Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2223/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh MMC – nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC – yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış EL 020/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 17 gün ərzində cavabdehə gördüyü işin haqqı olan 2040 manat pulun, cavabdeh tərəfindən ona məxsus nəqliyyat vasitəsinin qanunsuz saxlanılmasına görə 3200 manat məbləğində dəymiş ziyanın, xx.xx.2019-cu il tarixdən bu günədək görülmüş işin haqqı olan 2040 manat məbləğində pulun verilməsini gecikdirdiyi üçün həmin məbləğin illik faizi kimi 250 və 150 manat dəymiş maddi ziyanın, mənəvi ziyana görə 3000 manat məbləğində pulun, ümumilikdə 8640 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "Cavabdeh" MMC ilə aralarında EL 020/19 saylı xx xxxxxxx 2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ona məxsus 90- EK - 262 dövlət nömrə nişanlı, 1985-ci il buraxılışlı “Qaz 5312 AP 17" yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsi ilə kabel kanallarının və kabellərin çəkilməsi üçün "Cavabdeh" zavodu ərazisində xidmət göstərməyi, "Cavabdeh" MMC isə gördüyü işə görə hər gün üçün ona 120 AZN vəsait ödəməyi öhdəsinə götürmüşdü. O, cavabdehin göstərişi ilə özünə məxsus nəqliyyat vasitəsi ilə Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən sənaye məhəlləsində iş görürdü. xx xxxxxxx 2019-cu il tarixdə saat 09:20-də işləri həyata keçirərkən istifadəsində olan "Qaz 5312 AP 17” yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin yağ xortumu partlayaraq "Cavabdeh" zavodu ərazisində şirkətin mülkiyyətində olan HD-F 60200 İİİ Fiber Lazer makinasının idarəetmə pultunun üzərinə yağ məhlulu dağılmışdır. Bundan sonra, heç yarım saat çəkmədi ki, o maşının yağ xortumunu bərpa etdi və işinə davam etməyə başladı. Qeyd etmək istəyir ki, xx.xx.2019-cu il tarixədək o, cavabdehin işini gördü və həmin gün öhdəsinə düşən işi başa çatdırdı. xx.xx.2019-cu il tarixdə o, cavabdehdən müqavilə üzrə 17 gün ərzində gördüyü işin pulunu (17x120 = 2040 manat) istədi. Həmin vaxt ona bildirdilər ki, narahat olma, nəqliyyat vasitəsini burada saxla, pulu gedib Bakıdan, baş ofisdən götürərsən, sonra da gəlib maşınını apararsan. O da onların sözünə inanaraq nəqliyyat vasitəsini Hacıqabul rayonunun Atbulaq kəndində, işlədiyi yerdə saxladı, özü də Şəki rayon Baş Küngüt kəndinə, evinə qayıtdı. Uç-dörd gündən sonra o, Bakıya "Cavabdeh" MMC-nin baş ofisinə getdi və pulunu istədi. Orada ona bildirdilər ki, "o onların avadanlığına ziyan vurduğu üçün ona pul verilməyəcək, nəqliyyat vasitəsini də girov kimi saxlayırlar, ziyanla bağlı məhkəməyə müraciət edəcəklər". Həmin gün o Hacıqabul rayonunun Atbulaq kəndinə gedərək maşınını götürmək istədikdə maşını ona qaytarmadılar. Bundan sonra o 3 dəfə şirkətə gedərək nəqliyyat vasitəsini qaytarmalarını xahiş etmişdir. Bildirmişdir ki, onun himayəsində iki azyaşlı uşaq, iflic xəstəliyindən əziyyət çəkən atası, həyat yoldaşı və yaşlı anası var. Evə qazanc gətirən yalnız odur, maşını qaytarsınlar, gedib ailəsinə çörək pulu qazansın. Lakin, bunun heç bir nəticəsi olmamış və maşınını özünə qaytarmamışlar. Bu minvalla ona məxsus əmlak 30 gün cavabdehin qanunsuz girovluğunda qalmış, 30 gündən sonra o yenə də Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən sənaye məhəlləsinə gemiş və maşınını tələb etmişdir. Əks təqdirdə, DİN-nin "102" xidmətinə qanunsuz hərəkətləri barədə məlumat verəcəyini bildirmişdir. Həmin vaxt ona məxsus nəqliyyat vasitəsini dərhal özünə qaytarmışlar. Bundan sonra o dəfələrlə cavabdehdən gördüyü işin pulunun verilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu azmış kimi "Cavabdeh" MMC ona qarşı Şəki Rayon Məhkəməsinə iddia ilə müraciət edərək, cavabdeh İddiaçı vurduğu maddi zərərə görə 2714 avro və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "Cavabdeh" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-502/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-678/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-502/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC – nin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qismən qəbul etdiklərini və məhkəmədən iddianın 960 manat hissəsinin təmin edilərək Cavabdeh MMC – dən tutulmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli EL 020/19 saylı müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən İddiaçı ona məxsus olan **-EK- *** dövlət nömrə nişanlı, 1985-ci il buraxılışlı, Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsilə kabel kanallarının və kabellərin çəkilməsi üçün Cavabdeh zavodu ərazisində xidmət göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli iş haqqında məlumatdan görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə saat 08:30-dan 17:40-dək, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək saat 09:00-dan 17:00-dək işdə olmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli qiymətlərin razılaşma protokolundan görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə saat 08:30dan 17:40-dək, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək saat 09:00-dan 17:00-dək işdə olmuşdur. Həmin protokola əsasən, İddiaçı işdə olduğu hər günə görə 120 manat olmaqla, ona cəmi 960 (8 gün x 120 manat) manat məbləğində ödəniş edilməsi razılaşdırılmışdır. İş materiallarında olan Şəki rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)- 520/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh MMC – nin İddiaçı vurduğu maddi zərərə görə 2714 Avronun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC – nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(107)-1678/2020 saylı saylı qətnaməsinin surətindən görünür ki, Şəki rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-520/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Cavabdeh MMC – nin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında EL020/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı özünə məxsus olan **-EK-*** dövlət nömrə nişanlı, 1985-ci il buraxılışlı, Qaz 5312AP17 yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsilə kabel kanallarının və kabellərin çəkilməsi üçün Cavabdeh zavodu ərazisində xidmət göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə saat 08:30-dan 17:40-dək, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək saat 09:00-dan 17:00-dək işdə olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli qiymətlərin razılaşma protokoluna əsasən İddiaçı işdə olduğu hər günə görə 120 manat olmaqla, ona cəmi 960 (8 gün x 120 manat) manat məbləğində ödəniş edilməsi razılaşdırılmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə saat 08:30-dan 17:40-dək, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək saat 09:00dan 17:00-dək işdə olması təsdiq edildiyindən, həmçinin iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli qiymətlərin razılaşma protokoluna əsasən bir günə 120 manat məbləğində ödənişin edilməsi razılaşdırıldığından, iddia tələbi qismən, yəni maddi ziyanın 960 (8 gün x 120 manat) manat hissəsində təmin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, İddiaçı gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 250 manat məbləğində faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etsə də, əldən çıxmış faydanın nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla, 250 manat məbləğində faiz məbləği hissəsində əsassızdır və rədd edilməlidir. Həmçinin, məhkəmə İddiaçı 3.000 (üç min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Bundan başqa, məhkəmə iddianın – 30 gün ərzində İddiaçı məxsus əmlakın Cavabdeh MMC tərəfindən qanunsuz saxlanmasına görə 3200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı ona məxsus 90- EK - 262 dövlət nömrə nişanlı, 1985-ci il buraxılışlı “Qaz 5312 AP 17" yük xüsusi təyinatlı markalı, qaldırıcı səbətli tipli nəqliyyat vasitəsinin Cavabdeh MMC – nin qanunsuz sahibliyində 30 gün müddətində saxlandığını qeyd etsə də, bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 960 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC – dən 960 (doqquz yüz altmış) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2223/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2223/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver