Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2262/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh MMC – yə qarşı “əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh MMC – yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin qiymətləndirilməsi barədə tərtib etdiyi 193/1 nömrəli xx.xx.2020-ci il tarixli Ekspert rəyinin etibarsız hesab edilməsi və həmin rəyin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-138/2021 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş sübut növü hesab olunan Cavabdeh MMC – nin 193/1 nömrəli, xx.xx.2020-ci il tarixli Ekspert rəyinin etibarsız hesab edilməsinə və həmin rəyin ləğv edilməsinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi MPM-in 76.2-ci maddəsinə əsasən ayrıca sübut növü kimi müəyyən edilmiş, həmin Məcəllənin 101.3-cü maddəsində isə ekspertin rəyinin məhkəmədə tədqiq olunması və digər sübutlarla yanaşı qiymətləndirilməsi qaydası əks olunmuşdur. Bu baxımdan, onun müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, qanunvericilik sübutların yuxarıda istinad edildiyi şəkildə məhkəmə baxışı çərçivəsində həyata keçirilən xüsusi qiymətləndirilməsi prosedurunu müəyyən etmişdir. İş üzrə tərəf bir sübut növü kimi rəylə razılaşmadıqda əlavə və ya təkrar ekspertiza təyin olunmasını, yaxud rəyin sübutlar siyahısından çıxarılmasını tələb etməklə onu mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC – yə qarşı “əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC – yə qarşı “əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi, ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2262/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2262/2021
03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver