcə maddi zərərdən fərqli xüsusatlara malikdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin təkzib edilməsi, işin faktiki hallarının aşkara çıxarılmasına dair əsaslı sübut, sənəd, material təqdim etməmiş, bu barədə üzərinə düşən sübutetmə yükünü layiqincə həyata keçirtməmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 130,72 manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat pul və ödənilmiş 130,72 manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş 10.000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MTK-dan mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat pul və ödənilmiş 130,72 manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1885/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1885/2025
18.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver