Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2816/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “su sızması nəticəsində vurulmuş zərərin kompensasiyası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi və 4083,72 manat maddi zərərə görə, 1000 manat mənəvi zərərə görə və 31 manat dövlət rüsumu kimi ödənilmiş, cəmi 5114,72 manat pulun Cavabdeh ASC tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Kanalizasiya sularının sızması nəticəsində 2021-ci ilin yanvar ayında qeyri-yaşayış sahəsi yararsız vəziyyətə düşmüş, hal-hazırda bunun nəticəsində ona külli miqdarda ziyan vurulmuşdur. Mənim tərəfindən 08 yanvar 2021-ci il tarixdə Cavabdeh ASC-yə ərizə ünvanlanmış və 22 yanvar 2021-ci il tarixli cavab məktubunda cavabdeh təşkilat etiraf etmişdir ki, həqiqətən də bu ünvanda küçə kanalizasiya xəttində tıxac əmələ gəlmiş, həyətdən küçə quyusuna qədər olan hissədə borunun ötürücülük qabiliyyəti pozulmuşdur. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən nasazlıq aradan qaldırılsa da, onun obyekti bərpa edilməmiş, hələ də yararsız vəziyyətdədir. Kanalizasiya sularının axması sahəni son dərəcə bərbad vəziyyətə salmışdır. Mütəxəssislər tərəfindən ekspertiza keçirilmiş və qeyri yaşayış sahəsinə dəymiş zərər 4083,72 manat miqdarında müəyyən edilmişdir. Rəydə bu məbləğin hesablanması ətraflı şəkildə qeyd olunmuşdur. Onun da maddi vəziyyəti buna imkan vermir ki, o sahəni təmir etsin. Hesab edir ki, kimin təqsiri üzündən sahə yararsız vəziyyətə düşübsə, o da, yəni cavabdeh təşkilat oranı təmir etməlidir. Cavabdehin uzun müddətdir ki, bu problemə biganə yanaşması və onu bu halla üz-üzə qoyması ona ciddi mənəvi təsir göstərmişdir. Onun imkansız və sakit təbiətli olmağından istifadə edən cavabdeh açıq-aşkar onun tələblərini vecinə almır. O, məhkəməyə qədər gəlmək məcburiyyətindədir. Hesab edir ki, maddi zərərin ödənilməsi ilə yanaşı, ona mənəvi zərərə görə də 1000 manat kompensasiya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri, Səbail rayonu, Sukanal idarəsinin iddiaçıya ünvanladığı məktubu surətindən görünür ki, ünvan 1 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsində küçə kanalizasiya xətti əməkdaşlar tərəfindən yerində müvafiq qaydada araşdırılmış, yoxlama zamanı müəyyən edilmişdir ki, küçə kanalizasiya xəttində tıxac əmələ gəlmiş, həyətdən küçə quyusuna qədər olan hissədə borunun ötürücülük qabiliyyəti pozulmuşdur. Yaranmış problemlə əlaqədar tərəflərindən zəruri tədbirlər icra olunmuş küçə və həyət kanalizasiya xətləri təmizlənmiş və gələcəkdə oxşar problem yaşanmaması üçün tərəflərindən nəzarətə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin mülkiyyət hüququ haqqında 000338 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsi İddiaçı adınadır. İş materiallarında olan UNİPRİCE Valuation Consulting-in dəymiş maddi ziyanın müəyyən edilməsi barədə mütəxəss rəyinin surətindən görünür ki, ünvan 3 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsi iddiaçının sifarişi ilə qiymətləndirilmiş, sözügedən qeyri-yaşayış sahəsinə kanalizasiya sularının basması nəticəsində dəymiş maddi ziyanın məbləği 4083,72, manat müəyyən olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(004)-2816/2021 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2017 nömrəli, 09 avqust 2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, ünvan 1 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsinin divarlarında və döşəməsində yaranmış qüsurları və su sızma izlərini nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinə su axıdılmışdır. Mülki iş materiallarında olan CavabdehSC-nin 22 yanvar 2021-ci il tarixli məktubuna və qeyriyaşayış sahəsinin divarlarının, döşəməsində yaranmış qüsurları nəzərə alaraq, ünvan 3 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsinə vurulmuş zərər küçə kanalizasiya xəttində tıxac əmələ gəlməsi səbəbindən borunun ötürücülük qabiliyyətinin pozulması nəticəsində baş verə bilər. ünvan 3 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsinin divarlarında və döşəməsində qüsurlar əmələ gəlmiş və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2121 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus ünvan 1 ünvanındakı üçmərtəbəli binanın zirzəmisində 38,7 kv.m qeyri-yaşayış sahəsinə susızma baş verməsi müəyyən edilmişdir. Ona görə də iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2017 nömrəli, 09 avqust 2021-ci il tarixli rəyi əsas götürülməklə 2121 manat tutulmalıdır. Məhkəmə İddiaçı 1.000 (bir min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 2121 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutulub iddiaçının xeyrinə ödənilməli, həmçinin məhkəmə xərclərindən ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 2121 (iki min yüz iyirmi bir) manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh ASC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2816/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2816/2021
26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver