Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2457/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 11.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus olan “XT-660 X Motosikl” markalı, 2005-ci il buraxılışlı, 10 B 234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 6.786 manat, mənəvi zərərə görə 15.000 manat, motosikilə dəymiş ziyan nəticəsində onun dəyərdən düşməsinə görə amartizasiya xərcləri qismində 5.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 32.816 manat pulun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 25.10.2020-ci il tarixdə saat təxminən 18.30 radələrində İddiaçı1 məxsus və etibarnamə əsasında İddiaçı2 tərəfindən idarə edilən “Yamaha” markalı 2005-ci il buraxılışlı 10 В 234 dövlət qeydiyyat nişanlı motosikli Cavabdeh idarə etdyi “Chevrolet Trax” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuş və hadisə yerindən yayınmışdır. Nəticədə motosikli idarə edən İddiaçı2 müxtəlif bədən xəsarətləri almış, eyni zamanda motosiklə böyük miqdarda maddi zərər vurulmuşdur. Hadisədən sonra hadisə yerinə polis əməkdaşları cəlb edilmiş, cavabdeh məsuliyyətə cəlb edilmişdir. Bundan sonra motosiklə dəyən zərər Atəşgah Sığorta Şirkəti və motosiklin rəsmi dilleri tərəfindən araşdırılmış və motosiklin bərpasına 11.786 manat vəsait tələb edildiyi müəyyən edilmişdir. Həmin zərərin bir qismi, 5.000 manat cavabdehin icbari sığortası tərəfindən ödənilmişdir, qalan məbləğ isə cavabdeh tərəfindən ödənilməli olduğu halda bu günə qədər heç bir ödəniş edilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh 08.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, hadisənin törədilməsində təqsirli bilinmiş və 100 manat cərimə edilmişdir. Hadisə yerində nəqliyyat vasitələrinin şəkilləri çəkilmişdir. O, hadisədən sonra İddiaçı2 ilə danışmışdır. Motosikilə 350 manat məbləğində zərər dəymişdir. İddiaçılar “İmprotex Motors” şirkətindən qüsur aktı almışlar. Həmin aktda qiymətlər detalların təzəsi ilə əvəz edilməsinə görə yazılmış və şişirdilmişdir. Onun avtomobili icbari sığota olunmuşdur, "xxxx" ASC dəymiş zərərə iddiaçıya 5000 manat ödəmişdir. "xxxx" ASC ödədiyi 5.000 manatı ondan tələb edir. Motosikildə cızıqlar əvvəldən mövcud olmuşdur, motosikilin sag və sol güzgüsü olmamışdır. Motosiklin üzərinə isə İddiaçı2 nakleykaları özü yapışdırmaqla, bəzəmişdir. Bunu onun sosial şəbəkələrdə paylaşdığı fotoşəkillər bir daha təsdiq edir. Motosikilin sag və sol güzgüsü olmaması hadisədən dərhal sonra polis tərəindən çəkilmiş fotoşəkillərlə təsdiq edilir. Qüsur aktında olmayan güzgülərin hər birinə 290 manat qiymət yazılıb. Qüsur aktında yanacaq çəninin qiyməti 3.100 manat qeyd edilmişdir, lakin ona hər hansı zərər dəyməmişdir. Eyni markalı və ildən olan motosikllərin ikinci əl satış qiymətlərini internetdən tap.az saytından əldə etmişdir, həmin qiymətlərə əsasən “Yamaha” markalı 2005-2013cü il buraxılışlı motosikllərin qiymətləri 2450-11.500 manat arasında dəyişir. Hətta yeni motosikllərin qiymətləri 2450 manat, 3100 manat olduğu müəyyən edilir. Bu barədə fotoşəkilləri məhkəməyə təqdim edir. İddiaçılara məxsus olan motosikl isə istifadəyə yararlıdır və həmin mosiklə 11.786 manat zərər dəyməsi qeyri-mümkündür. O, vurulmuş zərərin məbləği ilə razı deyildir. Odur ki, iddiaçılara məxsus motosikilə dəymiş real zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-ekspertizası keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 25.10.2020-ci il tarixdə saat təxminən 18.30 radələrində İddiaçı1 məxsus və etibarnamə əsasında İddiaçı2 tərəfindən idarə edilən “Yamaha” markalı 2005-ci il buraxılışlı 10 В 234 dövlət qeydiyyat nişanlı motosikli Cavabdeh idarə etdyi “Chevrolet Trax” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuş, motosiklə böyük miqdarda maddi zərər vurulmuşdur. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 16.11.2020-ci il tarixli qərardan müəyyən olunur ki, qeyd olunan hadisəni törətmiş Cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi Nəsimi RPİ-nin DYPŞ-nə əlavə edilmişdir. X2 tərəfindən təqdim olunmuş qüsur aktına əsasən YAMAHA XT-660X, VG5DM**********1 ban nömrəli motosikletinin hadisə nəticəsində zədələnmiş ehtiyat hissələrinin dəyişdirilməsinə 8801 manat, motosikletin yığılması üçün 1000manat, ehtiyat hissələrinin sifarişi üçün 850 manat olmaqla cəmi 11786 manat vəsait tələb olunur. 14.06.2018-ci il tarixli etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək hüququ İddiaçı1 tərəfindən İddiaçı2 verilmişdir. Etibarnamə 28 saylı notariat kontorunda 7E-8442 nömrə ilə reyestrdə qeyd edilib. İşə əlavə olunmuş 18.02.2021-ci il tarixli “Atəşgah” sığorta tərəfindən təqdim olunmuş pretenziya aktına əsasən, “Atəşgah” sığorta şirkəti “XT-650X” markalı 10 B 234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 AZN sığorta ödənişi həyata keçirmişdir. 19.04.2021-ci il tarixdə "xxxx" Sığorta şirkəti ASC ilə Cavabdeh arasında bağlanmış borcun etiraf edilməsi barədə müqaviləyə əsasən Cavabdeh 3000AZN borcun olduğunu etiraf edir, 2000AZN bağışlanmasını təklif etmişdir. Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 14.07.2021-ci il tarixli 9/3617 saylı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən 2005-ci il buraxılışlı “XT-660 X Motosikl” markalı 10B 234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 9751.0 manat müəyyən edilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarla sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdehin sığortaçısı "xxxx" Sığorta şirkəti tərəfindən iddiaçının əmlakına dəymiş zərərə görə 5000 AZN ödənilmiş, qalan məbləğ isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini zərərvurandan tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 məxsus olan “XT-660 X Motosikl” markalı, 2005-ci il buraxılışlı, 10 B 234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 9.751 manat zərərdən ödənilmiş 5.000 manat sığorta ödənişi çıxılmaqla, qalan 4.751 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.781 (dörd min yeddi yüz səksən bir) manat pul Cavabdeh tutularaq İddiaçı1ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 məxsus olan “XT-660 X Motosikl” markalı, 2005-ci il buraxılışlı, 10 B 234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 9.751 manat zərərdən ödənilmiş 5.000 manat sığorta ödənişi çıxılmaqla, qalan 4.751 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.781 (dörd min yeddi yüz səksən bir) manat pul Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. İddiaçı1 iddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı2 iddia tələbi tam rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-ekspertizasının xərci 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2457/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2457/2021
24.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver