Məhkəmə qərarları › İş №2(004)-2514/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2514/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2514/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştiraklarıı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 5550 manat maddi zərərin, 3000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən təmir emalatxanasında işləyən Cavabdeh təxminən 3 il əvvəl dəri materiallarında işləmək ötəri lazerli kəsim aparatı üçün 4950 manat ödəmişdir. Kəsim aparatını 2 ay cavabdehin sexində işlətmişdir. Aparat normal işləmədiyi üçün işi dayandırmış və aparat üçün ödədiyi pulu tələb etmişdir. Hazırda da kəsim aparatı cavabdehin sexindədir. Aparatın pulunu şəxsən Cavabdeh ödəmiş, razılaşmalar başqa şəxslə deyil, məhz cavabdehlə edilmişdir. İki aydan sonra cavabdehin sexini tərk edərkən ona məxsus 1 ədəd kompüter stolu, 1 ədəd xalça, 1 ədəd böyük ölçüdə stol, 1 ədəd hava soran mühərrik (15 metr truba ilə birlikdə), kəsim aparatında işlətmək üçün 1 ədəd bağlama karton (1*175 ölçüdə) və 1 ədəd bağlama kağız (l*175 ölçüdə) cavabdehin sexində qalmışdır. Bu əşyaların dəyəri 550 manat təşkil edir. Cavabdeh göstərilən əşyaları satıb pulunu verəcəyi üçün əşyaları götürməmişlər. Artıq həmin əşyalardan istifadə edə bilməyəcəyi üçün o da razılaşmışlar. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. 07.01.2022-ci il tarixdə saat 15:30 radələrində həmin emalatxanaya gedib ondan pulu tələb edərkən onunla kobud rəftar etdiyindən cavabdehə irad bildirdikdə, cavabdeh onun üz-sifət nahiyəsindən zərbələr endirərək xəsarət yetirmişdir. Cavabdeh ona 4950 manat borclu olduğunu etiraf edir. Lakin lazer kəsim aparatını satdıqdan sonra pulu ödəyəcəyini bildirir. Bu onun özünün razılığı ilə yazılan səs yazısı ilə təsdiq olunur. Lakin cavabdehin bu aparatı nə vaxt neçəyə satacağı məlum deyil. Digər tərəfdən satacağına da inanmır. Cavabdeh keçən 3 il ərzində onu dəfələrlə hədələyərək təhqir edib. Sonunda da onu döyərək xəsarət yetirib və törətdiyi əmələ görə Nəsimi Rayon Məhkəməsi cavabdehi CMnin 128 maddəsi ilə təqsirli bilərək islah işi cəzasına məhkum etmişdir. Nəticədə iddiaçı ona maddi zərərlə yanaşı mənəvi zərər də vurmuşdur. Hesab edir ki, cavabdeh ona 3000 manat mənəvi zərər vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, emalatxanada lazer kəsim dəzgahlarının təmir işləri ilə məşğul olur. İddiaçı isə taksı sürücüsüdür. Onunla heç bir pul münasibətləri olmayıb və onu cəmi 2-3 dəfə Vlada adlı xanımı emalatxanaya gətirəndə görmüşdür. O, dostu Anara məxsus dəzgahı təmir etmiş, bundan sonra Anar və Vlada arasında razılığa əsasən lazer kəsim dəzgahını işlətmək üçün onlara təxminən 20 kv.metrdən ibarət ayrıca sahəni 200 manata icarəyə vermişdir. Həmçinin, işlədilən işığın pulunun Vlada tərəfindən ödəniləcəyi barədə razılığa gəlinmişdir. Onlar 2 ay işləmiş, lakin ona nə icarə haqqı, nə də ödədiyi işiq pulunu verməmişlər. Bu səbəbdən həmin sahənin işığını söndürmüşdür. Xeyli müddət keçdikdən sonra, Anar dəzgahı öz emalatxanasına aparmış və həmin dəzgahı satacağını bildirmişdir. O, iddiaçıdan və ya Vlada adlı xanımdan dəzgaha görə heç bir pul almamış, dəzgahla bağlı pul münasibətləri Anar və Vlada arasında olmuşdur. Sonradan Anar adlı şəxs vəfat etmişdir. Anar vəfat edəndən sonra, iddiaçı və Vlada adlı xanım ondan pul tələb edir, onun barəsində polisə və məhkəməyə şikayət verirlər. Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(006)-131/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki, iddiaçı tərəfindən ümumiyyətlə zərərin mövcud olması və ona maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutlar təqdim edilməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, iddiaçı cavabdehdən lazerli kəsim aparatı alması və bunun üçün ona 4950 manat ödədiyini, həmçinin ona məxsus olan əşyaların cavabdehə məxsus sexdə qalmasını qeyd etsə də, qeyd edilən halları və tələbinin əsaslı olmasını və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı Cavabdeh qarşı İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar