Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2892/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyun ayından 2023-cü ilin mart ayına kimi olan müddət ərzində müalicə məqsədilə verilmiş 4380 manat, nəqliyyat xərci olaraq 2040 manat, kirayə haqqı olaraq 2550 manat, mənəvi ziyana görə 3000 manat, əldən çıxmış fayda şəklində 2000 manat və ödənilmiş 132 manat dövlət rüsumu olmaqla, cəmi 14102 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə hündürlükdən yıxıldığına görə ağır bədən xəsarətləri almışdır. Ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması diaqnozu ilə xx.xx.2016-cı ildən müddətsiz birinci dərəcəli əlildir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. Aldığı xəsarətlərin müalicəsi ilə əlaqədar müvafiq xəstəxanalarda müalicə olunmuş, stasionar reabilitasiya müəssisələrində olmuşdur. Bu məqsədlə axtarışda olarkən 2020-ci ilin iyun ayının 5-10-u arasında Bakı şəhəri Binəqədi rayonunda tanışının evində X5 vətəndaşı X4 adlı bir xanıma müraciət etmişdir. Aldığı xəsarətlər barədə ona ətraflı məlumat vermişdir. Həmin qadın onu müayinə etmiş, faktiki vəziyətini, əlil arabasında olduğunu, hərəkət edə bilmədiyini görmüşdür. Masaj və idman etmək yolu ilə müalicə edəcəyini, onu sağaldıb ayağa qaldıracağını bildirmişdir. Müalicə məqsədilə Reyhanə xanıma 2020-ci ilin iyun ayından 2023-cü ilin mart ayına kimi 4380 manat pul vermişdir. Bundan əlavə Bakı şəhərinə rayondan gəlmək və şəhərdə hərəkət etmək üçün 2040 manat və mənzil üçün 2550 manat pul xərcləmişdir. Nəticədə cəm olaraq 8970 manat pul vəsaiti xərcləmişdir. Bu məbləğ ona vurulmuş real ziyandır. Əldən çıxmış fayda şəklində ona 2000 manat zərər vurulmuşdur. Əlil arabasında iztirablar və mənəvi sarsıntılar keçirməyi sağlamlıq vəziyyətini daha da ağırlaşdırmışdır. Hesab edir ki, mənəvi zərərin 3000 manat heablanması ədalətli olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. O, cavabdehə 10 günlük müalicə üçün 180 manat pul ödəmişdir. Cavabdeh onu bir həftə masaj edəcəyini, bir həftədən sonra müalicənin davam edib-etməyəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayında cavabdehə 1400 manat pulu müalicə üçün vermişdir. 7 ay İçəri Şəhərdə, 2 ay Yeni Yasamalda yaşamışdır. Ondan iynə ilə müallicə üçün 11000 manat pul istəmişdir. Onların ofisi Azadlıq metrosunun yanında yerləşirdi. Cavabdeh onu ofisin qabağında qarşılayaraq, iynə ilə müalicə edən həkimin yanına aparmışdır. Həkim iynələrlə seans keçirərək səhhətində irəliləyiş ola biləcəyini bildirmişdir. Ondan iynələrlə birlikdə 9000 manat, iynələri özü alacağı təqdirdə 7000 manat pul istəmişlər. Onlar razılaşmışlar. Həmin iynələri 2000 manata Rusiyadan almışdır. Sonra həkimlə danışmış və iynələri aldığını bildirmişdir. Daha sonra həkimə və cavabdehə zəng etmiş, lakin onlar telefonlara cavab verməmişlər. Daha sonra həkim telefonla ona iynələri özü aldığına görə acıqlanmışdır. O, daha sonra cavabdehlə müalicəni davam etdirmişdir. Cavabdeh iynələrlə müalicə edən həkimin digər xəstələri də aldatdığını və Azərbaycandan getdiyini bildirmişdir. Yeni Yasamalda yaşadığı iki ay müddətində hər ay 450 manat kirayə haqqı ödəmişdir 2023-cü ildə cavabdehə ər-arvad olan həkimlərin müalicəsi üçün 250 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Heç bir tibb təhsili olmayan cavabdeh özünü həkim kimi qələmə vermişdir. Cavabdeh iddiaçıya onu müalicə edib sağaldacağına inandırmışdır. İddiaçı rayonda yaşayır və şəhərdə evi yoxdur. İddiaçı müalicə üçün rayondan şəhərə gedibgəlmişdir. İddiaçının müalicəsinə çəkilmiş xərclər, kirayə haqqı, nəqliyyat xərcləri real, həqiqətə uyğun xərclərdir. Cavabdeh iddiaçıya İrandan gələn həkimlərin iynə ilə müalicə etdiyini də bildirmişdir. Cavabdehin əməlində dələduzluq cinayətinin tərkibi vardır. Bununla bağlı iddiaçı şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının Binəqədi Rayon Polis İdarəsinə şikayəti əsasında toplanılmış materialla bağlı tərəfindən həmin polis idarəsinə sorğu verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı iddia ərizəsində qeyd etdiyi pul vəsaitlərini verməsi barədə sübutlar təqdim etməmişdir. Cavabdeh iddiaçını müalicə etmək istəmiş, lakin iddiaçı cavabdehə qeyri-etik təkliflər etmiş və cavabdeh iddiaçı ilə ünsiyyətini kəsmişdir. İddiaçı iynələrin alınması ilə bağlı qəbz təqdim etməmişdir. İddia əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı müraciəti üzrə 1-ci PŞ-də hər hansı bir araşdırma aparılmamışdır. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı müraciəti üzrə 2-ci PŞdə hər hansı bir araşdırma aparılmamışdır. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı müraciəti üzrə Xəzər Rayon Polis İdarəsi və 3-cü PŞ-də hər hansı bir araşdırma aparılmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. İddiaçı iddia tələbində cavabdehə 2020-ci ilin iyun ayından 2023-cü ilin mart ayına kimi olan müddət ərzində müalicə məqsədilə 4380 manat pul verdiyini, lakin nəticə olaraq sağalmadığını, cavabdehin onu aldatdığını qeyd etmişdir. Göründüyü kimi tərəflər arasında cavabdehin iddiaçıya müalicə xidmətlərini göstərməsi ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. İddiaçı cavabdehin onun hesabına əsassız olaraq varlanmasını, 4380 manatın cavabdeh tərəfindən əsassız olaraq mənimsənilməsini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan iddia tələbi müalicə məqsədilə verilmiş 4380 manatın cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin “maddi ziyan kimi iddiaçının tələb etdiyi nəqliyyat xərci olaraq 2040 manat, kirayə haqqı olaraq 2550 manat, mənəvi ziyana görə 3000 manat və əldən çıxmış fayda şəklində 2000 manat pulun cavabdehdən tutulması” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissələrdə 4380 manat pulun əsassız olaraq cavabdeh tərəfindən mənimsənilməsi faktından asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia həmin hissədə təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Bu baxımdan iddia tələbi ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehə ödənilməsi hissəsində də təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının pulunu mənimsəməsi, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı cavabdeh X1rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2892/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2892/2024
18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver