Məhkəmə qərarları › İş №2(004)-201/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-201/2022

10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-201/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə ilə məhkəməyə müraciət edərək, evinə vurulmuş zərərin əvəzi olaraq 2600 manatın, 10000 manat mənəvi ziyanın, ödənilmiş 31 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 100 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması, cavabdehlərin yaşadıqları ünvan 1 ünvanında çirkab sularının həyətdə qazıdılmış quyuya (şamboya) axıdılmasının cavabdehlərə qadağan edilməsi, həmin ünvanda çirkab sularının axıdılması üçün qazılmış quyunun (şambonun) cavabdehlərin vəsaiti hesabına tam bağlanılaraq (tam örtülərək) ləğv edilməsi, axıdılan çirkab sularının cavabdehlərin vəsaiti hesabına həmin evə yaxın olan mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulması vəzifəsinin cavabdehlərin öhdələrinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 105A saylı ev ona məxsusdur və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə ünvan 1 ünvanında yaşamaqla onunla divar qonşularıdırlar. Cavabdehlər evlərindən çıxan çirkab suların axıldılması üçün həyətlərində quyu (şambo) qazdırmış və çirkab sularını həmin quyuya axıdırlar. Həmin quyu evinin divarlarına yaxın məsafədə olduğundan toplanmış çirkab sular oradan evinə axır. Bunun nəticəsində evinin divarları və döşəmələri yararsız vəziyyətə düşmüş, üfunət quxusundan o biri otaqlardan da istifadə etmək qeyri-mümkün olmuş, cavabdehlərin təqsiri üzündən ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Cavabdehlərin təqsiri üzündən evinə vurulmuş zərərin aradan qaldırılmasına 2600 manat vəsait tələb olunur. Cavabdehlərin təqsiri üzündən əmlaklarının zədələnməsinə, həmin əmlaklarından istifadə edə bilmədiyinə, dəfələrlə cavabdehlərdən qanunsuz hərəkətlərinə son qoymalarını tələb edərək bu yaşda əsəb sarsıntıları keçirməyinə görə 10000 manat mənəvi zərər çəkməyə də məruz qalmışdır. Dəfələrlə cavabdehlərdən həmin quyunun ləğv edilməsini, axıdılan çirkab sularının kanalizasiya xəttinə qoşmalarını və vurulan zərəri aradan qaldırmalarını tələb etsə də, cavabdehlər tərəfindən heç bir tədbir görülməmiş, qanunsuz hərəkətlərini bu gündə davam etməkdədirlər. Cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün əlaqədar orqanlara müraciətlər etmiş, Yasamal rayon sukanal idarəsinin cavabına əsasən cavabdehlərin yasadıqları evdə yerləşən kanalizasiya xətti idarənin balansında olmadığından yaranmış problemin aradan qaldırılması üçün aidiyyətı üzrə müraciət etməsi izah edilmişdir. Cavabdehlər tərəfindən ona ziyan dəyməsi 32 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş aktla da təsdiq edilir. Pozulmuş hüquqlarının məhkəmədə bərpa olunaraq müdafiəsi üçün vəkillə müqavilə bağlayaraq 100 manat vəsait ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbu etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsasızdır. Belə ki, 2003-cü ildə ünvan 1 ünvanına köçmüşlər və həyətin yuxarı və aşağı hissələrində kanalzasiya xətti olmuş, yağış, qar suları, mətbəx və hamam suları qonşu həyətdən keçən kanalzasiya xətti ilə getmişdir. Bir az yaşadıqdan sonra həyətin su ilə dolduğunu görmüş, Püstə xanım kanalizasiya xəttini bağladığını demişdir. 2004-cü ildə məhkəməyə müraciət etmiş, lakin nəticəsiz qalmışdır. Evin müəyyən hissələrinin suyu yuxarı kanalzasiya xətti ilə gedir, digərləri aşağı kanalzasiya xətti ilə gedir. Bir daha qeyd edir ki, evi alarkən iki kanalzasiya sistemi olmuş, qonşu ilə problem yaşamamaq üçün quyu qazdırmış, ora motor qoydurmuşlar. Belə ki, qonşu kanalizasiya sistemini bağlamışdı, ətraf ərazidən isə kanalizasiya xəttinin keçməsi heç cür mümkün deyil. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbu etməyərək, eyni məzmunda izahat vermiş və onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı iddia etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 evlərindən çıxan çirkab suların axıldılması üçün həyətlərində quyu (şambo) qazdırmaları və çirkab sularını həmin quyuya axıtmaları nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 138 saylı fərdi yaşayış evi Cavabdeh1 və X4 məxsusdur. İş materiallarına əlavə olunmuş 32 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, M.C.Məmmədzadə küçəsi 105 A (265) ünvanında yaşayan X5 evin döşəmə hissəsinə su sizmasını ilə bağlı müraciət etmişdir. Həmin ünvana baxış zamanı evin bir hissəsində su sizma halları aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının Müavini tərəfindən Yasamal rayon Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək Vasif Əliyev küçəsi 138 ünvandaki kanalizasiya boruların nasazlığı nəticəsində yaşadığı mənzilin döşəməsinə çirkab suların yığılmasını bildirərək problemin həllində köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsi tərəfindən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının "xxxx" ASC-yə ünvanlanmış və aidiyyəti üzrə Yasamal rayon Sukanal İdarəsinə göndərilmiş məktubuna əsasən müvafiq qaydada araşdırılma aparılmış və nəzərinə çatdırılmışdır ki, Yadulla Əkbərovun Ə-690 saylı, xx.xx.2021-ci il tarixli müraciət ərizəsinə cavab olaraq V.Əliyev küçəsi 138 ünvanında yerləşən kanalizasiya xətti Yasamal rayon Sukanal İdarəsinin balansında olmadığına və üzərində fərdi yaşayış evi tikildiyinə görə İdarə tərəfindən köməklik etmək mümkün olmaması və bu problemin aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, məhkəmənin müraciətinə əsasən İdarənin əməkdaşları tərəfindən müvafiq qaydada araşdırma aparılmışdır. V.Əliyev küçəsi 138 və M C Məmmədzadə küçəsi 105 A saylı evlərin çirkab su xəttlərinin sxemləri tərtib edilərək məhkəməyə göndərilir. Qeyd edilmişdir ki, fərdi yaşayış evlərinin daxili kanalizasiya şəbəkələri ev sahibləri tərəfindən çəkilmişdir və "Azərsu ASC-nin balansında deyildir. İş materiallarına əlavə olunmuş ünvan 5 ünvanında qeydiyyatda olan X6 tərəfindən yazılaraq notariat qaydasında təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, hazırki Vasif Əliyev küçəsindəki 138 saylı fərdi yaşayış evi ərizəçinin ailəsinə məxsus olmuşdur. X1 1997-ci ildə həmin evi hazırda orada yaşayan Rauf adlı şəxsin qaynatası Akif adlı şəxsə satmışdır. Evlərindən axıdılan çirkab suları hazırki V.Əliyev küçəsindəki mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmuşdur. Evi satarkən həyətdə çirkab suların axıdılması üçün quyu (şampo) olmamış və qonşuların həyətindən hər hansı kanalizasiya xətləri keçməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/533 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki Bakı şəhəri, Yasamal rayonu, M.S.Məmmədzadə küçəsində yerləşən 105A saylı yaşayış evinə Bakı şəhəri Yasamal rayonu, V.Əliyev küçəsində yerləşən 138 saylı yaşayış evinin həyətyaı sahəsində qazılmış kanalizasiya quyusundan çirkab suları axdığı və nəticədə 105 saylı yaşayış evinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Tədqiq olunan 105A saylı yaşayış evində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2079 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehlərin yaşadığı 138 saylı yaşayış evinin yerləşdiyi V.Əliyev küçəsində ümumi kanalizasiya xəttinin keçdiyini, eləcə də evin həyətyanı torpaq sahəsindəki sanitar qovşağının kanalizasiya borusunun küçə tərəfdə yerləşən həmin ümumi kanalizasiya borusuna birləşdirildiyini nəzərə alaraq, 138 saylı yaşayış evinin çikab sularının da həmin evə yaxın olan mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulması texniki cəhətdən mümkündür. Tədqiq olunan yaşayış evlərinin yerləşdiyi ünvanda ümumi kanalizasiya xəttinin çəkilməsinə dair layihə sənədləri təqdim edilmədiyindən (bu barədə xx.xx.2021-ci il tarixli vəsatət verilmişdir), cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X7 yaşadıqları ünvan 6 ünvanından keçən (ilkin) kanalizasiya xəttinin olub-olmadığını və hardan keçməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, mülki iş üzrə məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, hazırki Vasif Əliyev küçəsindəki 138 saylı fərdi yaşayış evindən axıdılan çirkab suları hazırki V.Əliyev küçəsində mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmuş, lakin, sonradan həmin kanalizasiya xətti hazırki iş üzrə İddiaçı (ailəsi) tərəfindən bağlanmış və iş üzrə cavabdehlər tullantı sularının axıdılması məqsədi ilə öz həyətlərində quyu qazdırmış və ora motor qoydurmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə isə, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə görə isə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan evin coğrafi yerləşməsindən istifadə edərək, cavabdehlərə məxsus evdən tullantə sularının axıdılması üçün kanalizsiya xəttinə çıxışını əngəlləməklə mülkiyyətçi hüququndan sui-istifadə etmişdir. Cavabdehlərin iddiaçının hərəkətinə cavab olaraq özlərinə məxsus evdən çirkab sularının axıdılması üçün quyq qazdırmaları isə hüquqa zidd əməl, delikt kimi qiymətləndirilə bilməz. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, bundan əlavə, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul iddiaçıdan tutularaq, Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar