Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2000/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “zərərin əvəzinin ödənilməsi miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “zərərin əvəzinin ödənilməsi miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sağlamlığının pozulması nəticəsində vurulmuş zərərin əvəzi kimi Bakı şəhəri Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən ödənilən aylıq 210 manat ödəncin, yaşayış minimumu artımına mütənasib olaraq artırılaraq aylıq 246 manat müəyyən edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin 04 noyabr 2004-cü il tarixli 2(004)-2328/2014 nömrəli qətnaməsi ilə onun Bakı şəhəri Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair dair iddiası rədd edilmişdir. Bu qətnamədən apellyasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 fevral 2005-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Yasamal rayon Məhkəməsinin 04 noyabr 2004-cü il tarixli qətnaməsi ləğv olunmuş, ona xx.xx.2004-cü il tarixdən başlayaraq əlillik nəticəsində itirilmiş orta aylıq əmək haqqı olan 162.095 manat (AZM) Yasamal rayon MKTB-i tərəfindən ödənilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, ondan kassasiya şikayəti verilməmişdir. O, Ağdam rayonundan məcburi köçkündür. xx.xx.2000-ci ildən 04 noyabr 2003-cü il tarixə qədər (yəni avtomaşınla vurulana qədər) Yasamal rayon MKTB-də süpürgəçi işləmişdir. 04 noyabr 2003-cü ildə saat 12-30 radələrində İnşaatçılar prospektində öz əmək funksiyanı yerinə yetirən zaman yəni, yolu süpürən zaman VAZ-2106 markalı avtomaşınla vurulmuş, ömürlük əmək qabiliyyətini tam itirərərək İİ qrup əlil olmuşdur. İş üzrə avtomaşının sürücüsü K.Mehdixanov Yasamal rayon Məhkəməsinin 02 fevral 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmuşdur. Apellyasiya Məhkəməsinin qətnaməsinə uyğun olaraq 162.095 manat həmin dövrdə zərərin əvəzi kimi köhnə Azərbaycan manatı ilə olan məbləğ olmuş, yeni Azərbaycan manatı ilə isə 32,41 manat zərərin əvəzi olan vəsaiti almağa başlamışdır. Bundan sonra, yəni 2011-ci ildə yaşayış minimumun dəyişməsi ilə əlaqədar olaraq Yasamal rayon Məhkəməsinə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-3398/11 saylı qətnaməsinə əsasən 01 sentyabr 2010-cu ildən başlayaraq zərərin əvəzi aylıq 85 manat müəyyən edilmişdir. Bunda sonra yenidən 2013-cü ildə yaşayış minimumunun dəyişməsi ilə əlaqədar olaraq Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-5483/13 saylı qətnaməsi ilə aylıq zərərin miqdarı 116 manat müəyyən edilmişdir. Bundan sonra yaşayış minimunun dəyişməsi ilə bağlı yenidən Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-5594/2017 saylı 04 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən, bu 116 manat müəyyən edilmiş ödənc 155 manat müəyyən edilmiş və həmin ödəncin xx.xx.2017-ci il tarixindən cavabdeh Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənilməsi qət edilmişir. Bundan sonra yaşayış minimunun dəyişməsi ilə bağlı yenidən Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-3526/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aylıq ödənc 173 manat, Yasamal rayon Məhkəməsinin (hakim F.Əyyubov) 2(004)-1882/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 180 manat aylıq ödənc müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4534/2022 nömrəli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-1882/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aylıq 180 manat ödənc, minimum əmək haqqının artımına mütənasib olaraq artırılaraq aylıq 210 manat müəyyən edilmişdir. Hazırda minimum əmək haqqının artımına mütənasib olaraq 246 manat ödənilməsini tələb edir. İddiaçı və cavabdeh Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir, tərəfloər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini müdafiə etdiyini, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia tələbini müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon MKTB-nin 42 saylı xx.xx.2004-cü il tarixli arayışından görünür ki, X1 Rayon MKTB-nin sanitar təmizlik sahəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək küçə süpürgəçisi işləyib, Ağdam qaçqınıdır, xx.xx.1964-cü ildə anadan olub, 4 övladı var, təqaüdçüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 812660 saylı arayışından görünür ki, İddiaçı ikinci qrup əlildir. AA serialı 100472 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Apellyasiya Mülki işlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli 1mk-596/2005 nömrəli qətnaməsi ilə X2 xx.xx.2004-cü il tarixdən başlayaraq əlillik nəticəsində itirilmiş orta aylı əmək haqqı 162.095 manat Yasamal Rayon MKTB tərəfindən ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4534/2022 nömrəli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1882/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aylıq 180 manat ödənc, minimum əmək haqqının artımına mütənasib olaraq artırılaraq aylıq 210 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığma vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Mülki Məcəllənin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artıla bilər. Mülki Məcəllənin 1124.1-ci maddəsinə əsasən dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. Mülki Məcəllənin 1124.2-ci maddəsinə əsasən minimum əmək haqının artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı minimum əmək haqqının artımına mütənasib surətdə artırılır. Mülki Məcəllənin 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 675-VİQD nömrəli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edildiyindən hazırda yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından iddiaçı ona təyin olunmuş ödəncin artırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 210 manat ödəncin miqdarı, minimum əmək haqqının artımına mütənasib artırılaraq aylıq 246 manat müəyyən edilməli, həmin ödənc xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Bakı şəhəri Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutularaq iddaçı İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4534/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 210 manat ödəncin miqdarı, minimum əmək haqqının artımına mütənasib artırılaraq aylıq 246 (iki yüz qırx altı) manat müəyyən edilsin, həmin ödənc xx.xx.2023-cü il tarixdən cavabdeh Bakı şəhəri Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutularaq iddaçı İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2000/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2000/2023
23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver