Məhkəmə qərarları › İş №2(004)-2826/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2826/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2826/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdehlər “Ambossade-De-La BEAUTE” sağlamlıq və gözəllik mərkəzi və Cavabdeh qarşı sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlərə qarşı sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.6. Xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Maddə 50. Tərəflər 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb.. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Dövlət Vergi Xidmətinin «Kommersiya qurumlarının dövlət reyestri məlumatları»nda “Ambossade-De-La BEAUTE” sağlamlıq və gözəllik mərkəzi barədə məlumat tapılmamışdır. Göründüyü kimi, mərkəz hüquqi şəxs deyildir və mərkəzin hansı hüquqi şəxs və ya fərdi sahibkara məxsus olmasına dair məlumat iddia ərizəsində qeyd olunmamışdır. İddiaçı tərəfindən Cavabdeh Yasamal rayonu ərazisində fəaliyyət göstərməsini və məhz həmin ünvanda onun sağlamlığına zərər vurmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia ərizəsinin aidiyyəti üzrə düzgün olaraq Yasamal rayon Məhkəməsinə verilməsinin müəyyən olunması mümkün olmamışdır. Bundan əlavə digər cavabdeh “Ambossade-De-La BEAUTE” sağlamlıq və gözəllik mərkəzi hüquqi şəxs olmadığından Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən məhkəmədə tərəf qismində çıxış edə bilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda iddia ərizəsindən görünür ki, iddia ərizəsində iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmiş və həmin sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı onun və digər zərərçəkmiş şəxslərin müraciəti əsasında cinayət işinin başlanmasını və cinayət işinin istintaqının Yasamal rayon Prokurorluğu tərəfindən aparılmasını qeyd etmişdir. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən 89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 89.2. Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. İstinad olunan maddəyə əsasən iddiaçı hazırkı iddianı Yasamal rayon Prokurorluğunun icraatında olan cinayət işində də verə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-2826/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdehlər “Ambossade-De-La BEAUTE” sağlamlıq və gözəllik mərkəzi və Cavabdeh qarşı sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirib iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:00-da başladı. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar