Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1966/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun məruz qaldığı maddi zərərə görə 2400 (iki min dörd yüz) manat, mənəvi zərərin əvəzi kimi isə 1000 (min) manat, vəkilə ödənilmiş 220 (iki yüz iyiyirmi) manat və 56 (əlli altı) manat dövlət rüsumu,cəmi 3656 (üç min altı yüz əlli altı) manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2022-ci ilin fevral ayından Bakı şəhəri, Yasamal rayonunda yerləşən stomatoloji kabinetdə Anar Hümbətova dişlərini müalicə etdirmək üçün müraciət etmişdir. Razılığa əsasən iddaçı həkimə dişləri müalicə olub qurtarandan sonra 2000 (iki min) manat pul verməli idi. 2022-ci ilin fevral ayından həmin ilin may ayınadək müalicə prosesi davam edirdi. Həkim həmin arxa dişlər üçün əlavə 400 (dörd yüz) manat almış, cəmi iddiaçı 2400 (iki min dörd yüz) manat pul vermişdir. May ayının sonunda müalicə yarımçıq olsa da tamamlanmışdır, lakin arxa dişləri tam yerinə oturmurdu, ona görə də narazı qalaraq həkimə bu iradını bildirmiş, lakin həkim dediklərinə əhəmiyyət verməmişdir. İddiaçı 2022-ci ilin iyul ayında Rusiya Federasiyasına getmişdir. Avqust ayında qabaq dişinin biri sınıb sentyabr ayında yenidən Bakıya qayıtmışdır. Həkimin müayinəsinə gedib və o bildirmişdir ki, belə hallar olur həmin sınan dişini düzəltmişdir. Bir neçə gündən sonra digər bir dişi də ovulub qırılmışdır. Həkim arxa və ön dişlərini söküb, lakin dişlərinin bərpasını boş yerə uzatmışdır. Sonra da iddiaçının razılığı olmadan istəmədiyi neylon dişi israrla tərifləyib qoymaq istəyib, lakin qəbul etməmışdır. İddiaçı həkimdən dəymiş maddi ziyanı tələb edir, yəni üst dişlərinin xərcini ödəməsini istəyir, çünki həkim həmin dişləri düzəltməmiş, sınıq dişləri bərpa etmək əvəzinə daha da pis günə qoymuşdur. O biri dişlər isə ovulmağa başlamışdır. İddiaçı 2022-ci ilin sentyabr ayından dekabr ayına qədər demək olar ki, hər gün həkimin yanına getmişdir ki, onun günahı və məsuliyyətsizliyi ucbatından sınan dişini düzəltsin, onun tərəfindən qoyulmuş ovulan dişlərini də müalicə etsin. Lakin hər dəfə həkim bir bəhanə edib, yalandan onu get-gələ salmışdı. İddiaçının ona verdiyi 2400 (iki min dörd yüz) manat pulu alıb işini tamamlamamışdır. Bununla əlaqədar iddiaçı Yasamal rayon Prokurorluğuna müraciət etmişdir, mülki xarakterli olduğu üçün cinayət işi başlanmamışdır. Cavabdeh2 prokurorluqda yazdığı izahatda “işi ona 2400 manata düzəltmişəm” qeydi var. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun İddiaçı ünvanladığı 09 yanvar 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh2 tərəfindən ona vurulan maddi və mənəvi ziyanın ödənilməməsi barədə müraciətinə baxılmış, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada cavabdehin rəsmi qeydə alındığı yerin birinci instansiya məhkəməsinə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh2 Yasamal rayon Prokurorluğuna vermiş olduğu izahatından görünür ki, Cavabdeh2 pasient –İddiaçı 1000 manat istədiyini, onun isə 900 manat qaytarmağa razı olduğunu bildirmiş, əvvəlcə tərəflər razılaşmış, səhərisi gün isə cavabdeh Rusiyaya getmək üçün bilet pulunu da ondan tələb etdikdə o razı olmamış, sonradan aralarındakı razığın da baş tutmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və qanuni təmsilçisi Cavabdeh2dur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı dişlərini müalicə və düzəltdirmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və baş həkimi Cavabdeh2 müraciət etmişdir. Cavabdeh həkim tərəfindən müəyyən müalicəvi xidmətlər göstərildikdən sonra İddiaçı dişlərində problemlə əlaqədar həkimə müraciət etmiş və ona dəymiş 2400 manat məbləğində maddi zərərin ödənilməsini tələb etmişdir. Hazırki vəziyyətdə iddiaçıya 2400 manat məbləğində ziyanın dəyməsini iddiaçı tərəf sübut edə bilməmişdir. Lakin iş materiallarında olan Cavabdeh2 Yasamal Rayon Prokurorluğuna vermiş olduğu izahatından görünür ki, cavabdeh vurulmuş zərərin əvəzi kimi 900 manat verməyə razı olduğunu bildirmişdir. Belə olduğu halda məhkəmə cavabdeh X2 rayon Prokurorluğunda vermiş olduğu izahatı qismən etiraf olaraq qəbul edərək hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə maddi zərərin əvəzi olaraq 900 (doqquz yüz) manat məbləğində pul tutulmalıdır. Məhkəmə pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması hissəsində isə iddianı əsassız hesab edərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, qanuni təmsilçisi və baş həkimidir. Vurulmuş maddi ziyan isə Cavabdeh2 tərəfindən qismən etiraf olunduğundan, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair hissədə iddia təmin edilməməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Məcəllənin 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci və 8-ci bəndində qeyd olunur ki, «..mənəvi zərər anlayışı şəxsin hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab veçirməsi vahid konteksdə olmalı, yəni şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərər çəkənin mənəvi sarsıntı və iztirablara qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini zərərvuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərər çəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İndiki halda cavabdehin mənə mənəvi zərər vurması işin faktiki hallarından da aydındır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində ona dəyən maddi zərərin ödənilməməsi nəticəsində ona mənəvi zərər dəydiyini bildirsə də, bunun nədə ifadə olunmasını, həmçinin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyan hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “vəkilə ödənilmiş 220 manat pulun qaytarılması" hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bununla bağlı hər hansı sübutu, müqaviləni və ya qəbzi məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 vurulmuş maddi zərərə görə 900 (doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilən 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərə görə 900 (doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56 (əlli altı) manat olmaqla, cəmi 956 (doqquz yüz əlli altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1966/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1966/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver