Məhkəmə qərarları › İş №2(004)-2466/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2466/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2466/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə su axma nəticəsində dəymiş zərər üzrə 1100 manat sığorta haqqı və 5000 manat mənəvi zərərin "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, tələbi dəqiqləşdirmiş və mənzilə su axma nəticəsində dəymiş zərər üzrə 3574 manat sığorta haqqı və 500 manat mənəvi zərərin "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan "xxxx" MTK-da yerləşən ev 47, mənzil 91 ünvanına yuxarı mərtəbədə yerləşən 95 saylı mənzildən xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixdə baş vermiş su axıtma hadisələri ilə əlaqadər sığorta ödənişin ödənilməsi üçün cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin, cavabdeh tərəf baş vermiş hadisələrin sığorta dövründə baş verməməsi əsası ilə sığorta ödənişini aparmaqdan əsassız imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olmasını bildirmiş və tələbin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan sığorta şəhadətnaməsinin surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək yanğın, ildırım düşməsi, ....... yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma ........leysan.... sığorta riskləri üzrə sığortalanmışdır. Sığorta məbləği 25.000 manat təşkil etmişdir. İş materiallarında olan cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 59 nömrəli aktda qeyd edilir ki, xx.xx.2023cü il tarixdə həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan məhkəmənin sorğusu əsasında "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli 57, 58 və 59 nömrəli aktlarda qeyd edilir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş baxış zamanın həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan X1 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına suyun axması nəticəsində yaranmış təmir-tikinti xərci 3574 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına İddiaçı cavabdeh sığorta şirkətinə yazılı müraciəti, sığorta ödənişi ilə bağlı izahatı əlavə edilmişdir. İş materiallarına mənzilin fotoşəkilləri (su sızma nəticəsində yaranan zərərlə bağlı) əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtləri (öhdəlik münasibətləri) və aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil 23 mərtəbəli binanın 21-ci mərtəbəsində yerləşir. Su sızma hadisələri baş verən zaman yuxarı mərtəbələrdə eyni proyeksiyada yerləşən 2 mənzil təmirsiz olmuş və mənzillərdə yaşayış olmamışdır (hazırda həmin mənzillərdə təmir başlamışdır). ünvan 1 ünvanı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək yanğın, ildırım düşməsi, ....... yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma ........ leysan...... sığorta riskləri üzrə sığortalanmışdır. Sığorta məbləği 25.000 manat təşkil etmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 59 nömrəli akta əsasən, xx.xx.2023-cü il tarixdə həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür. Məhkəmənin sorğusu əsasında "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli 57, 58 və 59 nömrəli aktlarda qeyd edilir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş baxış zamanın həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür. X1 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanına suyun axması nəticəsində yaranmış təmir-tikinti xərci 3574 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəf arqument olaraq bildirir ki, baş vermiş hadisə sığorta dövrünə təsadüf etmir. Belə ki, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 59 nömrəli akta əsasən, xx.xx.2023-cü il tarixdə həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür. Həmin vaxt isə mənzil sığortalı olmamışdır. Məhkəmə həmin arqumentə münasibətdə bildirir ki, əvvəla, iş materiallarında olan aktlardakı zidiyyətlərə məhkəmənin soğrusu əsasında MTK tərəfindən tərtib edilmiş 07 may 2025-ci il tarixli aktlarla aydınlıq gətirilmiş, təqdim edilmiş yeni arayışlarda hadisələrin sığorta dövründə baş verməsi əksini tapmışdır. Bundan əlavə, xx.xx.2024-cü il tarixli 59 nömrəli aktın özündə də texniki qüsurlar var, belə ki, aktın tərtib edilmə tarixi ilə bağlı 2 fərqli tarix göstərilmişdir. Həmin MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3 nömrəli aktda da qeyd edilmişdir ki, ..... 91 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üst mənzildən İddiaçı məxsus mənzilə su sızma nəticəsində mənzil zərər görmüşdür. MTK-nın təqdim etdiyi xx.xx.2025-cü il tarixli 57, 58 və 59 nömrəli aktlarda göstərilir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş baxış zamanın həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür. Yəni, sığorta dövründə də mənzilə ən azından bir neçə dəfə su axma hadisəsi baş vermişdir. İş materiallarında olan bir sıra sənədlərdə sığorta hadisəsinin 2024-cü il deyil, 2023-cü il kimi qeyd edilməsi məhkəmə tərəfindən texniki səhv kimi qiymətləndirilir, mahiyyəti dəyişdirmir. Sığorta ödənişi ilə bağlı müraciət 2025-ci ilin yanvar ayında edilmişdir. Ədalət mühakiməsinin məqsədi mübahisəyə sənədlərki rəqəmlərlə deyil, mahiyyəti üzrə hərtərəfli baxmaqla düzgün qərar qəbul etməkdir. İddiaçının sağlamlıq durumu, “dağınıq skreloz” xəstəliyindən əziyyət çəkməsi nəzərə alınır. Bundan əlavə, iddiaçı bildirir ki, sözügedən su sızma yağış sularının təsirindən yaranır. Nəzərə alınır ki, üst mərtəbədə yerləşən 95 saylı mənzil təmirsizdir, həmin mənzildə yaşayış yoxdur. Binanın yuxarı hissəsində yerləşən su novlarındakı problem nəticəsində yağış suyu axaraq iddiaçının mənzilinə zərər vurur. Belə ki, hadisə üst mərtəbədə yerləşən mənzildə boru partlaması və ya suyun açıq saxlanılması ilə bağlı deyil, yağış suları nəticəsində toplanmış su kütləsinın yanlış axımı nəticəsində iddiaçının mənzilinə axır. Sözügedən sığorta müqaviləsi üzrə xüsusat sığorta risklərinin dairəsinə daxildir (....yaşayış evlərindən, binalardan daxil olan su nəticəsində....leysan...). Göstərilənlər nəzərə alınmaqla, həmin su sızma hadisəsinin mütəmadi olaraq təkrarlanması ağlabatandır (yağışın yağma intensiyilinə uyğun olaraq). Əksinə, hadisənin cəmi 1 dəfə baş verməsi rasional məntiqə uyğun deyildir. Yəni, həmin su sızma hadisəsi uzanan, mütəmadi xarakter daşıyır. Deməli, sığorta hadisəsi sığorta dövründə dəfələrlə təkrarlanmışdır. Cavabdeh tərəfin növbəti arqumenti odur ki, mənzilə ilk su sızma hadisəsi 2023-cü ilin oktyabr ayında baş vermişdir. Həmin hadisədən sonra iddiaçı mənzili təmir etdirməmişdir. Odur ki, vurulmuş zərər sığorta dövründən əvvəlki tarixə aiddir, sonra baş vermiş su axmalar üzrə dəymiş zərər üzrə sığorta ödənişinin cavabdehdən tutulması əsassızdır. Həmin arqumentə münasibətdə məhkəmə bildirir ki, hesab edək ki, həmin arqument doğrudur, əvvəla mənzilə 1 dəfə su axmanın nəticəsi ilə 5 dəfə (şərti olaraq) su axmanın təsirləri, nəticələri, aradan qaldırılması xərcləri, üsulları və zərərin həcmi fərqli olur. Yəni, hadisə 1 dəfə baş verdikdə aboyu, tavanı silmək və digər sadə üsullarla qüsuru aradan qaldırmaq mümkün olursa, bir neçə dəfə baş verdikdə zərərin təsiri (ləkələrin dərəcəsi, dərinliyi və sahəsi) artır və qüsuru yalnız yenidən təmirlə aradan qaldırmaq mümkün olur. Təmir isə əsasən minimum divar kağızının (aboy) dəyişdirilməsi, tavan və döşəmənin boyanması deməkdir. Yalnız zərər vurulan hissə üzrə divar kağızının dəyişdirilməsi, əvvəlki divar kağızının tapılmasının çətinliyi (bəzən mümkünsüzlüyü), yeni divar kağızı vurulduqda isə əvvəlki ilə aşkar vizual fərqləri, tavan və döşəmənin hissəvi boyanması zamanı da otaqda olan təmir vəziyyəti ilə bağlı kəskin kosmetik fərqlər (köhnə təmirlə yeni təmir arasındakı) meydana gələcəyindən otaq 0-dan yenilənməli olur ki, bu da əlavə xərc deməkdir. Odur ki, otağın normal hala salınması üçün tavan yenidən boyanmalı, aboylar sökülüb yenisi ilə əvəzlənməlidir. Nəticə etibarilə, hazırki mübahisə üzrə sığorta dövründə baş vermiş sığorta hadisələri təmir xərcinin yüksəlməsinə, qüsurların sadə formada aradan qaldırılmasının mümkünsüzlüyü, otağın yenidən kosmetik xərclərinə (otağın aboyunun tam yenilənməsi, tavan və döşəmənin tamamilə yenidən rənglənməsi və s.) səbəb olmuşdur. Həmçinin, su axmanın küləklə müşahidə olunan güclü yağış, yəni leysan nəticəsində baş verməsi ağlabatandır. Çünki, su novlarındakı suyun mənzilə axması yalnız leysan nəticəsində toplanmış geniş su kütləsindən əmələ gələ bilər ki, müqavilə üzrə leysan hadisəsi də sığorta riskinə aiddir. Sadə çiskin yağış zamanı sözügedən su kütləsinin meydana gəlməsi ağlabatan deyildir. Mənzilin 21-ci mərtəbədə yerləşməsi, güclü küləklə müşahidə olunan yağışın təsirinin güclənməsi nəzərə alınır. Bunun əksi (leysanın baş verməməsi), cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Sözügedən riskin dəyərləndirilməsi isə (risklərlə bağlı qiymətləndirmə aparmaq) sığorta müqaviləsi bağlanarkən sığortaçı şirkətin üzərinə düşür, “müqavilə azadlığı” prinsipinin tələbləri əsas götürülməklə sığorta şirkəti sığorta müqaviləsini bağlamağa məcbur edilə bilməz və ya bağlanan müqavilənin şərtlərini razılaşdırmaqda sərbəstdir. Nəticə etibarilə, sığorta dövründə baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta müqaviləsinin şərtləri çərçivəsində sığorta ödənişinin həyata keçirilməsi təmin edilməlidir. X1 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyi cavabdeh tərəfindən zərərin həcmi ilə bağlı hissədə mübahisələndirilmədiyindən yenidən qiymətləndirmənin həyata keçirilməsinə zərurət görülmür, həmin rəy əsaslı hesab edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlər yerinə yetirilmir. Odur ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassızdır. Nəzərə alınmalıdır ki, hazırki situasiya üzrə iddiaçıya hər hansı mənəvi zərərin vurulması, həmin zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi və səbəbli əlaqə müəyyən edilmir. Çünki, mübahisə üzrə iddia tələbi məhkəmə tərəfindən təmin edilsə də, cavabdeh sığorta şirkəti özünün istinad etdiyi müvafiq əsaslarla sığorta ödənişini həyata keçirtməkdən imtina etmişdir. Qiymətləndirmə isə məhkəmə tərəfindən yekunlaşdırılmışdır. Məhkəmə izah edir ki, sığorta fəaliyyəti ilə bağlı bir sıra hallarda sığortalılar tərəfindən sui-istifadə halları olsa da (əksi halları da mövcuddur), sığorta şirkətləri sığorta ödənişlərini həyata keçirərkən qiymətləndirmələri sadələşdirsələr, “ödəməmək üçün” formal əsaslar axtarmasalar, subyektlərin sığorta sisteminə inamı arta və nəticələrə kommersiya subyektləri kimi sığorta şirkətlərinin gəlirlərində ciddi artıma səbəb ola bilər. Xüsusən, müasir sığorta sistemlərinin quruluşuna əsasən, qarşılıqlı etimad təmin edilərsə, bir sıra subyektlərin suiistifadə halları baş versə də, sığorta sisteminə olan ümumi inam dövriyyənin artmasına, sui-istifadə ilə bağlı xərclərin əhəmiyyətsiz səviyyəyə enməsinə, şirkətlərin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olar. Əks halda, subyektlər sığortaya maraqlı olmamaqla yalnız inzibati məsuliyyətdən yayınmaq motivi ilə xüsusən avtomobillərin icbari sığortasını həyata keçirməklə sığorta dövriyyəsinin artması mümkün olmayacaqlar. Subyektlərin sığortada məqsədi zərəri qarşılamaqdır. Əks halda, şəxslərin ehtimal üzrə baş verməsi mümkün olan (olmaya da bilər) hadisə üzrə sığorta ödənişini həyata keçirməkdə hər hansı marağı olmamalıdır. Məhkəmə mülki işə tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunması əsası ilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi və qiymətləndirmə ilə bağlı X1 Mərkəzi MMC-yə ödənilmiş 250 (iki yüz əlli) manat xidmət haqqı cavabdeh "xxxx" ASC-yə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 3574 (üç min beş yüz yetmiş dörd) manat pul, ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi və qiymətləndirmə ilə bağlı X1 Mərkəzi MMC-yə ödənilmiş 250 (iki yüz əlli ) manat xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 3574 (üç min beş yüz yetmiş dörd) manat pul, ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi və qiymətləndirmə ilə bağlı X1 Mərkəzi MMC-yə ödənilmiş 250 (iki yüz əlli ) manat xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar