Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2007/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Həsənqulu qızının cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş 5770 manat məbləğində ümumi maddi zərərin ödənilməyən 3458 manat məbləğində hissəsinin və Cavabdeh2 vurduğu mənəvi zərərə görə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 07.40 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində idarə etdiyi özünə məxsus “Jeep” markalı, **-TD- *** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən Cavabdeh2 idarə etdiyi “Hyundai Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə avtomobilini vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə, zərbənin təsirindən avtomobili parklanma vəziyyətində olan “Mazda” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə toxunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Bu, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və digər sübutlarla təsdiq olunur. Cavabdeh2 yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Hadisənin baş verməsindən sonra və təqsirkarın hadisə yerindən yayınmasından sonra o və “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə gedərək hadisə barədə məlumat vermiş, müraciətləri əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanmış, baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi sənədləşdirmiş və qeydə alınmış, hadisəni törədən “Hyundai Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Cavabdeh2 olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhər DYPİ-nin əməkdaşı polis kapitanı Abbasov Elçin tərəfindən Cavabdeh2 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.2.-Cİ və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” 000504 nömrəli arayışından görünür ki, ona məxsus “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sağ qapısı və avtomobilin qabaq hissəsi xarici əzintilərə məruz qalmış, zədələnmişdir. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin vəzifəli şəxsi polis polkovniki X4 xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərarı ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 07.40 zamanında Yasamal rayonunun H.Məcidov küçəsi ərazisində “Hyundai Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozması xətasını (327.2) və yol hərəkəti qaydalarını pozduqdan sonra yol nəqliyyat hadisəsi yerindən yayınması xətasını (327.6.) törətdiyinə görə təqsirli hesab edilərək barəsində 100 manat məbləğində cərimə edilmə tənbeh növü seçilmişdir. Qərardan şikayət verilməmiş və qüvvəyə minmişdir. Cavabdeh2 sığortalı olduğu üçün müraciəti əsasında hadisə ilə bağlı "xxxx" ASC tərəfindən sığorta aktı tərtib edilmiş, dəymiş ziyanın məbləğinin 4090 AZN olduğu qeyd edilmiş, ona 2312,83 AZN ödəniləcəyi qərara alınmışdır. Dəymiş ziyanın sığorta şirkəti tərəfindən tam şəkildə ödənilməməsi “Mazda” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə də zərər vurulması, sığorta şirkətinin onun da zərərini ödəyəcəyi ilə və qanunvericiliklə müəyyən edilmiş zərər qarşılama limitinin olması ilə əsaslandırılmışdır. Bununla razlaşmayaraq, avtomobilinə vurulmuş zərərin daha dəqiq hesablanması üçün müstəqil olaraq "xxxx" MMC hüquqi şəxsinin “Hibrid City” adlı avtoservisinə müraciət etmiş, həmin avtoservisdə tərtib olunmuş aktla müəyyən edilmişdir ki, avtomobilə vurulmuş zərər ən azı 4400 AZN məbləğindədir. Qeyd edilən 4400 AZN məbləğindən əlavə olaraq, ön sağ fara 230 AZN, ön lampa 350 AZN, ön işığın dumannı oçkisi – 50 AZN, su radiatoru – 250 AZN, kondisioner radiatoru – 240 AZN, ön oblisovka 100 AZN, ön sağ dumannı – 150 AZN,cəmi 1370 manatlıq ehtiyat hissələrini də satın almışdır. Göründüyü kimi, kapot ehtiyat hissəsi xərci (1000 AZN) və işçilik xərclərindən (3400 AZN) əlavə 1370 manat məbləğində xərcləri olmuşdur. Bu ehtiyat hissələri satıcı mağaza tərəfindən xaricdən sifariş edilərək gətirilmişdir. Bunu təsdiq edən 3 ədəd alqı-satqı kassa çekləri vardır. Beləliklə, Cavabdeh2 təqsirli əməli nəticəsində ona 5770 AZN (4400+1370=5770) məbləğində real zərər vurulmuşdur. Həmin məbləğin 2312 AZN-lik hissəsi "xxxx" ASC tərəfindən ödənilsə də, yerdə qalan 3458 AZN zərər nə sığorta şirkəti, nə də təqsirkar tərəfindən ödənilməmişdir. "xxxx" ASC-yə qarşı tələbini onunla əsaslandırır ki, sığortaçı şirkət zərərin onun tərəfindən təyin edilmiş qiymətləndirilməsindən (4090 AZN) və ödəmək istədiyi sığorta ödənişi məbləğindən (2312 AZN) narazı qalmasına baxmayaraq, zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təmin etməmişdir. Sığorta şirkəti ona görə müstəqil ekspertə müraciət etməmişdir ki, fərqli bir rəqəmin ortaya çıxacağını öncədən bilmişdir. Avtomobilinin təmiri üçün pul vəsaitinə ehtiyac hiss etdiyindən onların təqdim etdiyi akta məcburən imza etmişdir ki, heç olmasa zərərin bir hissəsini də olsa ödəsinlər. Əslində isə ödənilmiş məbləğ heç ümumi məbləğin yarısı belə etmir. Cavabdeh2 isə ona bir miqdarda sığorta ödənişinin ödənilməsini bəhanə edərək zərərini tam şəkildə ödəməkdən imtina edir. Nəinki imtina edir, heç danışığa belə gəlmir. Bu üzdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əlavə tələb olaraq onu da bildirmək istəyir ki, Cavabdeh2 tərəfindən ona vurulmuş mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaiti də ödənilməlidir. Bu şəxs hadisəni törətməsinə baxmayaraq, nəinki üzrxahlıq etməmiş,əksinə, ilk öncə hadisə yerindən yayınmışdır ki, o da, işindən-gücündən yayınaraq aidiyyəti orqanlarda müraciətlər etməyə məcbur olmuşdur. Bundan əlavə, ondan polis orqanlarına əsassız və böhtan xarakterli şikayət etmişdir ki, guya hadisəni o törətmiş, onun avtomobilini vurmuş və zədələmişdir. Halbuki, hadisənin araşdırılması nəticəsində onun təqsirli olması aşkara çıxmışdır. Bütün bunlarla cavabdeh ona mənəvi sıxıntı yaşatmışdır. Bu azmış kimi, bir müddət bundan əvvəl iş yerində saxladığı avtomobilini onun orada olmadığı müddətdə gəlib cızaraq zədələmiş və qaçıb getmişdir. Bu iki dəfə təkrar olunmuşdur. Dərhal polis orqanına məlumat vermiş və bunun da Cavabdeh2 tərəfindən törədilməsi müəyyən edilmişdir. Hazırda onun son əməli ilə bağlı ərazi polis orqanında əmlaka qəsdən zərər vurma faktı üzrə araşdırılma aparılır və müvafiq qərar qəbul ediləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3301 saylı eksperti rəyində göstərilən ziyan məbləğindən verilmiş sığorta ödənişi çıxıldıqdan sonra qalan məbləğin iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış Cavabdeh2 idarə etdiyi “Hyundai Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı Həsənqulu qızına məxsus “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilə və hadisənin üçüncü iştirakçısı X2 məxsus “Mazda” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin vəzifəli şəxsi polis polkovniki X4 xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci (yolayrıcı keçmə qaydalarının pozulması) və 327.6-cı maddələrində (yol hərəkəti qaydalarını pozduqdan sonra yol nəqliyyat hadisəsi yerindən yayınma) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə edilmə tənbeh növü seçilmişdir. "xxxx" ASC tərəfindən sığorta aktları tərtib edilmiş, “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın məbləğinin 4090 manat, “Mazda” markalı, **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin isə 4752 manat olduğu müəyyən edilmişdir. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə"də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limitin 5000 manat təşkil etməsi və həmin məbləğin zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən az olması, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mülanasib surətdə ödənilməsi nəzərə alınmaqla, iddiaçıya 2312,83 manat, X2 isə 2687,17 manat ödənilməsi qərara alınmış və həmin məbləğdə sığorta ödənişləri onlara ödənilmişdir. İş materiallarına əlavə olunmuş “Hibrid City” avtoservisi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli təmin aktının surətindən görünür ki, “Jeep” markalı, **-TD-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın məbləği 4400 manat təşkil edir. İş materiallarına əlavə olunmuş alqı-satqı kassa çeklərinin surətindən görünür ki, İddiaçı Həsənqulu qızı avtomobilin təmiri üçün ön sağ fara- 230 AZN, ön lampa- 350 AZN, ön işığın dumannı oçkisi- 50 AZN, su radiatoru – 250 AZN, kondisioner radiatoru – 240 AZN, ön oblisovka 100 AZN, ön sağ dumannı – 150 AZN, cəmi 1370 manatlıq ehtiyat hissələri satın almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3301 saylı eksperti rəyindən görünür ki, Xalq Sığorta” tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Jeep Compas” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4540 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-3270 manat; təmir-bərpa işlərinin qiyməti 1270 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 58.3-cü maddəsinə görə isə bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya cəmi 4540 manat məbləğində ziyan dəymiş, həmin məbləğdən 2312,83 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, Cavabdeh1 ASC-dən vurulmuş maddi ziyana görə 2227,17 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh2 mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutulması hissəsində tələb iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddiaçı tərəfindən tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı Həsənqulu qızı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində mənəvi sıxıntı yaşamasını göstərsə də, bu halı təsdiq edən sübutlar təqdim olunmamış və tələb əsaslandırılmamışdır. Odur ki, bu hissədə iddia tələbi əsaslandırılmadığına görə təmin olunmamalıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 91 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutulmalı, habelə, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul Cavabdeh1 ASC-dən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ASC-dən vurulmuş maddi ziyana görə 2227,17 (iki min iki yüz iyirmi yeddi manat 17 qəpik) manat məbləğində pul vəsaiti və 91 (doxsan bir) manat dövlət rüsumu tutularaq, İddiaçı Həsənqulu qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 ASC-dən tutularaq, tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2007/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2007/2022
14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver