Məhkəmə qərarları › İş №2(004)-2238/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2238/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2238/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı " maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə 25.02.2021-ci il tarixdə müraciət edərək Cavabdeh 6500 (altı min beş yüz) manat maddi və 5000 (beş min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 11500 (on bir min beş yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 izahat verərək bildirmişdir ki, İddiaçı 01.04.2020-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-nə müraciət edərək bildirib ki, ünvan 1 ünvanda tanışı Arif adlı şəxsin onun etibarından sui-istfadə edərək, bibisi oğlu Elnurun həbsdən azad olunması üçün əvvəlcə 4000 manat, 22.02.2020-ci il tarixdə isə daha 2500 manat nəğd pulu Arifin dostu Kənan adlı şəxsin yanında götürərək iddiaçını aldatmışdır. İddiaçı Arif adlı şəxsə verilmiş 6500 manat pulun geri qaytarılmasını və sonuncunun günahlandırılaraq barəsində qanuni tədbir görülməsi barədə Səbail rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X3 şikayət ərizəsi ilə müraciət etsə də, 24 iyul 2020-ci il tarixdə Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 tərəfindən müraciətinin cinayət hadisəsi olmaması səbəbini irəli sürərək cinayət işinin başlamasmın rədd edilməsi qərarını vermişdir. İddiaçının işinə şəffaf baxılmamış və qərəzli yanaşılmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddia əsassızdır. Polis oprqanında aradırma zamanı məlum olmuşdur ki, iddiaçı pulu cavabdehə deyil, Kənan adlı şəxsə vermiş, daha sonra isə cavabdehdən 2000 manat borc almışdır. Hazırda əksinə iddiaçının cavabdehə 2000 manat borcu vardır. Pulu Kənan aldığı üçün cavabdeh bu münasibətdə subyekt deyil. Həmçinin iddiaçı iddia tələbi ilə bağlı sübut təqdim edə bilmir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin 24.07.2020-ci il tarixli, HK-1/513 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı şikayəti əsasında araşdırma aparılaraq Cavabdeh əməlində AR CM 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibi aşkar edilmədiyindən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 01.02.2020-ci il tarixdə Aidə Camalaova yoldaşının türmədə olduğunu və ona kömək etmək lazım olduğunu bildirmiş, o da Kənan adlı şəxsin Aidənin yoldaşına köməklik edəcəyini düşünüb Kənan adlı şəxslə birlikdə Aidənin evinə getmiş, Kənan onunla söhbət edərək köməklik edə biləcəyini demiş, Aidə xanım da Kənana ilkin olaraq 3000 manat pul vermişdir. Bundan bir həftə sonra Kənan Aidə xanımdan əlavə 3500 manat pul almış, köməklik edəcəyini bildirmişdir. Bundan sonra Kənan adlı şəxs onlardan gizlənmiş telefonlara cavab verməmişdir. Aidə xanım da ondan Kənandan pulu alıb ona verməsini tələb etmişdir. O da məcbur olub Aidə xanıma 2000 manat pul vermişdir. Kənan adlı şəxs Aidə xanımdan aldığı puldan ona verməmiş, dəfələrlə Kənanla danışaraq ona Aidə xanımın pulunu qaytarmaslnl dediyini bildirmişdir. İşin halları odur ki, iddiaçı cavabdehin onu aldadaraq ondan 6500 manat məbləğində pulu aldığını, sonra isə ona kömək etməməklə yanaşı pulu da qaytarmadığını, eyni zamanda cavabdehin təqsirli hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini iddia edir. Hazırda iddiaçı cavabdehdən 6500 manat məbləğində maddi ziyan və 5000 manat mənəvi zərərin onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehin onu aldadaraq 6500 manat məbləğində pul almasını, cavabdehin təqsirli hərəkətləti nəticəsində ona mənəvi zərər dəydiyini iddia etsə də iddianı sübut edə bilməmişdir. Eyni zamanda cavabdeh də iddianı etiraf etmir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 6500 (altı min beş yüz) manat maddi və 5000 (beş min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 11500 (on bir min beş yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh 6500 (altı min beş yüz) manat maddi və 5000 (beş min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 11500 (on bir min beş yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar