Məhkəmə qərarları › İş №2(004)-2295/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2295/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2295/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddı və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddı və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat pulun, 8.000 manat dəbbə pulu, 30.000 manat mənəvi zərər və ödənilmiş 264 manat dövlət rüsumu olmaqla, cəmi 58.264 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və bildirdi ki, o, bacısının Daxili İşlər Nazirliyi struktunda işə düzəldilməsi üçün 2022-ci ilin may ayında Cavabdeh 30.000 manat pul vermişdir. Cavabdeh uzun müddət söz verdiyi işi düzəlmədiyi üçün o, pulun qaytarılmasını tələb etmşdir. Cavabdeh aldığı 30.000 manatın 10.000 manatı ona qaytarsa da, qalan 20.000 manatını hazırkı vaxta kimi qaytarmamışdır. Nəticədə ona maddi və mənəvi zərər dəymiş, stres keçirmişdir. Odur ki, Cavabdeh maddi zərərə görə 20.000 manat pul, 8.000 manat dəbbə pulu, mənəvi zərərə görə 30.000 manat və ödənilmiş 264 manat dövlət rüsumu olmaqla, cəmi 58.264 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və iddianın qismən etirafına dair verdiyi xx.xx.2024-cü il tarixli ərizəsini təsdiq etdi və bildirdi ki, o, İddiaçı bacısının Daxili İşlər Nazirliyi struktunda işə düzəldilməsi üçün 2022-ci ilin may ayında 30.000 manat pul almışdır. O, İddiaçı aldığı 30.000 manatı Daxili İşlər nazirinin köməkçisi kimi tanıdığı Elbrus Rüstəmova vermişdir. Elbrus Rüstəmov həmin puldan 1.000 manatını ona vermişdir. Elbrus Rüstəmov iddiaçının bacısını DİN-ə işə düzəldəcəyinə söz vermişdir. xx.xx.2023-cü ildə Elbrus Rüstəmov ona qızı götürərək, DİN-nin qarşısına gəlməyini bildirmişdir. O, iddiaçı və bacısı xx.xx.2023-cü il tarixdə DİN-nin qarşısında Elbrusla görüşmüşlər. Elbrus iddiaçının bacısına imtahanda düşəcək sualların cavablarını verərək, testə hazırlaşmasını və ayın sonunda imtahan olacağını bildirmişdir. Lakin sonradan vədinə əməl etməmişdir, iddiaçının bacısını işə düzəltməmişdir. Elbrus xx.xx.2023-cü il tarixdə ona 9000 manat pulu qaytarmışdır. O, pulun qalan hissəsini qaytarmamasının səbəbini soruşduqda, Elbrus bildirmişdir ki, əlində olan budur, hara istəyirsən şikayət edə bilərsən. O, Elbrusdan şikayət etmişdir və hazırda prokurorluqda araşdırma aparılır. O, İddiaçı aldığı 30.000 manatın 10.000 manatını qaytarmış, 20.000 manatı qalmışdır. O, 20.000 manatı iddiaçıya qaytarmağa razıdır. Qalan hissədə iddianı qəbul etmir, dəbbə pulu və mənəvi zərər tələbinə dair hissədə iddianı qəbul etmir. İddianın 20.000 manat hissəsində təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli məktubla Cavabdeh müraciət edərək, 20.000 manat borcun 10 gün müddətinə qaytarılması xahiş etmişdir. Əks təqdirdə həmin borcla yanaşı, 8000 manat dəbbə pulu və 30.000 manat mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Cavbadeh Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 2022-ci ilin may ayında 30.000 manat aldığını etiraf etmiş, 10.000 manatını 2024-cü ilin mart ayında iki dəfəyə qaytardığını, qalan 20.000 manatı da ödəməyə razı olduğunu bildirmişdir. İddia tələbini qalan hissədə qəbul etmədiyi qeyd etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh iddiaçıdan bacısını işə düzəltmək üçün 30.000 manat pul aldığını, həmin pulun 10.000 manatını qaytardığını, qalan 20.000 manatnı qaytarmadığını etiraf edir və 20.000 manatı qaytarmağa razı olduğunu bildirir, bu barədə xx.xx.2024-cü il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən iddiaçı ona vurulmuş maddi zərərin əvəzi olaraq 20.000 manat pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 30.000 manat mənəvi zərərin və 8000 manat dəbbə pulunun tutulması hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə pulu verən zaman, bacısını qanunsuz yolla işə düzəldilməsi ilə bağlı verdiyini bilmişdir. Ona görə qanunsuz fəaliyyətə görə iddiaçının əzab, stress, iztirab çəkməsi inandırıcı deyildir. Həmçinin qanunsuz fəaliyyətlə məşğul olması üçün verilən pula görə dəbbə hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X1rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.000 manat pul və ödənilmiş 264 manat dövlət rüsumundan 150 manatı olmaqla, cəmi 20.150 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbini qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.000 manat pul və ödənilmiş 264 manat dövlət rüsumundan 150 manatı olmaqla, cəmi 20.150 (iyirmi min yüz əlli) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar