Məhkəmə qərarları › İş №2(004)-248/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-248/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-248/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, Cavabdeh2 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Bəybala qızı və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona 10 il ərzində maddi və mənəvi zərər verdiklərinə görə 3500 manat və məhkəməyə qədər ailəsinin çəkdiyi xərclərin əvəzinin, yəni 500 manat məbləğində zərərin cavabdehlər Cavabdeh1 Bəybala qızı və Cavabdeh2 qızdan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək ona 10 il ərzində maddi və mənəvi zərər verdiklərinə görə 3500 manat və məhkəməyə qədər ailəsinin çəkdiyi xərclərin əvəzinin, yəni 500 manat məbləğində zərərin Cavabdeh2 tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirir ki, iddiaçı ailəsi ilə birlikdə 2005-ci ildən ünvan 1 mənzil 23 ünvanında yaşayır. Cavabdeh1 Bəybala qızı onlarla eyni binada bir mərtəbə yuxarıda yerləşən 26 saylı mənzildə yaşayır. Uzun illərdir ki, normal qonşu münasibətləri var idi. Lakin Rəfiqə xanımın qızı Cavabdeh2 ailə qurduqdan sonra Sevinc xanım və onun həyat yoldaşı Xəyal bəyin diqqətsizliyi və ehtiyyatsızlığı üzündən son 10 ildir ki, qonşu münasibətləri korlanıb. Belə ki, qeyd edilən evin sakinləri sanitar qovşağında illərdir nasaz vəziyyətədə olan qurğuları istifadə edərək, çirkab sularını onların mənzilinə axıdırlar. Bu onların sanitar qovşağının və otağının tavan və divarlarını bərbad hala salır. Bu məsələ ilə bağlı mənzil sakinlərinə müraciət etsələr də, baş verənlərə hər dəfə yeni bəhanələr gətirir, lakin bu halların təkrarlanmaması üçün nə sanitar qovşağındakı qurğuları təmir edirlər, nə də səliqə və təmizliyə riayət edirlər, onların evinin halı isə getdikcə daha da bərbadlaşır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X8 izahat verərək bildirir ki, iddianı qismən qəbul edir, etiraf edir ki, evdən qonşu evə sızma olmuşdur. Bir dəfə MKİS-ə gedərək bildirdi ki, usta götürüb gedib düzəltdirəcək. Düzdür onların evinə su tökülmüşdür, iddiaçı haqlıdır. Evdə yaşlı qaynanası qalırdı. O yaşlı qadın idi, yadından çıxıb suyu açıq qoyurdu. Ancaq evə iddiaçının qeyd etdiyi məbləğdə ziyan dəyməmişdir. Ekspert rəyi ilə razı deyil. Əlavə olaraq bildirir ki, sözügedən mənzil qaynatası X2 adına olmuşdur. O vəfat etdikdən sonra sənədləşmə işləri aparılmamışdır. Lakin onun qaynanası və həyat yoldaşı həmin mənzildə yaşayıb. Qaynanası Rəfiqə xanım təzəlikcə rəhmətə gedib. Onların yeganə övladı X3 həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, 42 saylı MKİS-in xx.xx.2020-ci il tarixli aktına əsasən Azərbaycan prospekti 35, 23 saylı mənzildə yaşayan İddiaçı mənzilinə baxış keçirilərək müəyyən olunmuşdur ki, həmin ünvanın 26-cı mənzilində yaşayan Cavabdeh1 Bəybala qızının mənzilindəki sanitar qovşağından axan çirkab sular 23-cü mənzilin sanitar qovşağının divarlarını və tavanı bərbad hala salmışdır, dəfələrlə 26-cı mənzildə yaşayan Cavabdeh1 Bəybala qızına şifahi xəbərdarlıq olunmasına baxmayaraq o heç bir tədbir görməmişdir, iki qonşu arasında mübahisə vardır. İş materiallarında olan AR DƏDRX Daşınmaz əmlakın Dövlət Reyestrindən ******* №-li çıxarışa əsasən ünvan 1 mənzil 26 saylı mənzil tam mülkiyyət hüququ üzrə X2 adına qediyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/2335 nömrəli rəyinə əsasən ünvan 1 23 saylı mənzilin tavan və divarlarındakı sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 42 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu tarixli aktın məlumatlarını nəzərə alaraq, ünvan 1 26 saylı mənzildə su sızması müəyyən olunmuşdur. Lakin 23 saylı mənzilin üst mərtəbəsində yerləşən mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 23 saylı mənzilə dəymiş zərərin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. ünvan 1 23 saylı mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1129 manat məbləğində olduğu müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, ünvan 1 23 saylı mənzilə yuxarı mərtəbədə yerləşən ünvan 1 26 saylı mənzildən suyun sızması nəticəsində maddi ziyan dəymişdir. ünvan 1 26 saylı mənzil Cavabdeh2 atası X1 adına qediyyata alınmışdır. X4 vəfat edib. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, suyun sızması zamanı Cavabdeh2 anası və ailəsi ilə birgə həmin mənzildə yaşayırdı. Hazırda da Cavabdeh2 həmin mənzildə yaşayır. Mülki iş materialları ekspertizada olduğu vaxt ərzində Cavabdeh2 anası Cavabdeh1 Bəybala qızı da vəfat etmişdir. İddiaçı 3500 manat və məhkəməyə qədər ailəsinin çəkdiyi xərclərin əvəzinin, yəni 500 manat məbləğində zərərin ödənilməsini tələb etsə də zərərin məbləğinin bu qədər olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və ekspert rəyinə uyğun olaraq 1129 (bir min yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 vurulmuş maddi ziyana görə 1129 (bir min yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tikinti-texniki ekspertizasının xərci olan 100 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 1129 (bir min yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar