Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2842/2023 25.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X1, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası; Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, domofonun sındırılması nəticəsində vurulmuş maddi ziyana görə 500 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı quraşdırmağa məcbur olduğu kameraya görə 200 manat, allergiyaya qarşı almağa məcbur olduğu dərmanlara görə 300 manat maddi ziyan və vurulmuş mənəvi zərərin əvəzi olaraq 450 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi. Qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, öz ailə üzvləri ilə 1998-ci ildən Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 605 nömrəli evin 18 nömrəli mənzilində, Cavabdeh isə ailə üzvləri ilə birlikdə 605 nömrəli evin 15 nömrəli mənzilində yaşayır. Cavabdehin mənzilin ondan bir mərtəbə aşağıda yerləşir. Əvvəllər münasibətləri normal olmuşdur. O, mənzilin qapısına saldığı ayaqaltının və yataq ağının tozunu bloka çırpır. Bu səbəbdən bir neçə dəfə aralarında mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə yenə ayaqaltının tozunu bloka çırpmışdır. Bir qədər sonra Cavabdeh plastmas süpürgə ilə öz mərtəbələrində olan zibili yığaraq onun mənzilinə tərəf qalmış və zibilləri onun mənzilinin qarşısına tökərək, zibillərinə sahib çıx demişdir. Bu zaman onların arasında mübahisə düşmüş və qarşılıqlı olaraq dalaşmışlar. Cavabdeh və onun ailə üzvləri ona, ailə üzvlərinə və mənzilinə hücum çəkərək, onu döymüşlər və mənzilinin qapısına quraşdırdığı domofonu vuraraq qəsdən sındırmışdır. Nəticədə ona maddi və mənəvi zərər dəymişdir. Döymə ilə bağlı 27-ci Polis Bölməsində araşdırma aparılmışdır və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-ci il tarixdə qərar qəbul edilmişdir. Onun və Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixdə müddət keçdiyinə görə onun və Romanın barəsində olan inzibati xətam materialı üzrə icraata xitam vermişdir. Domofonun sındırılması nəticəsində ona dəymiş maddi ziyanı 500 manat qiymətləndirir. Mənəvi iztirablar çəkməsi nəticəsində dəymiş ziyanı 200 manat qiymətləndirir. Cavabdehin valideynləri liftdən istifadə etməklə onun yaşadığı doqquzuncu mərtəbəyə qalxırlar, sonra piyada öz yaşadıqları səkkizinci mərtəbəyə düşürlər. Münasibətləri gərgin olduğuna görə, o, bunları görərək narahat olur və əsəbləşir. X3 su motoru işləyərkən səs salır və onun əsəblərinə toxunur. O, dəfələrlə qonşusuna buna görə irad bildirmişdir. Qonşuların şikayəti əsasında onu zibili bloka qoyduğuna görə dörd dəfə 50 manat cərimə etmişlər. xx.xx.2022-ci il tarixdən sonra Cavabdeh və qapı qonşusu Şahid birləşərək, Şahid mənzilinin qarşısına kamera quraşdırmışlar və onun blokda etdiyi hərəkətləri işləyirlər. O, axşam vaxtı şam yandıraraq blokda və evində gəzdirir. Bununla mənfi qüvvələri özündən kənarlaşdırır və sakitlik tapır. O, Şahid mənzilinin qarşısına quraşdırılmış kameranın üzünü kənara çevirmişdir. Buna görə ondan polisə şikayət etmişlər və onun barəsində İXM-in 510-cu maddəsi ilə protokol tərtib edilmiş və məhkəmə xx.xx.2023-cü il tarixdə onu 50 manat cərimə etmişdir. Cavabdehin və ailə üzvlərinin etdiyi hərəkətlər onu qıcıqlandırır. O, dəfələrlə mübahisəni sülhlə həll etməyə çalışsa da, bu mümkün olmamışdır. Hətta məhkəmə onlara mübahisəni sülhlə həll etməyi dəfələrlə təklif etmişdir. Lakin onların mübahisəni sülhlə həll etməsi mümkün olmamışdır. O, cavabdehə heç bir maddi və mənəvi zərər vurmamışdır. Odur ki, iddiasının təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddanı qəbul etmədi, qarşılıqlı iddiasını müdafiə etdi və izahatında bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsi 605 nömrəli evin 15 nömrəli mənzilində atası, anası, bacısı və bacısının uşaqları ilə birlikdə yaşayır. İddiaçı yuxarı mərtəbədə yaşayır. xx.xx.2022-ci il tarixdə İddiaçı onu və bacısı X6 döyərək, onlara bədən xəsarəti yetirib. Bununla bağlı 27-ci polis bölməsində araşdırma aparılıb. Onlara bədən xəsarətinin yetirilməsi ilə bağlı məhkəmə tibbi ekspertizasının rəyi alınmışdır. Bununla bağlı 27-ci polis bölməsi tərəfindən İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törədilməsinə dair protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Lakin İddiaçı məhkəməyə gəlməmişdir. İddiaçı mənzilinin qapısına saldığı ayaqaltının, evindəki palazların tozunu bloka çırpır və bütün zir-zibil aşağı mərtəbəyə tökülür. O, dəfələrlə bunu Yanaya irad tutmuşlar. Lakin Yana öz əməllərindən əl çəkməmişdir. Yana zibili bloka qoyur, üfunət iyi bloka yayılır. Bu səbəbdən bir neçə dəfə aralarında mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə Yana ayaqaltının tozunu bloka çırpmışdır və zibillər onun bacısının başına tökülmüşdür. O. işdən gələndən sonra evdə yemək yeyən zaman anası bu barədə ona məlumat vermişdir. O, əsəbləşmiş və bloka çıxaraq, öz mərtəbələrində olan zibili yığaraq pilləkənlə Yananın mənzilinə qalxmaq istəyərkən Yana qapını açmış və nə edirsən? deyə soruşmuşdur. O, zibillərini özünə qaytarıram deyərək, zibilləri onun qarşısına tökmək istəyərkən, Yana plasmas süpurgə ilə onu döyməyə başlamışdır. Qonşuları Şahid və digərləri onları ayırmışlar. Sonra polisə müracət etmişlər. İddiaçı qanuna zidd əməllərini qeydə almaq üçün Şahid razılığı ilə onun mənzilinin qapısının qarşısında pilləkən meydançasında kameralar quraşdırmışdır. İddiaçı qanuna zidd olan əməllərinin qeydə alındığını gördükdə kameraların istiqamətini bir neçə dəfə dəyişərək, onları tamamilə divara doğru istiqamətləndirərək, pilləkən meydançasında baş verənlərin qeydə alınmasına maneçilik törətməyə çalışmışdır. Bu əməli ilə bağlı İddiaçı barəsində İXM-nin 510-cu maddəsi üzrə protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı inzibati məsuliyyətə cəlb edilmiş və 50 manat cərimə edilmişdir. Eyni zamanda İddiaçı məişət tullantılarını dəfələrlə pilləkən meydançasına atdığına görə onun barəsində İXM-nin 266.3-cü maddəsi ilə müxtəlif vaxtlarda 4 ədəd protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar verilmişdir. Artıq 12 ildir ki, İddiaçı özü onun ailə üzvlərinə və digər qonşulara mənəvi əzab verməklə məşğul olur və qonşular onun əlindən cana doyublar. İddiaçı neçə illərdir onlara qarşı ədəbsiz, mədəniyyətsiz, mənəviyyatsız, etik qaydalara uyğun olmayan, insanlığa sığmayan hərəkətlər edir. İllərdir onlara və digər qonşulara kobud davranır, hamı ilə dalaşır və onlara qarşı təhqiredici sözlər deyir. İddiaçı onun ailə üzlərinin blokda olan liftdən istifadə etməsinə maneçilik törətməyə başladığına görə aralarında münaqişə başlamışdır. Onun valideynləri xəstədir. Onlar aşağıya düşmək istədikdə bir pilləkən aşağı düşüb aşağıdakı liftə minirlər. Mənzilə qalxdıqda isə bir pilləkən yuxarıdakı liftdən düşüb aşağı öz mənzillərinə düşürlər. Yana isə onlarla daima bu mövzuda dalaşaraq tələb edir ki, onlar ancaq aşağıdakı liftdən istifadə edə bilərlər. X7 1-ci Qarabağ müharibəsi veteranıdır, Azərbaycan ordusunun istehfada olan zabitidir, insult keçirtmişdir. Anası isə xərçəng xəstəsidir, müalicə alır. Pişiyin tükünə və kimyəvi maddələrin iyinə ailə üzvlərinin allergiyası var. Yana açıq-aşkar üzlərinə deyir ki, onları adam hesab etmir. Onun ədəbsiz, mədəniyyətsiz, etik qaydalara uyğun olmayan hərəkətlərini sübut etmək üçün məcbur olaraq blokda 200 manat xərc çəkərək kamera yerləşdirmək məcburiyyətində qalmışlar. Həmçinin mənzilin qapısını açanda Yananın evinin zir-zibili onların mənzilinə, ciyərlərinə dolur. Bunun nəticəsində maddi və mənəvi ziyan çəkirlər. Həkimə və dərmanlara 1000 manatdan çox xərc çəkmək məcburiyyətində qalmışlar. Odur ki, İddiaçı iddiasının rədd edilməsini, onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş edir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsi 605 nömrəli evin 17 nömrəli mənzilində yaşayır. 1998-ci ildən həmin binada Yana ilə eyni mərtəbədə yaşayır, Şirokovlar ailəsi isə bir mərtəbə aşağıda yaşayırlar. Şirokovlar ailəsini sakit təbiətli, heç kimlə problemi olmayan ailə kimi tanıyır. İddiaçı isə mütəmadi olaraq qonşularla mübahisə edir. Bu səbəbdən qonşular dəfələrlə Yanadan şikayət etmişlər. xx.xx.2022-ci il tarixdə blokda səs-küy eşidib bloka çıxmış və Yananın aşağı mərtəbədə yaşayan Şirokovlar ailəsi ilə mübahisə etdiyini görmüşdür. Onların mübahisəsindən belə başa düşmüşdür ki, Yana qapısının ağzında olan ayaqaltını aşağı mərtəbədə yaşayan Marinanın arxasınca çırpmış və ayaqaltının zibili Marinanın üstünə tökülmüşdür. Buna görə də onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Yana plasmas süpürgənin şotkası ilə Romanı və bacısını itələmiş, Roman da ona eyni cür qarşılıq vermişdir. O, tərəfləri ayırmaq istəmişdir, Yananın qollarından tutaraq onu öz mənzilinə itələmişdir. Sonra birtəhər onları sakitləşdirmiş və sonra polis əməkdaşları gəlib onları PB-yə dəvət etmişdir. Romanın atası lifti təmir etmişdir. O, bloku təmizləyir və yuyur. Yana bloka zibil qoyur, ayaqaltını və evdəki palazları bloka çırpır. Bu səbəbdən qonşular arasında narazılıq yaranır. Yananı bloka zibil qoyduğuna görə bir neçə dəfə cərimə etmişlər. Roman ona müraciət edərək kamera qoymaq istədiyini bildirmişdir. O. razılıq vermiş və Roman onun mənzilinin qarşısına özünə və ona kamera quraşdırmışdır. Roman evə gələndə Yananın tökdüyü zibilləri süpürüb Yananın mənzilinin qapısına tökmüşdür. Bu səbəbdən dava-dalaş baş vermişdir. Dava zamanı yananın mənzilinin qapısında olan domofon yerində olmuş, onu heç kim sındırmamışdır. Davadan bir-iki gün sonra domofonu sökmüşlər. O, xx.xx.2022-ci il tarixdən əvvəl də Yananın evinə gedib-gələndə domofon işləmədiyi üçün qapını döymüşdür. Yananın uşağı mənzil yatıb qalmışdı. Qapını açdırarkən qapıya xırda zədələr dəymişdir. Bunları Roman etməmişdir. Yana kameraların üzünü kənara çevirdiyinə görə onu 50 manat cərimə etmişlər. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1998-ci ildən Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 605 nömrəli evin 18 nömrəli mənzilində, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 605 nömrəli evin 15 nömrəli mənzilində yaşayırlar. İddiaçı yaşadığı mənzilin qapısına sərdiyi ayaqaltının, evindəki palazların toz-torpağını bloka çırpır, məişət tullantılarını bloka qoyaraq antisanitariya yaradır. Bu səbəbdən tərəflər arasında dəfələrlə mübahisə yaranmış və sözlə mübahisə etmişlər. Nəhayət xx.xx.2022-ci il tarixdə yenidən İddiaçı mənzilinin qapısında olan ayaqaltını bloka çırpan zaman Cavabdeh bacısı Marinanın başına tökülmüşdür. Cavabdeh buna görə blokdakı zibili yığaraq İddiaçı mənzilinin qarşısına tökmüşdür. Bu zaman İddiaçı ilə Cavabdeh arasında münaqişə yaranmış, onlar qarşılıqlı olaraq biri-birini döymüşlər. Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsində təhqiqat aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiklərinə görə İddiaçı və Cavabdeh barəsində 27-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati məsuliyyətə cəlb edilmə üçün müəyyən edilmiş 3 aylıq müddət keçdiyinə görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-2133/2023 nömrəli qərarı ilə Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati məsuliyyətə cəlb edilmə üçün müəyyən edilmiş 3 aylıq müddət keçdiyinə görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-2134/2023 nömrəli qərarı ilə İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçı məişət tullantılarını bloka yığdığına görə Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixlərdə inzibati xəta haqqında protokollar tərtib edilmiş və İddiaçı hər bir iş üzrə 50 manat inzibati cərimə edilmişdir. İddiaçı bir neçə dəfə X4 yaşadığı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 605 nömrəli evin 15 nömrəli mənzilin qapısının üst tərəfinə quraşdırılmış müşahidə kamerasının obyektivini divara tərəf çevirmiş, qonşuları ilə aralarında baş vermiş mübahisələr zamanı dəfələrlə onu təhqir etmiş, eyni zamanda yaşadığı mənzilin qapısının ağzında olan ayaqaltını və evində olan döşəkağı və ya palazı blokda üzü aşağı mərtəbəyə tərəf tutaraq zibilini aşağıya tökmüşdür. Bu hərəkətlərinə görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)- 2821/2023 nömrəli qərarı ilə İddiaçı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə edilmişdir. Göründüyü kimi, tərəflər arasında uzun müddətdir davam edən şəxsi münasibətlərin və qonşuluq münasibətlərinin pozulması nəticəsində münaqişə mövcuddur. İddiaçı etdiyi hərəkətlərə hüquqi qiymət verilmiş və inzibati tənbeh edilmişdir. Tərəflərin xx.xx.2022-ci il tarixdə biri-birini döyməsinə dair inzibati xəta haqqında iş üzrə isə icraata inzibati tənbeh vermə müddəti keçdiyinə görə xitam verilmişdir. İddiaçı ona məxsus mənzilin qapısına quraşdırılmış domofonun Cavabdeh tərəfindən sındırıldığını iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə Şahid məhkəmə iclasında xx.xx.2022-ci il tarixdə və ondan bir-iki gün sonra domofonun yerində olduğunu, domofonun əvvəlcədən işləmədiyini bildirmişdir. Həmçinin İddiaçı cavabdeh Roman Şirovovun hərəkətləri nəticəsində ona mənəvi zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni, İddiaçı iddia tələbinin əsasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, Cavabdeh könüllü olaraq öz vəsaiti hesabına müşahidə kamerası quraşdırmışdır, həmin kameranın quraşdırılması üçün çəkdiyi xərci İddiaçı tələb etməsi üçün qanuni əsaslar mövcud deyildir. xx.xx.2022-ci il tarixdə baş vermiş münaqişə zamanı tərəflər biribirini döymüşlər. Bu hala da məhkəmə tərəfindən qiymət verilmişdir. Cavabdeh xəstəliyi ilə bağlı alergiya dərmanlarına xərclədiyi vəsaitin də ödənilməsini İddiaçı tələb etməsi üçün qanuni əsaslar mövcud deyildir. Belə xəstəliyin yaranmasının səbəbkarı İddiaçı ola bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh biri-birinin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, həmçinin onlara hər hansı maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, yəni iddiaçı və cavabdeh öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. Bu səbəbdən ilk və qarşılıqlı iddialar təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ilk və qarşılıqlı iddialar rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə 500 manat, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı “İddiaçı quraşdırmağa məcbur olduğu kameraya görə 200 manat, allergiyaya qarşı almağa məcbur olduğu dərmanlara görə 300 manat maddi ziyanın və vurulmuş mənəvi zərərin əvəzi olaraq 450 manat pulun tutularaq Cavabdeh verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2842/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2842/2023
25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver