Məhkəmə qərarları › İş №2(004)-192/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-192/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-192/2022 01.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi ilə İddiaçı LPO "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 350 manat sığorta ödənişinin, 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.06.2019-cu il tarixdə Bakı şəhəri, Ə.Rəcəbli küçəsində X3 ərazisində, cavabdeh iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış, "xxxx" MMC-yə məxsus “Nissan Patrol” minik markalı, **-SN-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən qəza törətmiş və X2 məxsus “Mersedes Benz C 200” minik markalı, **-MR-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşub və həmin avtomobilə maddi zərər vurub. Cavabdeh Nərimanov rayon DYPŞ-i tərəfindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 20.06.2019-cu il tarixdə, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X2 məxsus “Mersedes Benz C 200” minik markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar 09.07.2019-cu il tarixli, İC AA 2501/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanması həyata keçirildikdən sonra, iddiaçı tərəfindən zərərçəkən Fərhad Məmmədova məxsus “Mersedes Benz C 200” minik markalı, **-MR-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərə görə, 19.07.2019-cu ildə 350 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. İşə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddia tələblərini əsaslandırdığı hallar təqdim olunmuş yazılı sübutlarla təsdiq edildiyindən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2022-ci il tarixli, 9/8875 saylı rəyi ilə iş materiallarında olan "xxxx" Sığorta Şirkətinin 04.07.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı "Mercedes Benz C 200" markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 350 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla cavabdehin idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində zərərçəkmişə 350 manat məbləğində zərər vurması və həmin zərərin sığorta müqaviləsinə əsasən iddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən edildiyindən, 350 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq LPO "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 100 manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh iddiaçı LPO "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi, 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar