Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-289/2022 20.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh4 və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 nümayəndəsi X9, X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 müştərək qaydada vurulmuş maddi ziyan olaraq 20000 manat və mənəvi ziyan olaraq 30000 manat, ümumilikdə 50000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-289/2022 nömrəli qərardadına əsasən, Cavabdeh4 X4 hüquqi varisi kimi tanınmışdır. Həmçinin, məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti əsasında Cavabdeh5 cavabdeh qismində işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, Bakı şəhərində zərgər kimi fəaliyyət göstərməklə, müştərilərin müraciəti əsasında qızıl-zinyət əşyalarının alı-satqısı ilə məşğuldur. Fəaliyyəti zamanı bu müştərilərdən biri, uzun illərdir tanıdığı Cavabdeh1 xx.xx.2019cu il tarixdə zəng vuraraq, əlində Amerika sertifikatı ilə qablaşdırılmış 3 karatlıq birilliant daş olduğunu və sahibinə də təcili pul lazım olduğu üçün satdığını qeyd etmişdir. Bu səbəbdən, həmin tarixdə, saat 21:00 radələrində Yasamal rayonu, Nizami küçəsi 56 ünvanında yerləşən, işlətdiyi zərgərlik mağazasında görüşməyi qərarlaşdırmışlar. İlk əvvəl mobil telefon vasitəsi ilə ancaq Cavabdeh1la danışsa da, ancaq mağazaya Rail tək deyil, digər üç nəfərlə - Cavabdeh2, Faiq Cəbrayılov və Sevinc Rəsulova adlı şəxslərlə birlikdə gəlmişdir. Həmin şəxslərlə mağazada görüşənə qədər heç vaxt onları tanımamışdır. (Cavabdeh1 istisna olmaqla). Cavabdeh1 qeyd etdiyi daşa baxdıqdan sonra, 20 000 manat məbləğində alqı-satqı müqaviləsini rəsmiləşdirməklə almışdır. Alqı-satqının sabahısı gün, yəni xx.xx.2019-cu il tarixdə həmin şəxslər ona qəsədən bilə-bilə həqiqi briliyant daş adı ilə saxta daş satdıqları məlum olmuşdur. Bu barədə dərhal Rail ilə danışaraq daşın saxta olduğunu bildirərək, pulunu tələb etsə də, bildirmişlər ki, Sevinc Rəsulova artıq İran İslam Respublikasının sərhəddindədir. Bunula da məlum olmuşdur ki, artıq bu şəxlər etibarıından istifadə edərək 20 000 manat məbləğində pulunu ələ keçirmişlər. Hadisədən sonra, xx.xx.2019-cu il tarixdə Yasamal RPİ-nə bu barədə şikayət etmiş olsa da, İdarənin xx.xx.2019-cu il tarixli qərarı ilə, AR-nın CPM-nin 39.1.1-ci maddəsinin tələbi əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qərardan şikayət verilmiş və Yasamal rayon Prokurorluğunda qərar ləğv edilərək yenidən araşdırılması üçün Yasamal RPİ-nə qaytarılmışdır. Şikayət yenidən Yasamal RPİ-nin İŞ-də araşdırılmış və xx.xx.2020-ci il tarixdə yenə də "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" müstəntiq Emin Abbasov tərəfindən növbəti Qərar qəbul edilmişdir. Qeyd olunan qərardan dəfələrlə hüquq - mühafizə orqanlarına, yuxarı prokurora yazılı şəkildə şikayətlər etsə də heç bir əhəmiyyəti olmamışdır. Məcbur olub, 12 yanvar 2021-ci il tarixli şikayətlə, bu dəfə Yasamal rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhəkəmə baxışı xx.xx.2021-ci il tarixə təyin edilmiş və məhkəmədə olarkən müəyyən olunmuşdur ki, artıq Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanovun xx.xx.2021-ci il tarixli qərarı ilə haqqında şikayət olunan xx.xx.2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərar ləğv edilmişdir. Qərarın ləğv edilməsinin prosessual-hüquqi əsası xx.xx.2021-ci il tarixli qərarda qeyd edilmişdir ki, material üzrə adları sadalanan X8, Kifayət Səlimovanın və Cəvahir Novruzinin şəxsiyyətlərinin müəyyən edilərək izahatlarının alınmaması, briliyant daşın saxta olub-olmamasının müəyyən olunması üçün müvafiq ekspertizanın keçirilməməsi və bu kimi digər prosessual hüquqi tədbirlərin aparılmasının vacibliyi qeyd olunmuşdur. Bundan sonra, Yasamal rayon Məhkəməsinə verilmiş şikayətə baxılmamış və artıq şikayətin əhəmiyyəti də qalmamaşdır. Bundan sonra, iş yenidən araşdırılınması üçün Yasamal RPİ- nə qaytarılmışdır. Şikayətinin yenidən Yasamal RPİ-də araşdırılmasının gecikdirilməsini, heç bir hərəkət olunmadığını, ümumiyyətlə Yasamal rayon Prokurorunun xx.xx.2021-ci il tarixli qərarından sonra heç bir prosessual-hüquqi hərəkətlərin aparılmadığını görüb, xx.xx.2021-ci il tarixdə AR-nın Baş Prokuroruna və surəti AR-nın X23 ünvanlanmaqla rəsmi qaydada müraciət etmişdir. Yenə də bu müraciətinə əhəmiyyət verilmədiyindən, AR-nın Prezidentinə və digər dövlət rəsmilərinə şikayət edəsi olmuşdur. Şikayətinə cavab bu dəfə AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 005-2305/2 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, AR-nın CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu isə o deməkdir ki, yenə də onun verdiyi şikayətə və Yasamal rayon Prokurorluğu tərəfindən qərarın ləğv olunmasına baxmayaraq, əhəmiyyət verilməmişdir. Məcbur olub, xx.xx.2021-ci il tarixli cavab məktubundan sonra, yenidən xx.xx.2021-ci il tarixdə AR-nın Baş Prokuroruna və AR-nın X23 müraciət edəsi olmuş və xx.xx.2021-ci il tarixli cavab məktubunda olan xüsusatlarla əlaqədar ona köməklik edilməsini xahiş etmişdir. Bütün bu yazışmaların heç birinin əhəmiyyətinin olmadığını görüb, xx.xx.2021-ci il tarixdə Yasamal RPİ-də müstəntiq Vüqar Məcidovun şəxsən yanında olmuş və orada da müəyyən olunmuşdur ki, artıq 25 iyul 2021-ci il tarixli yeni Qərarla cinayət işinin başlanmasının rədd olunması qərarlaşdırılmışdır. Elə həmin gün də qeyd olunan qərar ona təqdim olunmuşdur. Qeyd ounan xx.xx.2021-ci il tarixli qərarla tanış olan zaman müəyyən olunmuşdur ki, İŞ-də aparılmış araşdırma düzgün və obyektiv olmamış, işin tərəfləri tam müəyyənləşdirilmədən belə bir qərar verilmişdir. İlk olaraq, qeyd olunan bu qərar əvvəlki xx.xx.2020-ci il tarixli qərarı olduğu kimi köçürülmüşdür. Heç bir araşdırma, müəyyənləşdirmə, Yasamal rayon prokurorunun xx.xx.2021-ci il tarixli qərarında qoyulmuş tələb və göstərişlər, xüsusatlar araşdırılmamış, ümumiyyətlə sanki prokurorun belə bir qərarı olmamışdır. Məcbur olub, bu dəfə ikinci dəfə Yasamal rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət verəsi olmuş və işə baxan Məhkəmə şikayətini təmin edərək, xx.xx.2021-ci il tarixli, 6(004)-108/2021 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən, Yasamal RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və yenidən cinayət –prosessual qanunvericiliyin tələbləri əsasında işin ararşdırılması və bu kimi digər xüsusatların yerinə yetirilməsi bildirilmişdir.Qərardan sonra işin araşdırılması hələ də Yasamal RPİ-də davam etdirilir. Bütün bu yuxarıda qeyd olunanlara, eləcə də cinayət işinin başlanmasının rədd edilməsi barədə olan bütün qərarlarda cavabdehlərin dördünün də ona saxta briliyant daşın satılmasının təsdiqi barədə öz izahatlarında bildirmişlər. Onların əməlləri cinayət hüquqi baxımından AR-nın CM-nin 178-ci madfdəsinin tərkib əlamətləri ilə tam üst-üstə düşür. Bundan başqa, bu hərəkətlər nəticəsində də ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, saxta briliyant daş adı altında 20 000 manat məbləğində pulun onu aldatmaqla ələ keçirmişlər. Eyni zamanda, hadisənin baş verdiyi vaxtdan bu günə qədər mənəvi sarsıntı keçirməklə bütün günü polis orqanlarına müraciət etməkdən artıq yorulmuşdur və bu da mənəvi olaraq ona ziyan vurur. Mənnəvi ziyanın məbləğini isə 30 000 manat məbləğində dəyərləndirir və ümumilikdə cavabdehlərdən 50 000 manat alınaraq ona ödənilməlidir. Cavabdeh4 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, hələ Polis bölməsində araşdırma aparan zaman baxışa təqdim olunan daşın anasının Azərə satdığı daş olmadığı aşkar olunmuşdur. Bundan başqa, mübahisəli əşya barəsində şahidlər dindirilən zaman anasının Azərə satmış olduğu daşın üzərində xüsusi nişanın olduğunu, Azərin təqdim etdiyi daşda isə həmin işarənin olmadığını şahidlər və anasının özü bildirmiş, daşın anasının satdığı daş olmadığı aşkar olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə saat 14:00-da ona zəng vuraraq, əlində Amerika sertifikatı ilə qablaşdırılmış 3 karatlıq birilliant daş olduğunu və sahibinə də təcili pul lazım olduğu üçün satdığını qeyd etmişdir. O, işdə olduğunu və tez gəlmələrini bildirmişdir. Saat 18:00-a kimi gözləsə də onlar gəlməmişdir. Bu səbəbdən evinə getmişdir. Saat 9-a işləmiş Rail ona zəng edərək, birilliant daşın sahibinin işdən gec çıxdığını və yolda tıxac olduğundan gələ bilmədiyini, indi gəlmək istədiklərini bildirmişdir. O, sabah gəlmələrini bildirdikdə, Rail briliyant daşın sahibinə təcili pul lazım olduğunu, bu səbəbdən indi gəldiklərini bildirmişdir. O, işə gəlmiş, bundan sonra Rail, Adil, Faiq və Sevinc xanım onun otağına gəlmişdir. Daş vakumun içərisində olmuş və dörd yerindən açılan yeri olmuşdir. O, axşam olduğundan daşa baxmamış, daşın açılan yerlərinə baxmışdır. Pulu gözlədiklərindən 2 saat vaxt keçmişdir. O, brliant daşı seyfə qoymuş və evinə getmişdir. Səhər işə gəlib,əlinə götürdükdə elə vakumda daşın brliant olmadığını başa düşmüşdür. Dərhal Railə zəng edərək bu barədə məlumat vermiş, Sevinc xanımın telefon nömrəsini alaraq ona zəng etmişdir. Sevinc xanım İran İslam Respublikasında olduğunu və işlərinin olduğunu bildirmişdir. Bundan sonra o poisə müraciət etmiş, malı Sevinc xanımdan aldığı formada, açmadan polisə vermişdir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında bilıdirmişdir ki, iddia tələbi həqiqətə uyğun deyil. İddiaçını bildirdiyinə görə vaxtı ilə ekspertiza keçirilib və ekspertizanın nəticəsində həmin daşın guya ki şüşə olduğu müəyyən edilmişdir. Yəni, sözün hansı daşdan getdiyini nə iddianı qaldıran tərəf, nə də ki, cavabdeh bilir. Yəni, ekspertizaya nəyin təqdim olunması bəlli deyil. İddia ərizəsində iddiaçı göstərmişdir ki, iddiaçı çox təcrübəli, səriştəli bir zərgərdir. Bildirmişdir ki, o qədər gözəl zərgərdir ki, ona qızıl-zinət əşyalarının həqiqiliyini yoxlatdırmaq üçün çox adam müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, həmin əşyanı alan zaman özü bir neçə nəfərə müraciət etmiş, sözügedən briliyant daşı yoxlayıb, yoxlatdırıb, onların rəyini dəqiqləşdirəndən sonra almaq istəyir. Lakin həmin gün onun üzərində pul olmadığından Sevinc xanım ona bildirir ki, əgər pul yoxdursa qoy sabaha qalsın, həm də ki, öz fikrini dəqiqləşdirsin və fikrini dəqiqləşdirəndən sonra daşı ona satar. Lakin iddiaçı inad edərək bildirir ki, daş doğru daşdır və indi pulu gətizdirər. Həmin gün gecə saat 9-dan sonra iddiaçının cəlb etdiyi cavabdehlərin iştirakı ilə, özünün səriştəli zərgər dostlarının iştirakı ilə sözügedən daşı alıb və pulunu ödəyib. Deyilir ki, ekspertizaya göndərilib rəy gəlib ki, şüşə çıxıb. İddiaçının özü zərgərdir və bu işlərdən başı çıxır. Heç inana bilmir ki, iddiaçı 2-3 gündən sora gəlib daşın saxta olduğunu bildirsin, sonradan həqiqi bir satın aldığı daşı ekspertə təqdim etsin. O, yəqin ki, ekspertə özünün tanıdığı, bildiyi və elə saxta olduğunu bildiyi bir daşı təqdim etmişdir, özünün də gözlədiyi cavabı almışdır. Hazırki cavabdeh həmin daşı öz gözü ilə görmüşdür. Həmin daşın üzərində müəyyən işarələr olmuşdur. O, daşın qablaşdırılmasının özü şahididir. Cavabdeh daşı özü götürmək istəmişdir. Cavabdehin anası o daşı hazırki cavabdehə verməyə hazır idi. Ana doğru olmayan daşı qızına tövsiyyə etməzdi. İddiaçının özü cavabdehləri daşın həqiqiliyinə inandırmışdır. Belə olan halda necə ola bilər ki, həmin şəxslər polisdə yalnış ifadə veriblər. Yəni daşın saxta olduğunu onlar da bilmişlər. Oraya cəlb olunan adamların hamısı iddiaçının öz adamları olmuşdur. Necə ola bilər ki, daşın saxta olmasını bilə-bilə 20000 manata yaxın pulun Sevincə verilməsinə razılıq vermişlər. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, əgər iddiaçı zərgərdirsə cavabdehi sabah saat 7-də niyə çağırmır. O, anasına səhər getməsini bildirmişdir. Anası zərgərin yəqin ki, özü üçün götürdüyünü bildirmişdir. Onlar axşam saat 7-də getmişlər. Saat 20:00-dan sonra Adil gəlmişdir. Faiq anasına daşı ona verməsini bildirmiş, anası isə daşı əlindən verə bilməyəcəyini bildirmişdir. O, Olya xanım ilə oturub anasını gözləmişdir. Bundan 2 saat keçəndən sonra ona zəng gəlmişdir ki, şəxsiyyət vəsiqəsinin şəklini çəkib göndərsin. O, səbəbini soruşduqda, anasının öz şəxsiyyət vəsiqəsini unutduğunu, ona görə Faiqin şəxsiyyət vəsiqəsinin şəkilinin lazım olduğunu bildirmişlər. Əgər aldatmaq istəsəydi şəxsiyyət vəsiqəsi verilməzdi. Onun anası tərəfindən iddiaçıya yazılı ərizə verilmişdir. Lakin iddiaçı tərəfindən belə bir ərizə verilməmişdir. Bir müddətdən sonra anası gəlmiş və hər şeyi danışmışdır. Anası bildirmişdir ki, iddiaçı və iki nəfər başqa zərgər daşı yoxlamış, daş onların xoşuna gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, onda da bu daşdan var, amma balacadır. İddiaçı anasına onda pul olmadığını, alqı-satqının sabaha qaldığını bildirmiş, anası brilyant daşı götürüb çıxmaq istəyəndə, iddiaçı brilyantı indi almaq istədiyini və evdən pulun gətirildiyini bildirmişdir. Pul gətirilmiş və brilyant daşı anası ona satmışdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, İddiaçı və cavabdeh Rəsulova Sevinci tanımamışdır. Cavabdeh3 zəng edərək bildirmişdir ki, brilyant daş var. O, da Railə zəng etmişdir. Rail ona bildirmişdir ki, qızıl alqı-satqısı ilə məşğul olan tanışı var. Həmin şəxslə yəni indiki iddiaçı ilə görüş təyin olunmuş və onun işlədiyi yerdə görüşmüşlər. İlk dəfə Rəsulova Sevinci orada görmüşdür. Rəsulova Sevinc ilə iddiaçı arasında alqı-satqı olduqdan sonra ona Cavabdeh3 həyat yoldaşı 300 ABŞ dolları pul vermişdir. Həmin günün səhərisi brilyant daşın saxta olduğu məlum olmuşdur. Belə olduğu təqdirdə ona verilən pulu iddiaçının özünə qaytarmışdır. Brilyantın saxta olduğundan xəbəri olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, iddiaçını çoxdan tanıyır və onunla bir yerdə işləmişlər. O, Cavabdeh3 və Rəsulova Sevinci tanımır. Adil ona zəng edərək brilyant daş olduğunu və onu təcili satmaq lazım olduğunu söyləmişdir. O, da iddiaçını tanıdığından ona zəng edib brilyant daş olduğunu bildirmiş və təcili satıldığını demişdir. Onlar iddiaçının işlədiyi məkanda görüş təyin etmiş və o, Adil, Cavabdeh3 və Rəsulova Sevinc həmin yerdə görüşmüşlər. O, Cavabdeh3 və Rəsulova Sevinci ilk dəfə orada görmüşdür. İddiaçı və Rəsulova Sevinc öz aralarında razılaşdıqdan sonra, iddiaçı onun yanında cavadeh Rəsulova Sevincə 20000 manat manat pul vermişdir. İddiaçı ilə cavabdeh Rəsulava Sevinc arasında aparılmış alqı-satqı dəftərdə də qeyd olunmuşdur. O dəftər olmadan, orada qeyd aparılmadan alqı-satqı aparıla bilməz. Həmin vaxt Rəsulova Sevincin şəxsiyyətini təsdiq edən sənəd olmadığından alqı-satqı Cavabdeh3 adına qeydiyyatdan keçirilmişdir. Alqısatqı baş tutuqdan sonra iddiaçı ona 100 ABŞ dolları pul vermişdir. Səhəri gün iddiaçı ona zəng edərək bildirmişdir ki, brilyant daş saxta çıxıb. O, vasitəçi olmuş və dediyi kimi, 100 ABŞ dolları pul almışdır. Brilyantın saxta olduğundan xəbəri olmamışdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Sevinc xanım ona zəng edərək, brilyantı olduğunu bildirmiş, almaq istəyib-istəmədiyini soruşmuşdur. O, brilyantı almaq istəmədiyini, lakin yoldaşının zərgər tanışı olduğunu, bunun üçün ona kömək edə biləcəyini bildirmişdir. Həmin axşam Adil və Sevinc ayrıayrılıqda onlara gəlmiş və tanış olmuşlar. Oradan da brilyantı satmaq üçün Azərin iş yerinə getmişlər. Brilyant satıldıqdan sonra Sevinc xanım Adilə verməsi üçün Faiqə 300 manat pul vermişdir. Faiq həmin pulu Adilə vermişdir. Onların bu işdən heç bir gəliri olmamışdır. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, bağ evində yaşamışdır. Həyat yoldaşı polisə çağrıldığı zaman bu barədə məlumatı olmuşdur. Ondan əvvəl heç nədən xəbəri olmamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 dekabr 2021-ci il tarixli “Cinayəti işinin başlanmasının rədd edilməsi barədə” əsasən müəyyən edilir ki, Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X16 tərəfindən İddiaçı ərizəsi əsasında 25 oktyabr 2021-ci il tarixdə toplanmış material üzrə kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 01 dekabr 2021-ci il tarixli MEM-nin 6/5077-9/8145 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 1 ədəd zavod qablaşdırma formasında üzərində HRD X19” yazısı olan plastik olan plastik qablaşdırmada qaş qiymətli qaşlara aid deyil, çəkisi 0,84 qramdır, şüşədir. Aparılmış fiziki kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim edilmiş 1 ədəd şüşə qaşın hadisə baş verən tarixə orta bazar qiyməti təxminən 10 manat müəyyən edilir. Həmçinin aparılmış araşdırma zamanı izahatı alınmış X7 izahatında bildirmişdir ki, Babayevin göstərdikləri doğrudur. Belə ki, xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanda İddiaçı məxsus Zərgərlik dükanında tanışı Faiq və orada Faiqə görə tanıdığı insanlar Adil və Railin iştirakı ilə Azərə onda 3.4 karat olan brilyant daşı vakumun içərisində pasportu ilə birlikdə İddiaçı 19.990 manata satmışdır. Həmin daş onda tanışları X14, Kifayət Səlimova və X10 tərəfindən girov qoyulmuşdur. Həmin şəxslərin ona pul borcu olmuşdur. O da, öz növbəsində həmin şəxslərdən ona verməli olduqları pulu geri istəyən zaman həmin şəxslər hal hazırda verməyə nəğd pulları olmadığını, ona görə də ona pulun əvəzinə yuxarıda qeyd edilən brilyant daşı girov əvəzi vermişlər. O, həmin daşı girov əvəzi götürdükdən sonra daşın konkret olaraq hansı sinif qiymətli daşa aid olmasını bilmədiyindən, həmin daşı satıb-satmamaqda tərəddüd edirmiş. O, daşı vermiş Cəmalə, Kifayət və Cəvahirlə əlaqə saxlayaraq daşı satmaq istəmədiyini bildirmiş və ona olan borclarını qaytarmalarını tələb etmişdir. Həmin şəxslər ona verəcəyi pulları olmadığını bildirən zaman o bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bununla bağlı Yasamal RPİ-nin 29-cu PŞ-də araşdırma aparılmış, araşdırıma zamanı təhqiqatçı həmin daşın həqiqətən brilyant daş olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi lazım olduğunu bildirmişdir. Lakin o, daşın dəyişdirilməsindən qorxduğu üçün daşı onlara təqdim etməmişdir. Lakin müəyyən müddət keçdikdən sonra, onlar daşı təhqiqatçıya təqdim etmək qərarına gəlmiş və həmin daşı təhqiqatçıya təqdim etmək istəyən zaman təhqiqatçı onun müraciəti ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etdiyini bilrirərək, həmin daşı ondan qəbul etməmişdir. O, daşı İddiaçı satan zaman həqiqətən də daşın saxta və ya həqiqi olması barədə məlumatı olmamış və bu barədə İddiaçı də məlumat vermişdir . Həmçinin bildirmişdir ki, zərgər olduğu üçun daşı müayinə etsin və ondan sonra alqı-satqı barədə danışsınlar. Təxminən 3 saata yaxın daşı müayinə etdikdən sonra Azər daşı ala biləcəyini bildirmiş və yuxarıda da qetd etdiyi daşın 19.990 manat müqabilində alqı satqı edilməsinə razılaşmışlar. Bundan sonra səhərisi gün, yəni xx.xx.2019-cu il tarixdə Azər onunla əlaqə saxlayaraq daşın saxta olduğunu bildirən zaman o, Azərə cavabında daşı dünən onun yanında 3 saat müayinə etdiyini bildirmiş və ona necə inanacağını Azərdən soruşmuşdur. Həmçinin, qərarda on birinci abzasında qeyd edilmiş izahatın məzmununa və qərarın onuncu abzasında Cavabdeh3 izahatının verilməsinə əsasən, qərarın on birinci abzasında qeyd edilmiş izahatın X6 aid olduğu, lakin texniki səhv nəticəsində Cavabdeh3 izahatı kimi göstərilməsi müəyyən olunur. İş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan müəyyən edilir ki, X4 vəfat etməsi ilə əlaqədar vərəsəsi Cavabdeh4 ərizəsi əsasında xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrinin dairəsi müəyyən edilmişdir. X1 vərəsəsi-qızı Cavabdeh4 tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 alqı-satqı müqaviləsinə əsasən 20000 manat dəyərində brilyant qaşı İddiaçı verməyi, İddiaçı isə qeyd edilən məbləği X6 ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği X6 ödəmişdir. X4 İddiaçı brilyant adı ilə satdığı daş saxta olduğu müəyyən edildiyindən, X3 ödənilmiş pulun geri qaytarılmasını tələb etmiş, X7 həmin məbləği geri ödəməmişdir. Bu səbəbdən, Babayev X17 RPİ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal RPİ-nin İŞ - tərəfindən İddiaçı ərizəsi əsasında 25 oktyabr 2021-ci il tarixdə toplnmış material üzrə kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və MEM-nin 01 dekabr 2021-ci il tarixli 6/5077-9/8145 saylı rəyinə əsasən, tədqiqata təqdim olunmuş 1 ədəd zavod qablaşdırma formasında üzərində HRD X19” yazısı olan plastik qablaşdırmada qaşın qiymətli qaşlara aid olmadığı, şüşə olduğu müəyyən edilmişdir. X7 da polisə ifadəsində brilyant daşın üçüncü şəxslərin ona olan borcunun ödənilməsi üçün girov əvəzi verildiyini, həmin daşın konkret olaraq hansı sinif qiymətli daşa aid olmasını bilmədiyindən, satıb-satmamaqda tərəddüd etdiyini bildirmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, X7 və İddiaçı əvvəldən bir-birini tanımamış, X5 olan brilyant daşın alqı-satqısı məqsədilə cavabdehlər Cavabdeh2, Faiq Cəbrayılov və Cavabdeh1 vasitəsilə tanış olmuşlar. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, X7 3.4 karatlıq brilyant daşı İddiaçı satmağı, İddiaçı isə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı malı ödəmək üzrə vəzifəsini icra etsə də, X7 öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, X4 İddiaçı brilyant daş adı ilə satdığı malın şüşə olduğu müəyyən edilmişdir. X4 İddiaçı brilyant daş adı ilə satdığı mal saxta olduğundan və onun tərəfindən ödənilmiş məbləğ geri qaytarılmadığından, İddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin ödənilməsi X4 hüquqi varisi olaraq Cavabdeh4 tərəfindən təmin edilməlidir. Belə ki, X7 ilə İddiaçı brilyant daşın alqısatqısına dair müstəqil şəkildə razılığa gəlmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə onlar arasında vasitəçi olmaqla, onların müqavilə üzrə hər hansı öhdəlikləri yaranmamışdır. X1 vərəsəsi-qızı Cavabdeh4 tanındığından, məhkəmə tərəfindən hazırki mülki iş üzrə yalnız Cavabdeh4 X4 hüquqi varisi kimi tanınmışdır. Cavabdeh5 isə iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında cavabdeh qismində işə cəlb edilməklə X4 hüquqi varisi kimi tanınmamış və tələb edilən pulun ödənilməsi üçün heç bir öhdəlik daşımır. Məhkəmə İddiaçı 30000 manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, X4 hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin vurulması ağlabatan və əsaslı olduğu üçün iddia tələbi mənəvi zərərin tutulması hissəsində də qismən təmin olunmalı, Cavabdeh4 iddiaçının xeyrinə 1000 manat mənəvi zərərə görə pul vəsaiti tutulmalıdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh4 vurulmuş maddi zərərə görə 20000 (iyirmi min) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 21000 (iyirmi bir min) manat pul xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 vurulmuş maddi zərərə görə 20000 (iyirmi min) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 21000 (iyirmi bir min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudatev
Məhkəmə qərarları › İş №2(004)-289/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-289/2022
20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver