Məhkəmə qərarları › İş №2(004)-2314/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2314/2023

05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2314/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı (X10 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilinin təmirinə dəyən zərərin əvəzinin ödənilməsinə görə 17 000 manat və ona dəymiş mənəvi zərərə görə 3000 manat pulun turularaq iddiaçının xeyrinə ödənilməsi Barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmə tərəfindən X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilin sahibidir. 25 ildən çoxdur ki, yaşadığı mənzilə (hamama, mətbəxə, koridora, otaqlara) 4-cü mərtəbədən su axır. Su axması nəticəsində mənzilin divarları, tavanı, döşəməsi yararsız hala düşmüş, bir neçə dəfə tavandakı suvaqlar qopub üstlərinə tökülmüşdür. Bir dəfə vanna otağında tavandan uçub yerə düşən beton tavandakı şüşəni də sındırmışdır. Hazırda tavanda bu aydın görünür. Bir neçə il əvvəl 4-cü mərtəbədə istifadə edilən su qızdırıcının nasaz olması nəticəsində vanna otağında nəfəs boğucu vəziyyət yaranırdı. Qaynayan su ana xətlə geri qayıdırdı, bu zaman suyun ana xəttində mənzilinə aid su borusu partlayır və yer su ilə dolurdu. Bu proses uzun müddət davam etdi. Demək olar ki, hər ay mənzilinə (vanna otağına, mətbəxə, koridora, otaqlara) su axıdılır. Mənzil yararsız vəziyyətə düşdüyündən yaşamaq mümkün deyil. Hər dəfə xəbərdarlıq etməklərinə baxmayaraq vəziyyət heç də dəyişmir, günü-gündən problemlər daha da artır. Su axması nəticəsində yumşaq mebel, bərk mebellər, yorğan-döşək, geyim və geyim əşyaları, ayaqqabılar, mətbəxdəki qabqabaclar, süfrələr, qab və paltar yuyucu tozlar və s. kimi əşyalar yararsız hala düşdüyündən atılmışdır. Bu proses 26 ildir ki, davam edir. Hər dəfə mənzilə su axıdılandan sonra 4-cü mərtəbədə yaşayanlara xəbərdarlıq edilsə də, ardıcıl olaraq su axması davam edir. Mənzildə yaranan rütubətdən revmatizmaya tutulduğumdan bir neçə dəfə müalicə də almışdır. İllər boyu davam edən bu proses onda əsəb gərginliyi yaradıb, sağlamlığını itirmişdir. Suyun altında qalan evdə yaşamaq mümkün olmadığından peşəsi ilə bağlı görəcəyi akademik işlərindən geri qalmış, çox qiymətli vaxtları itmişdir. Son günlərdə axıdılan su vanna otağındakı tavanın diğər hissələrində də uçqunlar əmələ gətirib, təhlükəli vəziyyət yaranıb. Hazırda (bu ərizəni yazanda) mətbəxə, vanna otağına su axır. Vanna otağından, mətbəxdən, ümumiyyətlə mənzildən istifadə mümkünsüzdür. Mətbəxdə 2 ildir ki, işıq yanmır. Vanna otağında 19 noyabrdan işığı söndürmək mümkün deyil. Elektrik ustaları bunun təhlükəli olduğunu demişlər və vanna otağından istifadə elməməyi məsləhət görmüşlər. Hazırda mənzildə mətbəxdən, vanna otağından istifadə edilmir, ümumiyyətlə mənzil insan yaşayışı üçün yararsız vəziyyət alıb. Su axması nəticəsində universitetə aid sənədləri, noutbuku yararsız hala düşmüşdür. Bu da işində ciddi problemlər yaratmışdır. Mənzil təhlükəli vəziyyətdə olduğundan oğlu Nemətli Elminin toyuna (2013-2015) aid heç bir toplantı mənzildə olmamışdır. Həyat yoldaşının vəfatı (2021-2022) ilə əlaqədar mənzildə hüzür məclisi keçirmək mümkünsüz olmışdur. X13 də yaxın zamanlarda toyu olacağına baxmayaraq mənzildə bu günə qədər nikah, nişan və digər tədbirləri keçirmək mümkün olmamışdır. 3 otaqlı mənzildə su axması nəticəsində təhlükəli vəziyyət yarandığından istifadəyə yararsız hala düşmüşdür. Mətbəx, vanna otağı və s. təhlükəli vəziyyətdə olduğundan mənzildə nəinki tədbir keçirmək, yaşamaq belə mümkün deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi təmin olunarsa həmin qətnamənin X7 münasibətdə hüquq və vəzifələrinə təsir edə biləcəyi aşkardır. Belə ki, həmin mənzildə uzun illərdir ki, X10 yaşayır, mənzilə sahiblik edir, istifadə edir, eləcə də, iddia təmin olunaraq qətnamə ilə dəymiş ziyanın ödənilməsi cavabdehin üzərinə qoyularsa gələcəkdə qətnaməni icra etmiş olacaq iş üzrə cavabdeh şəxs (mənzilin mülkiyyətçisi) həmin məbləği gələcəkdə reqres qaydada ondan tələb edəcəkdir. Hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh Nazim Hikmət küçəsi ev 28, mənzil 12 ünvanında artıq onillərdir ki, yaşamır, İsveçdə yaşayır. Həmin mənzildə məcburi köçkün kimi X10 yaşayır. Bu fakt işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 672 nömrəli xx.xx.2023-cü il tarixli arayışla təsdiqini tapır. X5 ünvan 2 ünvanında müvəqqəti məskunlaşdığı yuxarıda adıçəkilən 672 nömrəli arayışda əksini tapıb. Həmçinin, işə əlavə edilmiş Yasamal rayon İcra Hakimiyyəi Mənzil Kommunal Təsərrüfatı Birliyi 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla da onun Nazim Hikmət küçəsi 28 saylı evin 12 saylı mənzilində Ağdam köçkünü kimi müvəqqəti qeydiyyatda olmağı əksini tapmışdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı özü də Nazim Hİkmət küçəsi ev 28 ünvaında yerləşən 12 saylı mənzilin hazırki iş üzrə Cavabdeh adına olsa da həmin ünvanda X5 yaşadığını göstərib. X10 həmin mənzildə qanuni əsasla məskunlaşmışdır. Cavabdeh məhkəmədə ona qarşı iddia qaldırılmasından xəbərsizdir. İddiaçı tərəfindən təqdim edilmiş Yasamal rayonu 22 saylı MKİS tərəfindən tərtib edilmiş akt birtərəfli qaydada, X5 iştirakı olmadan tərtib edilib. Vəkil sorğusuna cavab olaraq "xxxx" ASC Yasamal Rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında su xəttində baş vermiş qəza ilə bağlı həmin ünvanda yaşayan X10 tərəfindən Yasamal rayonu Sukanal İdarəsinə müraciət edilmişdir. Həmin məktubda idarənin qəza xidməti tərəfindən ünvana baxış keçirildiyi, "xxxx" ASC-in balansındakı, bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqda su axıntısının aşkar edildiyi, həmin binada bloklarda yeni çəkilmiş dikdayaqlar istifadəyə verildiyini nəzərə alaraq gələcəkdə mənzildaxili su xətlərində baş verə biləcək bu tipli qəzaların aradan qaldırılması, su itkilərinin qarşısının alınması üçün mənzildaxili dikdayaqlar zirzəmidə birləşmə nöqtəsindən kəsilərək ləğv edildiyi göstərilmişdir. Məktubdan göründüyü kimi, baş vermiş qəza bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqda baş vermişdir. Məktubdan müəyyən olunur ki, binada iki dikdayaq olmuşdur, köhnə və təzə. Baş vermiş qəza isə məhz köhnə, istismara yararsız dikdayaqda baş vermişdir. Vəkil tərəfindən Yasamal Rayon Sukanal İdarəsinə ünvanlanmış 412 nömrəli 30 may 2023-cü il tarixli sorğu ilə ünvan 5 ünvanında yerləşən 12 saylı mənzildə baş vermiş sızmaya səbəb olmuş "xxxx" ASC-in balansındakı, bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqda aşkar edilmiş su axıntısının yaranmasında 12 saylı mənzil sakinlərinin hər hansı təqsirinin,müdaxiləsinin olub-olmaması barədə ətraflı məlumat verilməsi xahiş edilmişdir. 30 may 2023-cü il tarixli, 412 nömrəli vəkil sorğusuna cavab olaraq Yasamal Rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş məktubla ünvan 6 ünvanında suz xəttində qəza ilə bağlı Yasamal rayonu Sukanal İdarəsinə müraciət edildiyi, "xxxx" ASC-in balansındakı, bina sakinlərinin ümumi istifadəsindəki, binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı aşkar edildiyi, dikdayaqda baş vermiş su axıntısının hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlmədiyi göstərilmişdir (xx.xx.2023 tarixli, 412 nömrəli vəkil sorğusu və Yasamal rayon Sukanal İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu işə əlavə edilib). Göründüyü kimi, su xəttində baş vermiş qəza, mənzildə baş vermiş axıntı nə onillərdir ki, həmin mənzildə yaşamayan, iddia tələbinin yönəldiyi. iş üzrə cavabdeh, nə onun tərəfindən, nə də hər hansı digər şəxslərin müdaxiləsi, təqsiri nəticəsində əmələ gəlməmişdir. İşə əlavə edilmiş 09 avqust 2023-cü il tarixli 10/3859 nömrəli ekspert rəyindən də göründüyü kimi, ekspert qarşısında qoyulmuş ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilə su sızmasının texniki səbəbinin nə olmasına dair 1-ci sualına cavab olaraq su sızmasının texniki səbəbinin "xxxx" ASC-in balansında olan bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqda əmələ gəlmiş nasazlıq olmuşdur. Hazırki işdən göründüyü kimi, su xəttində baş vermiş qəza (mənzildə baş vermiş qəza) nə uzun illərdir ki, mənzildə yaşamayan iddia tələbinin yönəldiyi cavabdeh mülkiyyətçinin, nə də uzun illərdir ki, həmin mənzildə yaşayan bir şəxs kimi X5 təqsirindən baş verməmişdir. Bu fakt işə əlavə edilmiş sübutlarla təsdiq olunur. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hal-hazırki dikdayağı 10-15 il əvvəl ustaların məsləhəti ilə onlar dəyişmiş və vintil qoymuşlar. Hesab edir ki, kanalizasiya xətləri görünmədiyindən həmin xətlərdə təmir işlərinin aparılıb-aparılmadığını ekspert müəyyən edə bilməz. Dikdayaq kəsildikdən sonra mənzilinə su axıntısı kəsilməmişdir. Dekabrın 10-a qədər su axmışdır. Daha sonra yanvarın sonu, fevralın əvvəli yenə də mənzilinə bir həftə müddətində su axmışdır. Bu proses 26 ildir ki, davam edir. Belə ki, su axır, onların müraciətlərindən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin hissədən istifadə etmir və ya usta gətirərək yüngülvari təmir işləri gördürür. Sonra üzərindən 1 ay keçdikdən sonra su axıntısı yenidən davam edir. Qonşuluq münsibətlərinə görə müvafiq iddia ilə daha əvvəllər məhkəməyə müraciət etməmiş, lakin Mənzil Kommunal İstismar Sahəsinə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs özünün bildirdiyinə görə 2022-ci ilin avqust-sentyabr aylarında paltaryuyan maşını işlətməmişdir. Həmin müddətdə mənzilə su axıntısı baş verməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırki iş üzrə cavabdeh uzun müddətdir ki, xarici ölkədə yaşayır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin mənzildə qanuni əsasla qaçqın kimi məskunlaşmışdır. Bu, arayışlarla öz təsdiqini tapır. Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş akt mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan tərtib edilmişdir. Həmin aktda iddiaçının mənzilinə su axması nəticəsində mənzilin divarına, tavanına, döşəməsinə ziyan dəydiyi heç bir əsas olmadan qeyd edilmişdir. Vəkil sorğusuna cavab olaraq "Azərsu” ASC Yasamal Rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında su xəttində baş vermiş qəza ilə bağlı həmin ünvanda yaşayan X10 tərəfindən Yasamal rayonu Sukanal İdarəsinə müraciət edilmişdir. Həmin məktubda idarənin qəza xidməti tərəfindən ünvana baxış keçirildiyi, "xxxx" ASC-in balansındakı, bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqda su axıntısının aşkar edildiyi, həmin binada bloklarda yeni çəkilmiş dikdayaqlar istifadəyə verildiyini nəzərə alaraq gələcəkdə mənzildaxili su xətlərində baş verə biləcək bu tipli qəzaların aradan qaldırılması, su itkilərinin qarşısının alınması üçün mənzildaxili dikdayaqlar zirzəmidə birləşmə nöqtəsindən kəsilərək ləğv edildiyi göstərilmişdir. Məktubdan göründüyü kimi, baş vermiş qəza bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqda baş vermişdir. Məktubdan müəyyən olunur ki, binada iki dikdayaq olmuşdur, köhnə və təzə. Baş vermiş qəza isə məhz köhnə, istismara yararsız dikdayaqda baş vermişdir. Onun tərəfindən Yasamal Rayon Sukanal İdarəsinə ünvanlanmış 412 nömrəli 30 may 2023-cü il tarixli sorğu ilə ünvan 5 ünvanında yerləşən 12 saylı mənzildə baş vermiş sızmaya səbəb olmuş "xxxx" ASC-nin balansındakı, bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqda aşkar edilmiş su axıntısının yaranmasında 12 saylı mənzil sakinlərinin hər hansı təqsirinin, müdaxiləsinin olub-olmaması barədə ətraflı məlumat verilməsi xahiş edilmişdir. 30 may 2023-cü il tarixli, 412 nömrəli vəkil sorğusuna cavab olaraq Yasamal Rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş məktubla ünvan 6 ünvanında su xəttində qəza ilə bağlı Yasamal rayonu Sukanal İdarəsinə müraciət edildiyi, "xxxx" ASC-in balansındakı, bina sakinlərinin ümumi istifadəsindəki, binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı aşkar edildiyi, dikdayaqda baş vermiş su axıntısının hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlmədiyi göstərilmişdir. Göründüyü kimi, su xəttində baş vermiş qəza, mənzildə baş vermiş axıntı nə on illərdir ki, həmin mənzildə yaşamayan, iddia tələbinin yönəldiyi, iş üzrə cavabdeh, nə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən, nə də hər hansı digər şəxslərin müdaxiləsi, təqsiri nəticəsində əmələ gəlməmişdir. İşə əlavə edilmiş 09 avqust 2023-cü il tarixli 10/3859 nömrəli ekspert rəyindən də göründüyü kimi, ekspert qarşısında qoyulmuş ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilə su sızmasının texniki səbəbinin nə olmasına dair 1-ci sualına cavab olaraq su sızmasının texniki səbəbinin "xxxx" ASC-in balansında olan bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqda əmələ gəlmiş nasazlıq olmuşdur. Hesab edir ki, nə cavabdeh, nə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaya cavab verməli şəxslər deyillər. Hazırki iş üzrə cavabdehin və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 heç bir təqsiri yoxdur. Bu həm iş materialları ilə, həm ekspert rəyi ilə, həm də "xxxx" ASC tərəfindən təqdim edilmiş məktublarla bir daha təsdiq edilir. Bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, “Sudan istifadə qaydaları”nın 6.1-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədində sayğac quraşdırılır. Dikdayaqlar ümumi binanın su xəttidir. Həmin dikdayaqlardan mənzillərə su xətləri paylanılır və onun üzərinə sayğac quraşdırılır. Çölə çıxarılan dikdayaqlar "xxxx" ASC-nin balansındadır. Dikdayaqlardan ayrılan, mənzil daxilində xətlər isə artıq vətəndaşların balansındadır, yəni ki, mənzil daxilində baş vermiş hər hansı bir qəzaya görə "xxxx" ASC məsuliyyət daşımır. Binadakı dikdayaq "xxxx" ASC-nin balansındadır, dikdayaqdan mənzillərə daxil olan xətlər vətəndaşların balansındadır. Bəzi vətəndaşlar tərəfindən mənzillərinə daxil olmağa şərait yaradılmadığına görə dikdayaqlar pilləkən qəfəsinə çıxarılmış və üzərinə sayğac quraşdırılmışdır. Nazirlər Kabinetinin 2012-ci il tarixli qərarına əsasən dövlət binaları "xxxx" ASC-nin balansındadır, digər binalar "xxxx" ASC-nin balansında deyil. “Sudan istifadə qaydaları”nın 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Yeni binalarda dikdayaqlar pilləkən qəfəsindədir, köhnə binalarda isə mənzillərə daxil olmağa şərait yaradılmadığından dikdayaqlar pilləkən qəfəsinə çıxarılmağa başlanılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, yuxarı qonşulardan paltaryuyan maşından və s. su axır. Ona Yasamal Rayon Sukanal İdarəsindən verilən məlumata görə dikdayaqda axıntı baş verməmişdir. Onda olan məlumata görə dikdayaq çölə çıxarılandan sonra da mənzilə su axıntıları baş vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 039730 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 236 nömrəli reyestr kitabında xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı daqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil xüsusi mülkiyyət hüquq ilə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Yasamal rayonu üzrə sektoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 672 nömrəli arayışın surətindən görünür ki, Ağdam rayonundan məcburi köçkün olan X10 ünvan 5 ünvanında yerləşən 12 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X10 ünvan 5 ünvanında yerləşən 12 saylı mənzildə Ağdam köçkünü kimi müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 9 ünvanında yaşayan Sevda Bayramovanın su xəttində qəza ilə bağlı Yasamal rayonu Sukanal İdarəsinə müraciəti əsasında İdarənin qəza xidməti tərəfindən ünvana baxış keçirilmiş, "xxxx" ASC-nin balansındakı bina sakinlərinin ümumi istifadəsində və binanın tərkib hissəsi olan, mənzildaxili köhnə dikdayaqda su axıntısı aşkar edilmişdir. Həmin binada bloklarda yeni çəkilmiş dikdayaqlar istismara verildiyini nəzərə alaraq gələcəkdə mənzildaxili su xətlərində baş verə biləcək bu tipli qəzaların aradan qaldırılması, su itkilərinin qarşısının alınması üçün mənzildaxili dikdayaqlar zirzəmidə birləşmə nöqtəsindən kəsilərək ləğv edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda 30 may 2023-cü il tarixli, 412 nömrəli vəkil sorğusuna cavab olaraq qeyd edilmişdir ki, ünvan 6 ünvanında su xəttində qəza ilə bağlı Yasamal rayonu Sukanal İdarəsinə müraciət edilmişdir. "xxxx" ASC-in balansındakı bina sakinlərinin ümumi istifadəsindəki, binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı aşkar edilmişdir. Dikdayaqda baş vermiş su axıntısının hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı xx.xx.2023-cü il tarixli, 13- 16-5-4/1-A-827-34/23 saylı müraciətə cavab olaraq bildirilmişdir ki, ünvan 12 ünvanlarında yaşayan sakinlər tərəfindən su axıntısı ilə bağlı müvafiq olaraq xx.xx.2022-ci il tarixdə (iş əmri: ********) və xx.xx.2022-ci il tarixdə (iş əmri: ********) müraciət daxil olmuşdur. Hər iki hala İdarənin qəza xidməti tərəfindən ünvana baxış keçirilməsi üçün getdikləri halda mənzillərdə qapı açılmamış və qəzanın sakinlər tərəfindən aradan qaldırıldığı qeyd olunmuşdur. Bu səbəbdən mənzillərə baxış keçirmək mümkün olmamışdır. ünvan 13 ünvanına xx.xx.2022-ci il tarixdə yaradılmış 12185974 saylı iş əmri əsasında yenidən baxış keçirilmişdir. Bu zaman "xxxx" ASC-nin balansındakı bina sakinlərinin ümumi istifadəsinə və binanın tərkib hissəsi olan yeni çəkilmiş dikdayaqların pilləkən qəfəsinə çıxarılaraq istismara verildiyini əsas tutaraq, gələcəkdə mənzildaxili su xətlərində baş verə biləcək qəzaların həmçinin, su itkilərinin qarşısının alınması üçün mənzildaxili köhnə dikdayaqlar zirzəmidə birləşmə nöqtəsindən kəsilərək ləğv edilmişdir. Bu işin icrası zamanı qeyd olunan ünvanlarda yaşayan vətəndaşların mənzillərinə su axıntısı ilə bağlı heç bir ziyan dəyməmiş, tərəflərindən rəsmi və yaxud şifahi şəkildə şikayət daxil olmamışdır. Daha sonra mənzil daxilində baş vermiş hər hansı su axıntısına "xxxx" ASC heç bir məsuliyyət daşımır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli 10/3859 nömrəli ekspert rəyinin surətindən görünür ki, ünvan 14 ünvanında yerləşən 12 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Lakin Azərbaycan Respublikası "xxxx" Açıq Səhimdar Cəmiyyəti Yasamal Rayon Su Kanal İdarəsinin xx.xx.2023-cü il tarixli 13-16-5-4/2-02/xx-xx/2023 saylı məktubun məlumatlarına əsasən 9 saylı mənzilə su sızmasının texniki səbəbi "xxxx" ASC-nin balansında olan bina sakinlərin ümümi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayaqında əmələ gəlmiş nasazlıqdır. ünvan 14 ünvanında yerləşən 9 saylı mənzilə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilmişdir. 12 saylı mənzil 9 saylı mənzilin üzərində yerləşdiyini nəzərə alaraq 12 saylı mənzildən 9 saylı mənzilə suyun sızması baş verə bilər. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2524 manat məbləğində müəyyən edilir. Ekspert rəyinin aydınlaşdırılması üçün məhkəmə iclasında dindirilən X8 ekspert rəyini müdafiə edərək, sədrlik edənin və işdə iştirak edən şəxslərin suallarına cavab olaraq bildirmişdir ki, su harada boşluq varsa, ora yayılır. Tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin boru dəyişdirilmişdir. Eyni zamanda iddiaçı özü bildirmişdir ki, 26 il müddətində yuxarı mənzildən onun mənzilinə su sızmışdır. Bu vaxta kimi iddiaçı cavabdehə qarşı iddia ilə müraciət etməmişdir. İddiaçının mənzili təmirsiz vəziyyətdədir, 26 il müddətində mənzildə heç bir təmir işləri aparılmamışdır. İddiaçının mənzilinin mətbəxi, dəhlizi, sanitar qovşağı, yaşayış otağının bir hissəsi çox pis vəziyyətdədir. Boru çox güman ki, Azərsu ASC tərəfindən dəyişdirilmişdir, çünki tərəf boruda nasazlığı aşkar etmiş və bununla bağlı Azərsuya müraciət etmişlərsə, borunun dəyişdirilməsi Azərsu ASC-nin vəzifəsidir. Ümumi boru xətti nasaz olduğundan bütün evin içi daima su ilə dolur. Dikdayaq suyun paylaşıldığı ümumi xətt, borudur. Dikdayaq hər mənzilin içərisindən keçir. Dikdayaqda nasazlığa görə məsuliyyətin kimi daşıması hüquqi məsələdir. Boru Azərsu ASC-yə məxsusdur və boruda yoxlama işləri onlar tərəfindən aparılır. Baxış keçirilərkən cavabdeh tərəfindən təmir işlərinin aparıldığının şahidi olmamışdır. Bu vəziyyətdə iddiaçının mənzilinə cavabdehin mənzilindən su axıdıla bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq ərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı ona məxsus olan ünvan 15 ünvanda yerləşən cavabdehə məxsus olan 12 nömrəli mənzildən suyun axıdılması nəticəsində ziyana məruz qaldığını iddia etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş ekspertin 09 avqust 2023-cü il tarixli rəyində ünvan 14 ünvanında yerləşən 12 saylı mənzildən su sızma hallarının müşahidə olunmadığı, lakin Azərbaycan Respublikası "xxxx" Açıq Səhimdar Cəmiyyəti Yasamal Rayon Su Kanal İdarəsinin xx.xx.2023-cü il tarixli 13-16-5-4/2-02/xxxx/2023 saylı məktubun məlumatlarına əsasən 9 saylı mənzilə su sızmasının texniki səbəbinin "xxxx" ASC-nin balansında olan bina sakinlərin ümümi istifadəsində və binanın tərkib hissəsi olan mənzildaxili köhnə dikdayağında əmələ gəlmiş nasazlıq olması göstərilmişdir. Həmçinin, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal idarəsinin cavab məktublarına əsasən müəyyən edilir ki, ünvan 12 ünvanlarında yaşayan sakinlər tərəfindən su axıntısı ilə bağlı müraciəti əsasında ünvan 13 ünvanına xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, "xxxx" ASC-in balansındakı bina sakinlərinin ümumi istifadəsindəki binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı aşkar edilmiş və dikdayaqda baş vermiş su axıntısının hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlməmişdir. Bu zaman "xxxx" ASC-nin balansındakı bina sakinlərinin ümumi istifadəsinə və binanın tərkib hissəsi olan yeni çəkilmiş dikdayaqların pilləkən qəfəsinə çıxarılaraq istismara verildiyindən, gələcəkdə mənzildaxili su xətlərində baş verə biləcək qəzaların həmçinin, su itkilərinin qarşısının alınması üçün mənzildaxili köhnə dikdayaqlar zirzəmidə birləşmə nöqtəsindən kəsilərək ləğv edilmişdir. “Sudan istifadə qaydaları”nın 2.1-ci və 2.1.1-ci bəndlərinə əsasən, balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək STKM-in vəzifəsidir. “Sudan istifadə qaydaları”nın 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. “Sudan istifadə qaydaları”nın 6.3-cü bəndinə əsasən, yaşayış binalarının mənzillərində yerləşən su dayaqlarının və suölçən cihazların pilləkən qəfəslərində STKM tərəfindən quraşdırılması ilə daxili su təchizatı sistemlərinin yenidən qurulması işləri icra olunmalıdır. Göründüyü kimi, iddiaçının mənzilinə su axıdılmasının səbəbi suyun cavabdehə məxsus mənzildən sızması deyil, "xxxx" ASC-in balansındakı bina sakinlərinin ümumi istifadəsindəki binanın tərkib hissəsi olan, mənzildaxili istismara yararsız köhnə dikdayaqda su axıntısı olmuşdur. Həmçinin dikdayaqda baş vermiş su axıntısının hər hansı bir şəxsin müdaxiləsi və ya təqsiri nəticəsində əmələ gəlməmişdir. Tərəflərə məxsus bina isə "xxxx" ASC-nin balansındadır. Balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək isə STKM-in vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilinə su sızması mənzildaxili istismara yararsız köhnə dikdayaqda yaranmış nasazlıq səbəbindən baş verdiyindən və cavabdeh və ya mənzildə yaşayan hər hansı şəxs tərəfindən həmin dikdayağa hər hansı müdaxilə halı aşkar edilmədiyindən, bununla da iddiaçının mənzilinə məhz cavabdeh X2 təqsiri nəticəsində su axıdılması faktı sübuta yetirilmədiyindən, iddiaçının əmlakına vurulmuş maddi zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmır. Odur ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı (X10 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia rədd olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı (X10 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar