Məhkəmə qərarları › İş №2(004)-1930/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1930/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1930/2024 05.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən Bakı şəhəri Yasamal rayonu 22 saylı MKİS üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən Bakı şəhəri Yasamal rayonu 22 saylı MKİS üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, bina 56, mənzil 4 ünvanındakı evə suyun axıdılması nəticəsində təmir-bərpa xərclərinin əvəzi kimi dəymiş zərərə görə 2500 manat məbləğində pul vəsaitinin; Təmir zamanı evdə qalmağın mümkünsüz olması səbəbilə, həmçinin evin təmirdən sonra təmizliyi və bu növdən olan xərclərin qarşılanması məqsədilə 600 manat məbləğində pul vəsaitinin; Səhhətə dəymiş zərərə görə mənəvi zərərin əvəzi kimi 600 manat məbləğində pul vəsaitinin; məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin; sonrakı dövrlərdə suyun axıdılmasının qarşısının alınması məqsədilə cavabdehin şəxsi vəsaitləri hesabına su sızıntısının və axıntısının müəyyən edilməsi və bunun aradan qaldırılması üçün zəruri addımların atılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzil uzun illərdir ki, onun istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına həmin mənzilə dair MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Ona məxsus mənzilə üst qonşusu olan cavabdeh tərəfindən su axıdılmış və axıdılmış suyun nəticəsində evimə ciddi şəkildə zərər dəymişdir. Dəfələrlə bu hadisə baş vermiş cavabdehə güzəştlər etmişdir. Lakin cavabdeh nəticə çıxarmayaraq evini təmir etdirməmiş və ona yenə də zərər dəymişdir. Suyun axıdılması nəticəsində evimin döşəməsinə, tavanına, elektrik xəttlərinə, divarlara, əşyalara ciddi şəkildə zərər dəymişdir. Müraciəti əsasında xx.xx.2024-cü il tarixində 22 saylı MKİS tərəfindən də müvafiq akt tərtib edilmişdir. Zərərin əvəzini cavbadehdən mülki qaydada-məhkəmədən kənar şəkildə tələb etdikdə o bundan imtina edir. Müvafiq ixtissaslı ekspert tərəfindən evə baxış keçirildiyi təqdirdə vurulmuş zərərin əhatə dairəsinin daha çox olması müəyyən ediləcəkdir. Həmçinin cavabdehin həmin mənzilin mülkiyyətçisi olması da aktda öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən onun zərərini heçbir formada qarşılanmadığına görə məhkəməyə müraciət etmək qərarına gəldi. Evin təmiri və digər işlər görülərkən evdə yaşamaq da 2-3 ay mümkün olmayacaqdır. Bununla da ona dəymiş zərərin əhatə dairəsini müəyyən etmək olur. Cavabdehin hərəkətlərinə görə ona mənəvi zərər də dəymişdir. Onun tərəfindən o təhqir edilmiş, kobud rəftarlara məruz qalmışdır. Hazırda o dərman preparatlarından istifadə edir. Hesab edir ki, cavabdeh tərəfindən evə dəymiş zərərin əvəzi kimi 2500 manat məbləğində pul vəsaitinin təmir zamanı evdə qalmağı mümkünsüz olması, evin təmirdən sonra təmizliyi və digər xərclərinin qarşılanması məqsədilə 600 manat məbləğində pul vəsaitinin, səhhətə dəymiş zərərə görə mənəvi zərərin əvəzi olaraq 600 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin birdəfəlik qaydada cavabdehdən tutularaq ona ödənilməsi zəruridir. Bu hadisə demək olar ki, 10-cu dəfədir baş verir. Artıq bina təhlükəli vəziyyətlə üz-üzədir. Çünki, axıdılan su divarlara çəkilir bu da binanın zəifləlməsinə və zərər görməsinə səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı Devnani Səbirə iddia tələbinin məzmununa uyğun izahat vermiş və qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh məhkəməyə izahat verərək, bildirmişdir ki, iddianı qismən qəbul edir. Bildirir ki, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 56 nömrəli evin 7 nömrəli mənzilində quraşdırılmış istilik radiatoru partlamış və su aşağı mərtəbəyə axmışdır. Suyun axması nəticəsində İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu, X7 küçəsi 56 nömrəli evin 4 nömrəli mənzilinə ziyan dəymişdir. O, iddiaçının mənzilində elektrik xətlərini təmir etmək üçün usta çağırmış, suyun axıdılması nəticəsində tavanın hələ nəm olduğunu, yəni tam qurumadan təmirin edilməsini mümkün saymamışdır. Nəmlik quruyandan sonra bu işlərin görülməsini məsləhət görmüşdür. O suyun qurumasını gözləmiş ki, usta yenidən gəlib mənzili təmir etsin. Lakin iddiaçı özü başqa usta çağırmış, lakin həmin usta da eyni səbəbdən təmirin mümkün olmadığını bildirmişdir. İddiaçı özünün çağırdığı ustaya xidmət haqqı kimi verdiyi 10 manat pulu ondan tələb etmişdir. O ustanın heç bir iş görmədiyini əsas gətirərək, 10 manatı ödəməkdən imtina etmişdir. Bundan sonra onların arasında münasibət pisləşmişdir. İddiaçı onun bu hərəkətini zərəri ödəməkdən imtina etmək kimi başa düşmüş və məhkəməyə müraciət etmişdir. İddiaçının tələb etdiyi məbləğlə razı deyil. Hesab edir ki, dəymiş ziyanın məbləği təxminən 300-500 manat təşkil edər. İddiaçının mənzilində əlavə tikililər var, həmin tikililərin üstündən yağış sularının axması nəticəsində də iddaçıya məxsus mənzilə zərər dəymişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayonu 22 saylı MKİS məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AR DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Yasamal rayon 22 saylı MKİS-in mühəndisi P.Sadatov, sahə nəzarətçisi E.Babayev, işçisi Z.Məmmədyarov tərəfindən tərtib edilmiş 13 fevral 2024-cü il tarixli Aktdan görünür ki, Şərifzadə 56 mənzil 4-də yaşayan X2 evinə su axıdığı bildirilmişdir. Tərəflərindən mənzilə vizual baxış keçirərkən məlum oldu ki, həqiqətən Şərifzadə 56 mənzil 7-nin sahibi Cavabdeh evindən su axıntısı nəticəsində Şərifzadə 56 mənzil 4-ün dəhlizin tavanına, qonaq otağının tavanına, divarına, yataq otağının tavanına divarına, mətbəxin tavanına və elektrik naqillərinə ziyan dəymişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3329 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 56 saylı evin 4 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Yasamal rayonu 22 saylı MKİS-nin əməkdaşları 4 saylı mənzilə baxış keçirmiş və bu barədə xx.xx.2024-cü il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 56 saylı evin 4 saylı mənzilinə yuxarı mərtəbədəki 7 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 56 saylı evin 4 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış, qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2471,0 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Üst qonşusu, hazırki iş üzrə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 56, mənzil 7 ünvanında yerləşən mənzildən onun mənzilinə su axıdılmış, nəticə etibarilə, 4 saylı mənzilin tavan və divarlarına ziyan dəymişdir. Cavabdehin özü də bu faktı etiraf etsə də, dəymiş zərərin miqdarını mübahisələndirmişdir. Məhkəmə tərəfindən təyin olunan tikinti-texniki ekspertiza ilə dəymiş ziyanın 2471,0 manat təşkil etdiyi müəyyən olunmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 2471 (iki min dörd yüz yetmiş bir) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə təmin edilməməli; ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi mənəvi zərər hissəsində yetirəncə əsaslandırılmadığından, habelə əmlaka dəymiş ziyanla sağlamlığa vurulmuş zərər arasındakı səbəbli əlaqə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 2471 (iki min dörd yüz yetmiş bir) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar