Məhkəmə qərarları › İş №2(004)-2122/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2122/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2122/2024 20.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Dəmirli (Əlizadə) Aytən Əkbər qızının və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Dəmirli (Əlizadə) Aytən Əkbər qızının cavabdeh Bakı şəhəri 42 saylı Notariat Ofisinə qarşı “xx.xx.2023-cü il tarixli 8İ-2117 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Dəmirli (Əlizadə) Aytən Əkbər qızı cavabdeh Bakı şəhəri 42 saylı Notariat Ofisinə qarşı “xx.xx.2023-cü il tarixli 8İ-2117 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 42 saylı Notariat Ofisinin xüsusi X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-2117 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kreditor "xxxx" ASC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçı Dəmirli (Əlizadə) Aytən Əkbər qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi X1 xx.xx.2021-ci il tarixli BPM**********24B nömrəli müqaviləyə əsasən müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 9480,44 manat borcun və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 9.505,44 manat pulun ondan tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli 8İ-2117 reyestr nömrəli icra qeydi vermişdir. Hazırda icra qeydinə əsasən tutma onun əmək haqqının 50%nə yönəldilmişdir. Onun digər borcları da vardır. Uşağını təkbaşına böyüdür və uşağın müalicəsi üçün vəsait tələb edilir. Tələbkar və ya notariat ofisi tərəfindən icra qeydinin aparılacağı barədə ona bildiriş təqdim edilməmişdir. O, "xxxx" ASC-yə olan borcunu ödəməkdən yayınmır. Hazırda bu borcu ödəyə bilmir, ona borcu ödəmək üçün bir il möhlət lazımdır. Odur ki, icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Bakı şəhəri 42 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh Bakı şəhəri 42 saylı Notariat Ofisinin qotariusu Tufan Məmmədov xx.xx.2024-cü il tarixli məktubla icra sənədinin verilməsinə əsas olmuş sənədləri məhkəməyə göndərmiş, xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Dəmirli (Əlizadə) Aytən Əkbər qızına 36 ay müddəinə illik 24 faiz hesablanmaqla 8000 manat kredit vermişdir. Borclu krediti vaxtında ödəməmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 400 manat ödəniş etmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. İcra qeydinin veriləcəyi ilə bağlı xx.xx.2023-cü il tarixdə borcalana xəbərdarlıq bildirişi göndərilmiş və borcalan xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə bildirişi almışdır. Lakin borcun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən notariusdan icra qeydi verilməsi xahiş edilmiş və xx.xx.2023-cü il tarixdə icra qeydi verilmişdir. İcra qeydinin ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Əlavə olaraq bildirir ki, iddiaçının aylıq əmək haqqının 50%-dən az məbləğinə tutma yönəldilməsinə bank etiraz etmir. Bunun üçün borcalan banka müraciət edərsə, onun maddi vəziyyətini nəzərə almaqla bunu qarşılıqlı razılaşma ilə həll etmək olar. Hazırda iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə təqdim edilmiş icra qeydindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, "xxxx" ASC-nin bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Dəmirli (Əlizadə) Aytən Əkbər qızına 36 ay müddətinə illik 24 faizlə 8000 manat kredit verilmişdir. "xxxx" ASC tərəfindən X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən edilir ki, bank borcluya 20 gün müddətinə borcunu və ona hesablanmış faizləri qaytarmağı təklif etmiş, əks təqdirdə notarius tərəfindən icra qeydinin aparılacağını bildirmişdir. X2 yaşadığı ünvan 1 ünvana göndərilmiş və xx.xx.2023-cü il tarixdə Leyla Əlizadə adlı şəxs tərəfindən qəbul edilmiş və xəbərnamə imzalanmışdır. Maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixinə Aytən Əlizadənin borcu 9.480,04 manat və icra qeydinə görə notairusa ödənilən rüsum isə 25,40 manat təşkil edir. Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi X1 xx.xx.2021-ci il tarixli BPM**********24B nömrəli müqaviləyə əsasən müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 9480,44 manat borcun və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 9.505,44 manat pulun borclu X5 tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli 8İ-2117 reyestr nömrəli icra qeydi vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Göründüyü kimi, "xxxx" ASC ilə X11 arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən bank icra qeydinin verilməsi üçün notariusa müraciət edilmiş, təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçmədiyinə görə borcun tutulması barədə notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi verilməklə, icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydi icra məmuru tərəfindən icraata qəbul edilməklə, borclunun əmək haqqına yönəldilmişdir. İcra qeydi verilən zaman prosedur qaydalara riayət edilmişdir. İcra qeydinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilə bilməz. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Dəmirli (Əlizadə) Aytən Əkbər qızının cavabdeh Bakı şəhəri 42 saylı Notariat Ofisinə qarşı “xx.xx.2023-cü il tarixli 8İ-2117 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” tələbinə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar