Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1918/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan **- GV-*** dövlət nömrə nişanlı Mercedes C220 dizel markalı avtomobilə dəymiş zərər görə 1635 manat pulun və dəymiş mənəvi zərərə görə 500 manat miqdarında pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-GV-*** dövlət nömrə nişanlı Mercedes C220 dizel markalı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Eyni zamanda bildirir ki, 2016-cı ildə Xəyyam adlı şəxs vasitəsilə Cavabdeh arasında yaxın münasibətləri yaranmışdır. Həmin vaxt cavabdeh işsiz olduğundan və maddi vəziyyətində çətinliyi olduğundan, Xəyyam adlı şəxsin xahişi ilə avtomobili cavabdehə taksi fəaliyyəti ilə məşğul olması üçün 24.07.2016-cı ildə cavabdehin istifadəsinə verilmişdir. Avtomobil cavabdehə verilən zaman aralarında razılıq olmuşdur ki, gündəlik olaraq aydın ona 20 manat ödəsin. Aralarında razılıq əldə edildikdən sonra Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda cavabdehə avtomobili idarə etmək hüququ verən etibarnamə verildi. Avtomobil cavabdehə tam saz vəziyyətdə təhvil verildi və aralarında razılıq oldu ki, o avtomobili daima saz vəziyyətdə saxlayacaq, avtomobilə dəyən istənilən zərərə və nasazlığa görə o məsuliyyət daşıyacaq. İşə başladığı gündən cavabdeh sözünə əməl etmədi və demək olar ki, hər gün onu incitdi. Belə ki, ona saz vəziyyətdə verdiyi avtomobili çox pis vəziyyətə qoydu. Hətta gündəlik ödənişləri müxtəlif bəhanələrlə ödəməməyə başladı. Hər dəfə vəd verdi ki, borcu ödəyəcək. Bir çox halda isə avtomobildə olan nasazlıqlar onun hesabına aradan qaldırıldı.18.08.2016-cı il tarixində cavabdeh ona zəng vurararq bildirdi ki, avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Pekarnı deyilən yerin dayanacağında qəza törədib. Belə ki, cavabdeh idarə etdiyi maşınla əks istiqamətdə olan avtomobilin yoluna çıxmış, nəticədə qəza baş vermiş və maşınına zərər dəymişdir. Hadisədən sonra avtomobili götürərək məcburi olaraq özü təmir xərclərini çəkmiş və cavabdeh də bildirmişdir ki, tez bir zamanda bu xərcləri , eyni zamanda avtomobilini gündəlik işlətdiyinə görə toplanmış borcunu da ödəyəcək. Cavabdeh hətta DYP idarəsinə getməmiş və cəriməni də o ödəmişdir. Bundan sonra cavabdeh onu aldatmağa başladı və hətta avtomobil ustalarının yanında olanda da yoxa çıxdı. Bu gün də onu tapa bilmir. O, 18.02.2019-cu ildə Suraxanı rayon 34 saylı PB-nə şikayət etmək məcburiyyətində qalmışdır. Məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh - Cavabdeh təqsirli hərəkətinin nəticəsi olaraq, eyni zamanda məndə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bilən bir kateqoriya deyil. Bu barədə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında da mənəvi zərərin şəxsə məxsus maddi və ya qeyri-maddi nemətlərə aid hüquqlarını pozulması nəticəsində vurulduğu qeyd edilib. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həmçinin əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan etibarnamədən görünür ki, **-GV-*** dövlət nömrə nişanlı Mercedes C220 dizel markalı avtomobil İddiaçı tərəfindən Cavabdeh avtomobili idarə etmək hüququ verilmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh **-GV-*** dövlət nömrə nişanlı Mercedes C220 dizel markalı avtomobillə 18.08.2016-cı il tarixdə yol-nqliyyat hadisəsi törədərək, İnzibati Xətalara Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 08.05.2021-ci il tarixli LP- 084/21 saylı mütəxəssis rəyindən görünür ki, **-GV-*** dövlət nömrə nişanlı Mercedes C220 dizel markalı avtomobilə dəymiş ziyan 1525 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edilməsi üçün etibarnamə verilən **-GV-*** dövlət nömrə nişanlı Mercedes C220 dizel markalı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 08.05.2021-ci il tarixli LP-084/21 saylı mütəxəssis rəyindən görünür ki, **-GV-*** dövlət nömrə nişanlı Mercedes C220 dizel markalı avtomobilə dəymiş ziyan 1525 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan **-GV- *** dövlət nömrə nişanlı Mercedes C220 dizel markalı avtomobilə dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yol nəqliyyat hadisəsi zamanı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 1525 manat pul tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin mənəvi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1525 (bir min beş yüz iyirmi beş) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1918/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1918/2021
09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver