Məhkəmə qərarları › İş №2(004)-2883/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2883/2025

02.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2883/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus mənzilin boşaldılması, sökülməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus mənzilin boşaldılması, sökülməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, **********51-05101-093007 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil üzərində mövcud olan mülkiyyət hüququna xitam verilməsi, həmin fərdi yaşayış evinin cavabdehə məxsus olan hissəsinin boşaldılması və sökülməsi və buna görə, Cavabdeh İddiaçı MMC tərəfindən həmin əmlakın ona məxsus hissəsinin bazar dəyərinə mütənasib məbləğdə pul kompensasiyasının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə İddiaçı MMCyə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi haqqında” 217 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının 1-ci bəndinə görə, Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, məhdud kommunal şəraitli, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə İddiaçı MMC-yə müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisinə icazə verilmişdir. Həmin sərəncamın ikinci bəndində müvafiq ərazidə yerləşən əmlakların sakinlərlə qarşılıqlı razılaşma müqaviləsi əsasında alınması nəzərdə tutulmuşdur. Qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, **********51-05101-093007 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və qeydiyyat sənədi üzrə ümumi sahəsi 74.2 kv.m təşkil edən mənzilin 3 otağı (y/s-40.9 kv.m) ümumi paylı mülkiyyət hüququ üzrə Cavabdeh adlı şəxsə məxsusdur. “Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə İddiaçı MMC-yə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisinə icazə verilməsi haqqında” 217 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının icrası çərçivəsində Cavabdeh adlı şəxslə danışıqlar aparılmış, mülkiyyətçiyə ona məxsus sahənin müqabilində 1 kv.metr sahə üçün 2500 (iki min beş yüz) manat məbləğində pul kompensasiyası təklif edilmiş, lakin qarşılıqlı razılığa gəlmək qeyrimümkün olmuşdur. Belə ki, mülkiyyətçi ona bazar dəyərindən yüksək məbləğdə kompensasiya ödənilməsini istəmişdir. Xüsusi olaraq, göstərmişdir ki, qeyd edilənlərdən göründüyü kimi, cavabdehin istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evinin (müvafiq hissəsinin) təqdim edilməsindən imtina etməsi səbəbindən anlaşmanın əldə edilməməsi müvafiq sərəncamın icrasını gecikdirir. Bu hal isə, müvafiq ərazidə inşa ediləcək yaşayış binasında məskunlaşdırılmalarını gözləyən çoxsaylı insanların hüquqlarının bərpaolunmaz şəkildə xələl görməsinə səbəb ola bilər. O, da qeyd edilməlidir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, əmlaklarını təqdim etməsindən imtina etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Yuxarıda qeyd edilən səbəblərdən mübahisənin həlli məqsədilə, məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə sonuncu dəqiqləşdirmə barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh məxsus hissəsinin əvəzinə İddiaçı MMC tərəfindən cavabdehə cəmi 167000 manat məbləğində kompensasiyasının ödənilməsi, cavabdehin söküləcək mənzildən çıxarılması, mənzilin cavabdehə məxsus hissəsinin boşaldılması və sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tərəfinin istinad etdiyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 217 saylı Sərəncamından görünür ki, köçürülmə işləri sakinlərlə qarşılıqlı razılaşma əsasında aparılmalıdır. Eyni zamanda Sərəncamın verilməsinə əsas olmuş Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 saylı Qərarının 4.1-ci bəndinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır. İddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşma əldə olunmadığından iddianın rədd edilməsini xahiş edir. İddia özü-özlüyündə mülkiyyətə kobud şəkildə müdaxiləni ehtiva etməklə Konstitusiyanın və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinə tamami ilə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və son dəqiqləşdirilmənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən tərəflərin razılaşması ilə bağlı məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, bugün də son olaraq razılaşma üçün verilmiş fasilədən sonra cavabdeh tərəf 370 000 manat kompensasiya məbləği tələb etdiklərini bildirdilər. Bu isə hər kv üçün 7000- 8000 manat arası pul edir ki, Yasamal rayonu ərazisində bu məbləğdə mənzil satışı yoxdur. Məbləğ ağlabatan olmadığından razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 217 saylı Sərəncamından görünür ki, köçürülmə işləri sakinlərlə qarşılıqlı razılaşma əsasında aparılmalıdır. İddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşma əldə oluna bilməmişdir. Çünki iddiaç tərəf cavabdehə məxsus mənzilə çox aşağı qiymət təklif edirlər. Lakin qonşulara daha yüksək qiymətlə müqavilələr bağlanılmışdır. Mənzilin əvəzinə son olaraq razılaşa biləcəkləri məbləğ 370 000 manatdır. Əks halda iddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 3 otaq y/s – 40,9 kv.m. Cavabdeh adına xx.xx.2016-cı il tarixdə, 1 otaq y/s – 16,0 kv.m. İddiaçı MMC-nin adına xx.xx.2023-cü il tarixdə paylı mülkiyyət hüququ üzrə qeydiyyatdan keçirilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respubikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 02 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli qərarının icrası ilə əlaqədar Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə İddiaçı MMC-yə tikintisinə icazə verilmiş 3 ədəd 1 girişli, 16 mərtəbəli yeni yaşayış binası və qeyri-yaşayış sahələri barədə məlumatların reyestrə daxil edilməsi və kod nömrəsinin verilməsi xahiş edilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 217 saylı, xx.xx.2020-ci il tarixli Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə İddiaçı MMC-yə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi haqqında Sərəncamına əsasən Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə İddiaçı MMC-yə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi; ayrılmış ərazidə yerləşən ünvanlardan sakinlərin qarşılıqlı razılaşma müqaviləsi əsasında köçürülməsi tam başa çatdırıldıqdan sonra ərazinin hasarlanmasına və müvafiq sənədləşmə əsasında mövcud tikililərin sökülməsinə icazə verilmişdir. - X3 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 74,20 kv.m. olan mənzilin özünə məxsus olan payının 1 otaq y.s. – 16,0 kv.m. olan hissəsini İddiaçı MMC-nin mülkiyyətinə vermişdir. - ünvan 2 ünvanladığı 2431 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən elektron notariat sistemində axtarış zamanı X4, X2 və X1 adına Bakı şəhəri 12 saylı Notariat ofisində heç bir notariat əməliyyatı aşkar edilməyib. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2883/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna xitam, evin boşaldılması, sökülməsi və pul kompensasiyasının ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəməəmtəəşünaslıq (əmlakın qiymətləndirilməsi) ekspertizası təyin edilmişdir. - "xxxx" MMC-nin CC/0xx/xx-2025 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən qiymətləndirmə predmeti Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 10 ünvanında yerləşən 3 otaqlı mənzilin faktiki sahəsinin təqdim edilmiş sənədlər və yerində aparılmış ölçmə işlərinin nəticələri nəzərə alınaraq, 51,7 kv.m olduğu müəyyən edilmişdir. Aparılmış təhlil və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 10 ünvanında yerləşən 3 otaqlı mənzilin 1 kvadrat metrinin bazar dəyəri qiymətləndirmə tarixinə 2687 (iki min altı yüz səksən yeddi) manat təşkil edir. Mənzilin faktiki sahəsi 51,7 kv.m olduğundan, onun ümumi bazar dəyəri 138,917 manat olaraq hesablanmışdır. Beləliklə, mənzilin qiymətləndirmə tarixinə olan ümumi bazar dəyəri 139000 (yüz otuz doqquz min) manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 217 saylı, xx.xx.2020-ci il tarixli Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə İddiaçı MMC-yə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi haqqında Sərəncamına əsasən Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə, ayrılmış ərazidə yerləşən ünvanlardan sakinlərin qarşılıqlı razılaşma müqaviləsi əsasında köçürülməsi tam başa çatdırıldıqdan sonra ərazinin hasarlanması və müvafiq sənədləşmə əsasında mövcud tikililərin sökülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahənin əvəzinə ağlabatan kompensasiya verilmiş, fərdi yaşayış evlərindən və mənzillərdən xeyli sayda ailə köçürülmüş, əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Cavabdeh iddia tələbinə etiraz edərək, ona verilən pul kompensasiyası ilə razılaşmayaraq ona məxsus hissəni boşaltmaqdan və mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. Eyni zamanda işin faktiki halıdır ki, cavabdehə məxsus daşınmaz əmlakın növü mənzildir. Mənzil paylı mülkiyyət üzrə Cavabdeh məxsusdur. Digər paylı mülkiyyətçi İddiaçı MMC-dir. sökülməsi tələb edilən ünvan 3 ünvanında yerləşən mənzilin çıxarış üzrə sahəsi 3 otaq y/s – 40,9 kv.m, faktiki sahəsi 51,7 kv.m. təşkil edir. Mənzilə yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzil üç otaqdan ibarət və təmirlidir. Bir həyətyanı sahənin içərisində digər əksər qonşu mənzillərlə razılaşma müqavilələri bağlanmış və həmin mənzillərin sakinləri sahəni təhvil verib köçmüşlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 217 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı təşkil edir və Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi də həmin sərəncama uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; - 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X6 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuşşərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Qeyd edilən müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktınınəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Eyni zamanda qeyd etmək lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısıdövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsihaqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X6 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanunolmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlətistənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “... qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. ...Qeyd olunduğu kimi, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədənmülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. ....Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. ....İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). ....Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). ..O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. ...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.” Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİhissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzindətəmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiyatəminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və yazərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühiti mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin v ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikintifəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə hesab edir ki, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Məhkəmə tərəfinən keçirilmiş ekspertizanın nəticəsi olaraq, mübahisəli mənzilin faktiki ölçüsünün 51.7 kv.m olduğu və hazırki günə bazar dəyərinin 139000 manat olduğu müəyn edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin cavabdeh tərəf verilən kompensasiya ilə razılaşmadıqlarını, kompensasiyanın 370000 manat olduğu təqdirdə razılığa gəlmə ehtimalının olduğunu bildirmişlər. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki,iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin mülkiyyət, istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin bazar qiymətindən də 20% əlavə ağlabatan kompensasiyanın verilməsi niyyətindədir. Bu isə cavabdehin paylı mülkiyyətində olan mənzildən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondunyaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. O cümlədən qeyd edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehin mülkiyyət hüququna müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus evin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf evin sökülməsi ilə bağlı olmamış, cavabdehin sökülməli olan evinin müqabilində ona veriləcək pul ekvivalenti olaraq əvəzin həcmi ilə bağlıdır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. Belə ki, cavabdehin nümayəndəsi izahatında 370 000 manat pul verilməsini məqsədəmüvafiq hesab etdiyini bildirmiş, qeyd etmişdir ki, verilən kompensasiya əvəzində Yasamal rayonunda mənzil ala biləcəyi məbləğdə pul verilməlidir. Məhkəmə müəyyən edir ki, mübahisə predmeti olan mənzil paylı mülkiyyətində olan mənzildir. Digər payçı isə hazırki İddiaçı MMC-dir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Məhkəmə təklif və tələb edilən kompensasiya məbləğlərini nəzərə alıb, bu məsələdə tərəflər arasında razılığın əldə edilməsi üçün müzakirələr aparmış, buna görə onlara vaxt vermişdir. İddiaçı tərəf təklif etdiyi kompensasiya məbləğində dəyişiklik etmişdir. Məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə cavabdehə mübahisə predmeti olan evin bazar dəyərindən (139000 manat) daha artığının - 167000 manat təklif edilməsinə baxmayaraq cavabdehin çox yüksək kompensasiya tələb etməsi iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla əmlaka olan hüquqlarından sui-istifadə edir. Cavabdeh istisna olmaqla digər mülkiyyətçilərlə razılıq əldə edilib, lakin tikinti məhz cavabdehin paylı mülkiyyətində olan evin sökülməsi mümkün olmadan tikintinin aparılmasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həminiş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC tərəfindən Cavabdeh 167000 (yüz altmış yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanda cavabdehə paylı mülkiyyət üzrə məxsus mənzildən Cavabdeh çıxarılmalı və mənzilin boşaldılaraq sökülməsi üçün iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC tərəfindən Cavabdeh 167000 (yüz altmış yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanda cavabdehə paylı mülkiyyət üzrə məxsus mənzildən Cavabdeh çıxarılsın və mənzilin boşaldılaraq sökülməsi üçün iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar