Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2291/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 13.01.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 49800 manat məbləğində maddi zərər, 3237 manat məbləğində maddi zərər, 3237 manat məbləğində faiz və 30000 manat məbləğində mənəvi zərəri, 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13.01.2020-ci il tarixli 316001 saylı müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 55.3 kv.m olan 316 nömrəli mənzili 42000 manata almışdır. Ancaq onlar tərəfindən müqavilədə cəmi 34000 naııat göstərilmişdir. Bu faktı onunla əsaslandırmışdılar ki, vergi ödənişləri çoxdur, mənzilin dəyəri tam göstərilsə qiymət artacaq. Əlavə də makler pulu 800 manat ödəmişdir. Sonradan başa düşmüşdür ki, "İnşaat Konstruksiyaları“ MMC-ııin rəhbərliyi onu aldadaraq, pulunu mənimsəmişdir. Hal-hazırda tikinti işləri dayandırılıb, şirkətin rəhbərliyi və işçiləri gizlənirlər. O, dəfələrlə pulunun qaytarılması ilə bağlı rəsmi qaydada şirkətə müraciət etmişdir. Ondan da artıq telefon vasitəsi ilə həmin şirkətin işçiləri ilə əlaqə saxlamış pulunun qaytarılmasını tələb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6.5 faiz səviyyəsində dəyişmə saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi 7 faiz həddində saxlanılıb. Cavabdeh ona ödənilmiş 42000 manata görə 800 manat makler puluna görə 7000 manata görə məsuliyyət daşıyır və cavabdeh 49800 və ona hesablanmış 3237 manat məbləğində faizi ödəməlidir. Baş vermiş hadisə nəticəsində sarsıntıdan atası X1 19.01.2021-ci il tarixdə ölmüşdür. Bu hadisə ilə bağlı hesab edir ki, onun mənəvi sarsıntı keçirdiyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb elməkdə haqlıdır. Cavabdeh faktiki onun etibarından sui-istifadə edərək, onu aldadıb, ona maddi və mənəvi ziyan vurmuşdur. Onun hərəkətləri və hərəkətsizliyi nəticəsində o və digər ailə üzvləri sarsantı keçirərək, dəfələrlə təcili yardıma və xəstəxanaya müraciət etmişlər. O, tək anadır, ailə üzvləri də kirayədə qalır. Pulu borca götürüb və axrıncı pulunu üstünə qoyub mənzil almaq istəyirdi, lakin dələduzların əlinə düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, tərəflər arasında 13 yanvar 2020-ci il tarixli müqavilə bağlanılaraq ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən 55.3 kv.m olan 1 otaqlı mənzili 42000 manata iddiaçı Samirə Babazadyə satılmışdır. Lakin tərəflər arasında olan müqavildə mənzilin dəyəri cəmi 34000 manat göstərilmişdir. Bu fakt onunla əsaslandırılmışdır ki, vergi ödənişləri çox olduğundan mənzilin dəyəri tam göstərilsə qiymət artacaq. Müqavilə bağlanıldıqdan bir müddət sonra iddiaçı mənzilini tələb etməsinə baxmayaraq bugünədək nə mənzil, nədəki mənzilə görə ödədiyi pul məbləği ona geri qaytarılmayıb. Hal-hazırda mənzildə hər-hansı bir tikinti işi aparılmır, əgər tikinti işlərinin aparılması müşahidə edilsəydi iddiaçı məhkəməyə müraciət etməzdi. Lakin o, dəfələrlə mənzili ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən ümumiyyətlə müraciəti cavablandırılmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən iddiaçı tərəfindən MTK-ya mənzilin dəyəri üçün 25000 manat pul ödənilib. Müqavilənin 5-ci bəndi fors-major halından bəhs edir. Belə ki, qeyd edilən mənzilin təhvil verilməməsinə səbəbdə elə fors-major halının mövcud olması olub. Dünyada və ölkəmizdə hökm sürən pandemiya şəraiti MTK-nın maddi durumuna təsir etdiyindən o, binanın tikintisində ləngimişdir. Halhazırda həmin binanın tikintisi davam etdilir. Onlar iddiaçının 25000 ödədiyini qəbul edir, bu öhdəliklərindən imtina edirlər. Mənzil iddiaçıya yaxın zamanda təhvil veriləcək. Hazırda binanın mansar hissəsində tikinti işləri aparılır. Bütün bunları nəzərə alaraq o məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.01.2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 1.1.-ci bəndindən görünür ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən 55.3 kv.m olan 1 otaqlı 316 saylı mənzil pay kimi İddiaçı verilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kv.m sahəsi üçün 615 manat təyin edilir. Cəmi 55.3 kv.m sahəsi üçün 34000 manat təşkil edir. İş materiallarında olan 21.01.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən 55.3 kv.m olan 1 otaqlı 316 saylı mənzilin dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 13.01.2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 1.1.-ci bəndinə əsasən, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən 55.3 kv.m olan 1 otaqlı 316 saylı mənzil pay kimi İddiaçı verilmişdir. Cəmi 55.3 kv.m sahəsi üçün 34000 manat təşkil edir. İş materiallarında olan 21.01.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 9-cu mərtəbəsində yerləşən 55.3 kv.m olan 1 otaqlı 316 saylı mənzilin dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi o, MMC-nin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsini etiraf edir və gələcəkdə mənzilin təhvil veriləcəyini bildirir. Bununla da müəyyən olunur ki, iddiaçı öz üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş 34000 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsini və dəymiş maddi ziyanın geri qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 49800 manat pulun maddi zərər qismində tutularaq ödənilməsini tələb etməsinə baxmayaraq iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MTK-ya cəmi 34000 manat məbləğində pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi maddi zərərin ödənilməsi hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəlləlnin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə iddia tələbinin cavabdehdən 3237 manat dəyərində faiz borcunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin 30000 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeryinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğv edilməsini və onlara dəymiş maddi ziyanın geri qaytarılmasını tələb etməkdə haqlı olduğundan iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13.01.2020-ci il tarixli müqavilə ləğv edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 34000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13.01.2020-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 34000 (otuz dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2291/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2291/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver