Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2109/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı subroqasiya qaydasında pul tələbinə dair dair kiçik iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 MMC –dən 400 manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, xarici ölkənin vətəndaşı Cavabdeh1 21.09.2012-ci il tarixdə Bakı şəhəri Qəbələ dairəsi ərazisində Cavabdeh2 MMC-yə məxsus “iveco Otoyol M29/12” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən tərəfimizdən sığortalanmış “Lexus LX 470” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 500 manat maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən idarə olunan “İveco Otoyol M29/12” markalı ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud deyildir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Yasamal Rayon Məhkəməsinin 22.10.2012-ci il 3(004)-1118/2012 saylı İnzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 27.09.2012-ci il Qüsur aktına əsasən “Lexus” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat ziyan dəymişdir. 22 oktyabr 2012-ci il tarixli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti “Lexus LX 470” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 100 manat franşiza məbləği çıxılmaqla 400 AZN sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 400 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-2109/2021 saylı 18.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək, izahatında göstərmişdir ki, 21.09.2012-ci il tarixdə Bakı şəhəri Qəbələ dairəsi ərazisində Cavabdeh2 MMC-yə məxsus mən yol vərəqəsi ilə idarə etdiyim “iveco Otoyol M29/12” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Lexus LX 470” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə bilmədən toqquşmuşdur. Barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmənin 22.10.2012-ci il tarixli qərarı ilə 200 manat məbləğində cərimə edilmiş və səhəri gün həmin cəriməni ödəmişdir. Eyni zamanda İddiaçı Sığorta Şirkəti ASC-nə gedərək onlarla avtomobilə dəymiş 500 manat qiymətləndirilmiş zərərə görə orda işləyən Mübariz adlı şəxsə 300 manat ödəmiş, bununla bağlı ona qəbz təqdim edilmişdir. Bu hadisənin üzərindən 9 il keçdiyindən həmin qəbzləri saxlamamışdır. Məlumat almışdır ki, Mübariz adlı şəxs də vəfat etmişdir. Ona görə də iddia tələbinin özünə aid hissədə, yəni 200 manat hissəsində qəbul edir və həmin məbləği ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 MMC-nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AB seriyalı 265694 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il buraxılışlı İveco Otoyol M29/12 avtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətindədir. İş materiallarında olan AB seriyalı 634669 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı il buraxılışlı Lexus LX 470 minik markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 21 sentyabr 2012-ci il tarixli DXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 21 sentyabr 2012-ci il tarixdə saat 15:30 radələrində yol vərəqəsi ilə idarə etdiyi 2001-ci il buraxılışlı İveco Otoyol M29/12 avtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Qələbə dairəsinə yerdəyişmə edib sağa dönərkən özü ilə eyni istiqamətdə sağında hərəkət edən 2006-cı il buraxılışlı, “Lexus LX 470” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib onunla toqquşmuş və ona maddi ziyan dəymişdir. Xəsarət alan olmamışdır. Bununla da, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli 3(004)-1118/2012 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan ATX firması tərəfindən tərtib edilmiş 27.09.20120-ci il tarixli Qüsur aktından görünür ki, 2006-cı il buraxılışlı, “Lexus LX 470” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobilə dəymiş zərərin məbləği rəngsaz işi 300 manat, dəmirçi işi 200 manat olmaqla cəmi 500 (beş yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 22 oktyabr 2012-ci il tarixli MİP-1 2162/2012 nömrəli sığorta aktının məzmunundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilə X5 arasında bağlanmış MİP-123626 nömrəli 22 oktyabr 2012-ci il tarixli könüllü sığorta müqaviləsinə əsasən 2009-cu il buraxılışlı, **-MB-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX 470” markalı avtomobilin sahibinin mülki məsuliyyətinin sığortaçı cəmiyyətdə sığortalanması əsası ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs X6 21 sentyabr 2012-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı 27.09.2012ci il tarixli qüsur aktına uyğun olaraq 100 (bir yüz) manat franşiza məbləği çıxılmaqla 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 23 oktyabr 2012-ci il tarixli 3245 nömrəli kassa məxaric orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs X4 hesabına 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 MMC-nə ünvanladığı müvafiq olaraq 08 yanvar 2021-ci il tarixli pretenziya məktublarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 400 (dörd yüz) manat məbləğində maddi ziyan sığorta ödənişi şəklində faydalanan şəxsə ödənildiyindən, həmin məbləğin subroqasiya qaydasında ödənişinin 10 (on) iş günü müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə müvafiq məbləğin qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan “İcbari Sığorta Bürosu”nun icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışın surətindən görünür ki, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair icbari məsuliyyət sığortası üzrə müqavilə barədə məlumat tapılmamışdır. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri mlumatlarının çıxarışından müəyyən olunur ki, Cavabdeh2 MMC 18.07.2002-ci il tarixdən qeydiyyata alınmışdır və hüquqi ünvanı ünvan 1 olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/2210 saylı rəyinin nəticə hissəsinə əsasən müəyyən edilir ki, “ATX” firmasının 27.09.2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Lexus LX 470” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 500 manat təşkil edir. Ekspert rəyindən, eyni zamanda, müəyyən edilir ki, aparılmış ekspertiza təqdiqatının dəyəri 100 manat təşkil edir. 16 fevral 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 Cavabdeh2 MMC nin İveco Otoyol M29/12 avtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İddiaçı SŞ ASC-də sığortalanmış mülkiyyətində olmuş İveco Otoyol M29/12 avtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil X7 tərəfindən idarə olunan 2009-cu il buraxılışlı, **-MB-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX 470” markalı avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində Bədəlov X8 Rayon Məhkəməsinin 22 oktyabr 2012ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə təqsirli bilinmişdir. X4 avtomobilinə dəymiş ziyan İddiaçı SŞ ASC tərəfindən ödənilmişdir. Törədilmiş hüquqa zidd hərəkət nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı SŞ ASC-yə keçmişdir. Məhkəmə qeyd edir ki, işlə bağlı mübahisələndirilməyən hallar ondan ibarətdir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərar ilə sübuta yetirilmişdir. Cavabdeh1 məhz İveco Otoyol M29/12 avtobus markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 MMC tərəfindən avtomobilə dair icbari sığorta müqaviləsi bağlamadan verilmiş yol vərəqəsi əsasında avtomobili idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində digər avtomobilə zərər vurduğundan, Cavabdeh2 MMC də vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərə görə də məsuliyyət daşıdığından, dəymiş maddi zərər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC–dən müştərək qaydada tutulmalıdır. İddia tələbindən göründüyü kimi, İddiaçı SŞ ASC yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə vurulmuş zərərin ödənilməsini tələb edir, həmin zərərin həcmini azad olma məbləği çıxılmaqla 400 manat məbləğində qiymətləndirir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC– dən müştərək qaydada 400 (dörd yüz) manat ödənilmiş sığorta məbləği İddiaçı Sığorta ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC–dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 400 (dörd yüz) manat məbləğində ödənilmiş sığorta ödənişi və 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC–dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2109/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2109/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver