Məhkəmə qərarları › İş №2(004)-27/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-27/2022

12.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-27/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölgüsünün aparılması və istifadəyə verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətinə qarşı “əmlakın naturada bölgüsünün aparılması və istifadəyə verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən ümumi sahəsi 600 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçilər arasında naturada bölgüsünün aparılması, 12 iyun 2003-cü il tarixli, QYM 001652 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan 300 kv.m. hissəsinin naturada müəyyən edilib ayrılaraq həmin sahənin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 600 kv.m. təşkil edir. Həmin çoxmərtəbəli yaşayış binası "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış 08.01.1999-cu il tarixli müqaviləyə əsasən tikilmişdir. Müqavilənin şərtlərinə görə, "xxxx" şirkəti öz maliyyə vəsaiti hesabına həmin binanın tikintisini başa çatdırmalı idi. Müqavilənin digər şərtlərinə əsasən binanın mənzilləri və qeyri-yaşayış sahələri tərəflər arasında bölünmüşdür. Hazırkı mübahisə binanın qeyri-yaşayış sahələri ilə bağlıdır. İstinad edilən müqavilənin şərtlərinə görə, binanın ümumi sahəsi 600 kv.m. olan qeyriyaşayış sahələri bərabər şəkildə hər tərəf üçün 300 kv.m. olmaqla bölünmüşdür. 03.05.2003cü il tarixli bağışlama müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X8 binanın qeyri-yaşayış sahələrinin bu şirkətin payına düşən sahəsi 300 kv.m. olan hissəsini ona bağışlamışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 300 kv.m. hissəsinə onun xüsusi mülkiyyət hüquqları tanınmış və bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyat aparılaraq, QYM seriyalı 001652 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 29.07.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “ATS" şirkəti binanın qeyri-yaşayış sahələrinin həmin şirkətin payına düşən sahəsi 300 kv.m. olan hissəsinin 72 kv.m.-lik hissəsini Cavabdeh1 satmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri- yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 72 kv.m. təşkil edən hissəsinə onun xüsusi mülkiyyət hüquqlarım tanınmış və bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyat aparılaraq QYM seriyalı 002919 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda faktiki istifadəsində 195.5 kv.m. qeyri-yaşayış sahəsi vardır ki, bu da xüsusi mülkiyyət hüququ əsasında məxsus olan sahədən (300 kv.m.) 104.5 kv.m. azdır. Tərəfindən dəfərlərlə cavabdehlərlə bu məsələni qarşılıqlı razılaşma ilə məhkəmədənkənar qaydada həll etməyə cəhd edilsə də, mümkün olmamışdır. Bununla da mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılır. Cavabdehlər ona məxsus olan sahələrdən istifadə edirlər və mübahisənin yeganə həlli ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrinin qeyri-yaşayış sahələrinin (ümumi sahəsi 600 kv.m.) mülkiyyətçiləri arasında həmin sahələrin naturada bölgüsü aparılmasıdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh "xxxx" Şirkətinin əsl Cavabdeh2 ilə əvəz olunması və sonuncunun iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh "xxxx" Şirkəti əsl Cavabdeh2 ilə əvəz olunmaqla, iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi naturada ayrılmaqla həmin sahənin istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmasını və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mübahisələndirilən istifadə etdiyi qeyri-yaşayış sahəsi onun özünə məxsusdur. ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisində köməklik göstərmiş, iddiaçının atası Musa Məmmədovu həmin ərəfədən qeyd edilən binanı inşa edən şəxs kimi tanımışdır. Musa Məmmədov "xxxx" LTD şirkətini təmsil edirdi. Həmin vaxt binanın tikintisində həmçinin "xxxx" Şirkəti fəaliyyət göstərirdi. Bina inşa edildikdən sonra "xxxx" Şirkəti ilə "xxxx" LTD Şirkəti arasında bölgü aparılmışdır. "xxxx" Şirkətinin sahibi onun yaxın qohumu olmuşdur və özünə düşən payın bir hissəsini ona (yəni cavabdehə) satmışdır. Bununla bağlı alqı-satqı müqaviləsi bağlanmışdır və mülkiyyət hüququnu rəsmiləşdirmişdir. İddia tələbi ilə daha sonra qeyd edir ki, "xxxx" Şirkəti ilə "xxxx" LTD Şirkəti arasında bölgü aparılarkən pilləkən qəfəsinin sağ və sol hissəsi əsas götürülsə də, ümumilikdə qeyri-yaşayış sahələrinin sahəsi 600 kv.m. təşkil etmədiyi üçün hər tərəfdə 300 kv.m. düşməmişdir. Ona görə də pilləkən qəfəsindən sağ tərəfə düşən hissəyə keçmişdir və öz qeyri- yaşayış sahəsinə sahiblik edir. Heç bir yeri zəbt etməmişdir. İddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X6 ddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin 03.11.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri- yaşayış sahələrinin ümumi sahəsi nə qədərdir?

2. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki sahəsi nə qədərdir?

3. Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki sahəsi nə qədərdir?

4. Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki sahəsi nə qədərdir?

5. ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin tərəflərin qeydə alınmış xüsusi mülkiyyətində olan sahələrinə uyğun real bölgüsü texniki cəhətdən mümkündürmü? Əgər mümkündürsə, bu cür bölgünün tərəflərin faktiki istifadəsindəki sahələr nəzərə alınmaqla real və səmərəli variantı müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2022-ci il tarixli rəyinə əsasən, birinci sual üzrə: ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının baxış zamanı təqdim ounmuş zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 485,25 kv.m. (224,15 kv.m. yarımzirzəmi, 261,1 kv.m. birinci mərtəbə) təşkil etdiyi; ikinci, üçüncü və dördüncü suallar üzrə: İddiaçı mülkiyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 198,5 kv.m., Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 204,65 kv.m., Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. təşkil etdiyi müəyyən edilmiş; beşinci və altıncı suallar üzrə: ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrində tərəflərin qeydə alınmış xüsusi mülkiyyətində olan sahələrinə uyğun (600 kv.m.) qeyri-yaşayış sahəsi faktiki vəziyyətdə mövcud olmadığından həmin qeyri-yaşayış sahələrinin tərəflərin xüsusi mülkiyyətində olan sahələrinə uyğun bölgüsü barədə tədqiqat aparılmamışdır. Əlavə olaraq ekspert tərəfindən qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri yaşayış sahələri faktiki vəziyyətdə bölünmüşdür. Belə ki, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 204,65 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-95301-083001 reyestr nömrəli, 02.06.2010-cu il tarixli Çıxarış sənədinə əsasən uyğundur. Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-05301-083003 reyestr nömrəli, 10.04.2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çoxdur. İddiaçı mülkiyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 198,5 kv.m. olmaqla həmin qeyri yaşayış sahəsi QYM 001652 nömrəli Qeydiyyat vəsiqəsində göstərilən (300 kv.m.) sahədən 101,5 kv.m az təşkil edir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.03.2015-ci il tarixli rəyinə əsasən, müəyyən edilmişdir ki, birinci - ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri yaşayış sahələrinin hər iki mərtəbə üzrə ümumi sahəsi 590,4 kv.m. təşkil edir (zirzəmi hissəsi üzrə 306,0 kv.m., birinci mərtəbə üzrə 284,4 kv.m.); ikinci - İddiaçı mülkiyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 195,5 kv.m. təşkil edir; üçüncü - Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. təşkil edir; dördüncü - iş materiallarında olan sənədlərə əsasən tədqiq olunan yaşayış, zirzəmi və 1ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin simmetrik şəkildə, yəni göstərilən hissələrin bölgüsü zamanı pilləkən bölgüsündən sağ tərəfdə yerləşən tikililərin isə digərində qalmaqla bölündüyünü və hazırda Cavabdeh1 faktiki istifadəsində olan tikililərin həm pilləkəndən solda, həm də sağda yerləşdiyini nəzərə alaraq, onun tərəfindən şərti bölgü sərhədini keçməklə İddiaçı istifadəsinə düşmüş ümumi sahəsi 53,7 kv.m. təşkil edən tikililərdən (cavabdehin faktiki istifadəsində olan 2,3,4 və 5 saylı tikililər) istifadə edilir. Göründüyü kimi, iki ekspert rəyi arasında kəskin ziddiyyət və ya fərq mövcud deyildir. Belə ki, birinci ekspert rəyi üzrə (17.02.2022-ci il tarixli) faktiki istifadədə olan real sahələrin ölçüləri arakəsmələr, divar və tikilialtı sahələr və s. nəzərə alınmadan ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının baxış zamanı (tədqiqat obyektinə 10.01.2022-ci il tarixdə ekspertlə baxış məhkəmənin iştirakı ilə keçirilmişdir) təqdim olunmuş zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 485,25 kv.m. (224,15 kv.m. yarımzirzəmi, 261,1 kv.m. birinci mərtəbə) təşkil etdiyi, ikinci ekspert rəyində isə (05.03.2015-ci il tarixli) real sahələrin ölçüləri müəyyən edilməklə yanaşı, arakəsmələr, divar və tikilialtı sahələr və s. nəzərə alınmaqla ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri yaşayış sahələrinin hər iki mərtəbə üzrə ümumi sahəsinin 590,4 kv.m. (zirzəmi hissəsi üzrə 306,0 kv.m., birinci mərtəbə üzrə 284,4 kv.m.) təşkil etdiyi müəyyən edilmişdir. Nəticə olaraq müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri yaşayış sahələrinin hər iki mərtəbə üzrə ümumi sahəsi 590,4 kv.m., faktiki istifadədə olan real sahələrin ölçüləri isə arakəsmələr, divar və tikilialtı sahələr və s. nəzərə alınmadan 485,25 kv.m. təşkil edir. Belə olan halda, tərəflərin xüsusi mülkiyyətində olan sahələrin naturada bölgüsünün aparılması üçün hər hansı digər ekspertiza təyin edilməsinə və ölçmə işlərinin aparılmasına ehtiyac qalmır. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan 08.01.1999-cu il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binası "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) tərəfindən tikilmişdir. Müqavilənin “hesablaşmanın şərtləri” adlanan 2-ci bəndindən müəyyən olunur ki, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər və qeyriyaşayış sahələri hər mərtəbə üzrə bərabər olmaqla, o cümlədən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri hər tərəfin mülkiyyətinə 300 kv.m. verilməsi nəzərdə tutulmaqla bölünmüşdür. Məhkəmə tərəfindən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasına ekspertin iştirakı ilə 10.01.2022-ci il tarixdə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 08.01.1999-cu il tarixli müqavilənin 2-ci bəndində qeyd edilən 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 600 kv.m. göstərilən qeyri-yaşayış sahələrinin bir hissəsi faktiki olaraq zirzəmi mərtəbəsində yerləşir və bərabər şəkildə simmetrik olaraq pilləkən qəfəsinin sağ və sol tərəfində olmaqla, hər tərəf üçün 300 kv.m. nəzərdə tutulmaqla bölünmüşdür. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasındakı qeyri-yaşayış sahələri ilkin olaraq "xxxx" şirkəti (“ATS" firmasının) adına qeydiyyatdan keçmişdir. Bundan sonra, "xxxx" şirkəti 300 kv.m. sahəni 1 saylı DNK-da bağlanmış 4Ə-3- 308 reyestr nömrəli, 03.05.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamış və Mülki iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarinin Qeydiyyatı İdarəsinin seriya QYM 001652 nömrəli Qeydiyyat vəsiqəsindən də görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m olan qeyri yaşayış sahəsi İddiaçı adına, 01 saylı reyestr kitabında, 42 səhifədə 12.06.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Qalan 300 kv.m. qeyri-yaşayış sahəsinin 228,0 kv.m. hissəsi 42 saylı DNK-da bağlanmış 4Ə-11-1047 reyestr nömrəli, 13 dekabr 2001 -ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ATS” şirkəti tərəfindən X1. Sonuncu həmin sahəni 30 saylı DNK-da bağlanmış 4Ə-1-158 reyestr nömrəli, 06 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X9, o da öz növbəsində 9 saylı DNK-da bağlanmış 4Ə-4-448 reyestr nömrəli, 04 may 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırkı iş üzrə üçüncü şəxs Cavabdeh2 satmışdır ki, hazırda həmin 228,0 kv.m. qeyri-yaşayış sahəsi sonuncunun mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********80-05301-083001 reyestr nömrəli, 02.06.2010-cu il tarixli Çıxarış verilmişdir. Yerdə qalan 72,0 kv.m. qeyri-yaşayış sahəsi isə 42 saylı DNK-da bağlanmış 4Ə- 05-446 reyestr nömrəli, 29 iyul 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" şirkəti tərəfindən Cavabdeh1 satılmış, həmin müqaviləyə əsasən onun xüsusi mülkiyyət hüquqları barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyat aparılaraq QYM seriyalı 002919 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halları və sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin yarısı iddiaçının xüsusi mülkiyyətinə, digər yarısı isə cavabdehlərin mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri arasında naturada bölgü aparılmamışdır. Məhkəmə və ekspertiza tədqiqatı, keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir ki, pilləkən qəfəsinin sağ və sol tərəfində yerləşən sahələr simmetrikdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-05301-083003 reyestr nömrəli, 10.04.2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir ki, bu da onu göstərir ki, Cavabdeh1 08.01.1999-cu il tarixli müqavilə ilə müəyyən edilmiş şərti bölgü sərhədini keçməklə İddiaçı istifadəsinə düşmüş qeyri-yaşayış sahəsi zəbt edərək istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - “Konstitusiya”) 13- cü maddəsinin İ hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 X2 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2 -ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Eyni Məcəllənin tələblərinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (maddə 215.1.), paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (maddə 215.2.). Bu Məcəllənin 220.2.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6.-cı maddəsinə əsasən, hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Beləliklə yuxarıda qeyd edilənlərlə müəyyən edilmişdir ki, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış 08.01.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüşdür. Hazırda həmin qeyri-yaşayış sahələrinin hər iki mərtəbə üzrə ümumi sahəsi 590,4 kv.m. (zirzəmi hissəsi üzrə 306,0 kv.m., birinci mərtəbə üzrə 284,4 kv.m.) təşkil edir ki, bu da yuxarıdakı müqavilədə nəzərdə tutulandan cəmi 8,7 kv.m. fərq edir (üç mülkiyyətçiyə münasibətdə hər birinə 2,9 kv.m. olmaqla). Eyni zamanda müəyyən edilir ki, iddiaçıya məxsus olan sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağda yerləşir, binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən solda isə digər iki mülkiyyətçiyə məxsus olan qeyri- yaşayış sahələri yerləşir. Məhkəmə və ekspertiza tədqiqatı, keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir ki, pilləkən qəfəsinin sağ və sol tərəfində yerləşən sahələr simmetrikdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-05301-083003 reyestr nömrəli, 10.04.2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir ki, bu da onu göstərir ki, Cavabdeh1 08.01.1999-cu il tarixli müqavilə ilə müəyyən edilmiş şərti bölgü sərhədini keçməklə İddiaçı istifadəsinə düşmüş qeyri-yaşayış sahəsini zəbt edərək istifadə edir. Məhkəmə hesab edir ki, qeyd edilən qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun yaranmasının ilkin əsası 08.01.1999-cu il tarixli müqavilədir ki, hazırkı halda iddianın “naturada bölgünün aparılması tələbinə dair” hissədə həmin müqavilənin şərtlərinə uyğun təmin edilməsi qanuna, tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğundur. Məhkəmə həmçinin xüsusilə vurğulayır ki, tərəflərin həmin qeyri-yaşayış sahəsi üzrə hazırkı faktiki istifadə vəziyyətində iddiaçı və Cavabdeh2 arasında mübahisə mövcud deyildir, eyni zamanda iddiaçı da 1-ci mərtəbədə yerləşən özünə məxsus olan sahədən sərbəst istifadə edir. Mübahisə yalnız digər Cavabdeh1 zirzəmi mərtəbədə pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla otaq kimi istifadə etməsi də daxil olmaqla) sahəni zəbt etməsi nəticəsində yaranmışdır. İddianın Cavabdeh1 binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin cavabdehin hesabına boşaldılmaqla əvvəlki vəziyyətinə bərpa edilməsi barədə hissəsi də əsaslıdır. Belə ki, həmin hissədə iddianın təmin edilməsi üçün yuxarıda sadalanan maddi hüquq normalarının tətbiqi üçün üç dispozisiya şərtinin birgə mövcudluğu vardır: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etmişdir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu ekspert rəyləri, digər sübutlar vasitəsilə etmişdir və 3) cavabdehin əşyaya sahiblik hüququnun qanunsuz olması sübuta yetirilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi naturada ayrılmaqla həmin sahə İddiaçı istifadəsinə verilsin. Cavabdeh1 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsindən çıxarılsın və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsi cavabdehin hesabına həyata keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar