Məhkəmə qərarları › İş №2(004)-2429/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2429/2025

01.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2429/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Rəfail qızının iştirakı ilə, İddiaçı Rəfail qızının Cavabdeh Gündüz oğluna, qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəfail qızı Cavabdeh Gündüz oğluna qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gündüz oğlunun ünvan 1 ünvanında yerləşən 1167 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh Gündüz oğlu ilə birgə nikahda olmuş sonradan Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 3347/2023 nömrəli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah ləğv edilmişdir. Bakı şəhər 9 saylı Mediasiya təşkilatının MŞB/9/2024-00353 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə cavabdeh, birgə nikah dövründə əldə edilmiş ünvan 1 mənzilindəki paylarından imtina etmişdir. Cavabdeh hazırda həmin ünvanda yaşamır. İddiaçı yaşayış ünvanını dəyişmək istədiyi üçün mənzilini satmaq niyyətindəyədir, lakin cavabdehə mənzil qeydiyyatından çıxmaqla bağlı dəfələrlə müraciət etmişdir. Cavabdeh əvvəlcə buna razı olduğunu bildirsə də, hər dəfə müxtəlif bəhanələrlə bundan imtina edir. Belə ki, cavabdeh hazırda bu mənzildə yaşamayıb və mənzilə dair kommunal ödənişlərin ödənilməsində ona kömək etmir. Cavabdehin pasport qeydiyyatında qalması İddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o cavabdehin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşadığı yer üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır.Cavabdeh Gündüz oğlunun ünvan 1 ünvanında yerləşən 1167 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Rəfail qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh Gündüz oğlu iddianı qəbul edərək, izahatında bildirmişdir ki, o hazırda özünə yeni mənzil almışdır, lakin mənzilə dair Çıxarış hələ verilmədiyi üçün qeydiyyata düşə bilmir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: ƏMDX DƏDK və RPHŞ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrinin **********83-05301-093004 reystr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışından görünür ki, ünvan 1, mənzil 1167 (Yeni qaydalarla: AZ1070, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə İddiaçı Rəfail qızına məxsusdur. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 489459 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı Rəfail qızının nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə “İsmayılov”, qadına “İsmayılova” soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3347/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilərək, İddiaçı və Cavabdeh arasında RF Moskva VVAQ İdarəsinin Novomoskovsk VVAQ şöbəsində xx.xx.2019-cu il tarixdə **********01800776008 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş övladı - xx.xx.2021-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024- 00353 nömrəli barışıq sazişindən görünür ki, Tərəflər İddiaçı (Bundan sonra Birinci tərəf) və Cavabdeh (Bundan sonra İkinci tərəf) aşağıda göstərilən şərtiər əsasında razılaşdılar: Sazişin 1.1-ci bəndinə əsasən, Birgə nikah dövründə əldə edilmiş Bakı şəh., Yasamal ray., Əsəd Əhmədov küçəsi ev 24B, giriş 10, 1167 saylı mənzil Birinci tərəfin mülkiyyətinə keçirilir. İkinci tərəf mənzillə bağlı payından imtina edir. Sazişin 1.2-ci bəndinə əsasən, Birinci tərəf birgə nikah dövründə əldə edilmiş “TOYOTO LAND-CRUİSER” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan paylarından imtina edir. Sazişin 1.3-cü bəndinə əsasən, İkinci tərəf birgə nikahdan dünyaya gələn övladı xx.xx.2021-ci il təvəllüdlü X3 saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) AZN aliment məbləğini Birinci tərəfin kart hesabına ödəyəcək. Sazişin 1.4-cü bəndinə əsasən, İkinci tərəf birgə nikahdan dünyaya gələn övladı xx.xx.2021-ci il təvəllüdlü X4 ilə onun gündəlik rejimi pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün və istənilən saatda görüşə və ünsiyyət yarada bilər. Sazişin 1.5-ci bəndinə əsasən, X2 nəvəsi xx.xx.2021-ci il təvəllüdlü X4 ilə hər iki həftədən bir 1 (bir) dəfə (vaxtı və məkanı öncədən razılaşdırmaqla) görüşə və ünsiyyət yarada bilər. Sazişin 1.6-cı bəndinə əsasən, Birinci tərəf öhdəsinə götürür ki, gələcəkdə İkinci tərəfdən əmlak tələbi ilə bağlı heç bir iddiası olmayacaq. Sazişin 2-ci bəndinə əsasən, tərəflər İddiaçı və Cavabdeh bu Barışıq Sazişini oxuduğunu, Barışıq Sazişinin şərtlərinin onlara izah olduğunu və başa düşüldüyünü, bu şərtlərlə razı olduqlarını bildirirlər və bunu öz imzaları ilə təsdiq edirlər. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanda qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2022-ci ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəlləsinin 228-ci maddəsinin 1-ci bəndinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəlləsinin 228-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il 24 sentyabr tarixli Qərarında göstərilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar. Tərəflər birgə nikah dövründə ünvan 1, mənzil 1167 (Yeni qaydalarla: AZ1070, ünvan 2 ünvanında yerləşən mənzili əldə etmişlər. Tərəflərin nikahına məhkəmə qətnaməsinə əsasən, xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatında İddiaçı və Cavabdeh bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00353 nömrəli barışıq sazişinin 1.1-ci bəndinə əsasən, Birgə nikah dövründə əldə edilmiş Bakı şəh., Yasamal ray., Əsəd Əhmədov küçəsi ev 24B, giriş 10, 1167 saylı mənzil Birinci tərəfin mülkiyyətinə keçirilir. İkinci tərəf mənzillə bağlı payından imtina edir. Həmin barışıq sazişi əsasında ünvan 1, mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Hazırda qeyd olunan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və cavabdeh həmin mənzildə yaşamır və hazırda başqa ünvanda qeydiyyatdadır. Hazırkı iddianın əsasından görünür ki, iddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir, bunun üçün isə cavabdehin mənzildən “istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisə predmeti təşkil edən mənzili birgə nikah dövründə almış, tərəflər arasında ailə münasibətləri pozulan zaman həmin mənzilin iddiaçının mülkiyyətinə keçirilməsi barədə razılığa gəlmişdir. Mediasiya təşkilatında tərəflər arasında əmlak bölgüsünə dair barışıq sazişi bağlamışdır. Belə olan halda cavabdehin həmin mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Odur ki, hazırki mübahisəyə dair məhkəmə qətnaməsi Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbini qismən - “mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi” hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında'' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Gündüz oğlunun ünvan 1 ünvanında yerləşən 1167 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Gündüz oğlunun, ünvan 1 ünvanında yerləşən 1167 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar