Məhkəmə qərarları › İş №2(004)-2029/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2029/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2029/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X2, X1 və Cavabdeh3 qarşı "istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, X1 və Cavabdeh3 qarşı "istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 162 saylı evin 2 otağı, ümumi yaşayış sahəsi 24.6 kv.m. olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdehlər X2, X1 və Cavabdeh3 İddiaçı qardaşının övladlarıdırlar, sözügedən ünvanda qeydiyyatdadırlar, lakin heç vaxt həmin ünvanda yaşamamışlar. Həmin şəxslər uzun illərdir ki, özlərinə məxsus müxtəlif ünvanlarda yaşayırlar və yuxarıda göstərilən ünvanda formal qeydiyyatdadırlar. İddiaçının mülkiyyəti üzrə sərbəst sərəncam vermək imkanı məhdudlaşmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi, cavabdehlərin həmin ünvandan istifadə hüquqlarına xitam verilməsi xahiş olunur. İddiaçı məhkəməyə izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan sənədlərə (mənzilə dair çıxarış və mənzilə qeydiyyat barədə DİN-in arayışı) əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 162 saylı evin 2 otağı, ümumi yaşayış sahəsi 24.6 kv.m. olan fərdi yaşayış evi mənzil İddiaçı paylı mülkiyyətindədir və cavabdehlər X2, X1 və Cavabdeh3 həmin mənzildə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra: MM) 48 və 87-ci maddələri çıxış edir. MM-in 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. MM-in 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, mənzilə qeydiyyat özlüyündə istifadə hüququnun yaranmasına səbəb olmur. Belə ki, mənzilə qeydiyyat formal xarakter də daşıya bilər. İstifadə hüququ mövcud olsa belə, bu hüquq mütləq xarakter daşımır. Mülkiyyətçinin mülkiyyət hüquqlarının tam təmin olunması məqsədilə müvafiq hüquqi zərurət aradan qalxdığı halda hüquq sahibinin istifadə hüququna xitam verilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, cavabdehlər X2, X1 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 162 saylı evin 2 otağı, ümumi yaşayış sahəsi 24.6 kv.m. olan fərdi yaşayış evində formal qeydiyyatda olmaqla həmin ünvanda yaşamamışlar. Odur ki, cavabdehlərin daşınmaz əmlaka dair istifadə hüququ yaranmamışdır. İstifadə hüququ yaranmadığından mövcud olmayan hüquqa xitam verilməsi yolverilməzdir. İddia tələbi cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə olsa idi, iddia tələbi təmin edilə, sözügedən ünvanda cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi faktı müəyyən edilə bilərdi. Hazırda isə iddia tələbi təmin edilməməlidir. iddiaçıya izah edilməlidir ki, cavabdehlərin sözügedən ünvandan qeydiyyatdan çıxarılmaları barədə müvafiq inzibati orqana (DİN-in müvafiq rayon (şəhər) polis idarəsi) müraciət etmək hüququ vardır. Hazırki mülki iş üzrə mülkiyyətçi olan İddiaçı mülkiyyət hüquqları tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən aktiv prosessual fəaliyyət həyata keçirilməmişdir. Bu səbəbdən, məhkəmə mübahisəyə iddiaçının təqdim etdiyi sübutlar daxilində baxmağı qanuni və əsaslı hesab edir. Nəzərə almaq lazımdır ki, iddia tələbi üzrə təkzibetmə (sübutemə) yükü cavabdehlər X2, X1 və Cavabdeh3 üzərindədir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı izah edilməldir ki, cavabdehlər X2, X1 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 162 saylı evin 2 otağı, ümumi yaşayış sahəsi 24.6 kv.m. olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları barədə müvafiq inzibati orqana (DİN-in müvafiq rayon (şəhər) polis idarəsi) müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X2, X1 və Cavabdeh3 qarşı "istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı izah edilsin ki, cavabdehlər X2, X1 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 162 saylı evin 2 otağı, ümumi yaşayış sahəsi 24.6 kv.m. olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları barədə müvafiq inzibati orqana (DİN-in müvafiq rayon (şəhər) polis idarəsi) müraciət etmək hüququ vardır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar