Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2407/2025 03.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi ziyan) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. BA seriyalı 388905 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur.
2. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Polis Leytenantı Əsgərov Ramil tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-70/2025 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır.
4. “X1 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, YDQM004-176/2025 nömrəli rəyinə əsasən “Hyundai” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki dövrə bazar dəyəri yuvarlaq şəkildə 17640 manat müəyyən edilmişdir. “Hyundai” markalı, **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız hala düşmüşdür. Hazırki vəziyyətdə avtomobilin yaralı qalıq hissələrinin dəyəri 3600 manat məbləğdə qiymətləndirilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32041,70 manat məbləğdə “Hyundai” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə, hadisənin baş verdiyi tarixdən bugünədək 1940 manat məbləğdə isə pullu taksi xidmətinə sərf etdiyi vəsaitə görə vurulmuş maddi ziyan, həmçinin 10000 manat məbləğdə hadisə zamanı və sonrakı dövrdə vurulmuş mənəvi ziyan olmaqla, ümumilikdə 43981,70 manat maddi və mənəvi ziyan, o cümlədən məhkəməyə müraciət etmək üçün ödənilmiş 221,94 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hundai” markalı, **- MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, hadisədə cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində onun avtomobilinə zərər dəymişdir.
b) iddiaya etiraz
7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, sığorta şirkəti tərəfindən ona 4628 manat ödənilmişdir. Qəzadan sonra avotomobili qəzalı vəziyyətdə dəyərindən çox aşağı qiymətə, yəni 2500 manata satmışdır.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbinə etiraz etmir. İddiaçı ilə hadisədən sonra görüşərək 5000 manat təklif etmiş, lakin iddiaçı ondan 36000 manat tələb edir. Bu məbləğ isə avtomobilin buraxılış ili və markasına uyğun gəlmir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olmuş “Hyundai” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, hadisədə cavabdeh təqsirli bilinmişdir.
16. Hazırda iddiaçı hadisə nəticəsində avtomobilə dəymiş maddi, özünün uğradığı mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün zəruri şərtlər iş üzrə ödənilir. Belə ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı, eyni zamanda cavabdehin etirafı ilə müəyyən edilir ki, törədilmiş əməl hüquqa zidd olmuş, əməl təqsirli olaraq törədilmiş, törədilmiş əməl nəticəsində başqa şəxsə zərər vurulmuşdur və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə mövcuddur.
18. Odur ki, iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
19. İddiaçı avtomobilə dəymiş zərərin əvəzi olaraq 32041,70 manat məbləği tələb edir. Lakin, bu məbləğ iddiaçının uğradığı zərərin məbləğini aşır.
20. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, YDQM004- 176/2025 nömrəli rəyinə əsasən “Hyundai” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı dövrə bazar dəyəri yuvarlaq şəkildə 17640 manat müəyyən edilmişdir. Burdan müəyyən edilir ki, iddiaçınına avtomobili qəza nəticəsində yararsız hala gəlməsəydi onun dəyəri 17640 manat məbləğdə olardı. Lakin, avtomobil qəzadan sonra yararsız vəziyyətə düşdüyünə görə iddiaçı tərəfindən bütövlükdə metal tullantılar mərkəzinə, iddiaçının dediyinə görə 2500 manat məbləğ müqabilində verilmişdir.
21. Eyni zamanda 4628 manat sığorta şirkətindən iddiaçıya ödənilmişdir.
22. Bu halda avtomobili tamamilə yararsız vəziyyətə düşmüş iddiaçının uğradığı və qarşılanmamış zərərin məbləği 10512 (17640 - 4628 - 2500) manat təşkil edir. Bu məbləğ isə cavabdehdən tutulmalıdır.
23. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür.
24. Taksi xidmətinə sərf edilmiş vəsaitlə bağlı hər hansı sübut təqdim edilməmişdir, buna görə bu hissədə iddia tələbi təmin edilməməlidir.
25. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə də iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.
26. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.
27. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
28. Odur ki, iddia tələbi qismən təmin edilməli və 10512 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
29. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib hissəsi olan 121,54 manat məbləğdə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. İddiaçı tərəfindən qiymətləndirmə şirkətinə 600 manat məbləğdə xidmət haqqı ödənilmişdir və bu məbləğin yarısı, 300 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, zərərin əvəzi olaraq 10512 manat, qiymətləndirmə xidməti üçün ödənilmiş haqqın əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,54 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Zərərin əvəzi olaraq 10512 manat, qiymətləndirmə xidməti üçün ödənilmiş haqqın əvəzi olaraq 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,54 manat olmaqla ümumilikdə 10933,54 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə