Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-293/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili X9, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna dair çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna dair çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh adına verilən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2003-cü ilin yayında və həyat yoldaşı Əzimov Yalçın özləri üçün Bakı şəhərində mənzil almaq qərarına gəldilər və bu məqsədlə müəyyən qədər vəsait də toplamışdılar. İmkana uyğun olan evlərlə maraqlananda həyat yoldaşının bacısı Günəş İbrahimova onlara bildirdi ki, onun qaynatası X6 öz həyət evini satır. X6 həm qohumluq münasibətimiz olan şəxs idi, həm də atası ilə uzun müddətdən bəri tanış və dost idi. Ona görə də onunla görüşüb bu barədə söhbət etdilər. Həmin vaxt X23 qəsəbəsində NZS deyilən ərazidə yerləşən evində yaşayırdı. Onunla həmin evində söhbət edərkən İbrahimov Nürəddin bildirdi ki, həmin evin qiyməti 7-8 min ABŞ dollarıdır, lakin qohumluq və tanışlıq münasibətinə görə onu 6 min ABŞ dollarına sata bilər. O, razılaşıb həmin məbləği qayınları Mahir və Mailin də iştirakı ilə İbrahimov Nürəddinə verdi. İbrahimov Nürəddin pulu alıb evin açarlarını ona təqdim etdi. Daha sonra isə İbrahimov Nürəddin onun və ailə üzvlərinin həmin evə daimi qeydiyyata alınmağını təmin etdi. Onlar həmin vaxtdan etibarən öz evlərinə köçərək orada yaşamağa başladılar. 16 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşayırlar. Uşaqları həmin evdən məktəbə getmiş, evə görə bütün kommunal ödənişləri və ailə üzvləri ödəmişlər. Hal-hazırda da həmin evdə yaşayırlar. Qeyd olunan ev bir mərtəbəli 1 otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. Ev köhnə və təmirsiz idi. 2016-ci ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirdilər. İbrahimov Nürəddin həmin vaxt sağ idi və qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədlərini də onunla dəqiqləşdirmişlər. O da, onlara evin əvvəlki sahibi kimi torpağının dəqiq ölçülərini bildirdi və onlara qohum və tanış kimi xeyir-dua verdi. Bu hadisədən qısa müddət sonra İbrahimov Nürəddin vəfat etdi. Onun qızı, hazırkı iş üzrə Cavabdeh ona qarşı iddia ərizəsində qeyd etmişdir ki, guya atası İbrahimov Nürəddin 2015-ci ildə vəfat etmişdir. Lakin bu, tamamilə yalandır. X6 2016-cı ilin noyabr ayının 7-də vəfat etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh atasının ölümündən sonra gizlicə qeyd olunan evə dair yalan məlumatlar verməklə çıxarış almışdır. Daha sonra isə ona və ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldıraraq həmin evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh adına verilən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi mərhum X6 2003-cü ildə qeyd olunan evi ona satmış və dəyərini də almışdır. Həmin ildən etibarən o və ailə üzvləri köçüb həmin evdə yaşamağa başlamış və evə daimi qeydiyyata alınmışlar. Həmin vaxtdan etibarən o, mülkiyyətçi kimi qeyd olunan evə sahiblik edərək evdən istifadə etmişdir. Evin bütün kommunal xidmət haqlarını o ödəmişdir və evdən öz ünvanı kimi istifadə etmişdir. 2016-cı ilin sentyabr-oktyabr aylarında isə həmin ev tamamilə sökülmüş və tərəflərindən həmin ünvanda başqa ölçüdə yeni ev tikilmişdir. Hazırda da həmin yeni ev ona məxsusdur və istifadəsindədir. Bundan əlavə, mübahisəli ev fərdi yaşayış evidir, yəni həyət evidir və evin 1/2 hissəsi mərhum X3 mülkiyyətində olmuşdur. Həmin hissə birmərtəbəli və 1 otaqdan ibarət olmuş və sahəsi 40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Yəni cavabdehin adına verilən çıxarışda göstərilən ev faktiki olaraq mövcud deyil və həmin ünvanda ona məxsus yeni bir ev tikilmişdir. Bu mənada hesab edir ki, cavabdehə verilən reyestrdən çıxarış reallığı əks etdirmir və bu qeydiyyat əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bundan başqa, hesab edirlər ki, cavabdehin adına verilmiş reyestrdən çıxarış və əmlakın qeydiyyatı həmin evin tamamilə sökülməsi səbəbindən də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Bununla bağlı olaraq bildirir ki, cavabdehin adına qeydiyyata alınan əmlak mövcud deyil. Həmin ünvanda texniki göstəriciləri, ölçüləri, sahəsi, otaq sayı və mərtəbəliliyi tamamilə başqa olan ev tikilmişdir. Odur ki, cavabdehin adına verilən çıxarış və aparılmış qeydiyyat hər cür hüquqi mənasını itirmişdir. Bundan başqa, Cavabdeh reyestrdən çıxarışa istinad edərək belə bir fikir irəli sürür ki, guya o atası X3 mirasını qəbul etmiş və bu əsasla da atasından qalan ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Halbuki bu belə deyildir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi X6 vəfat edəndən sonra onun qızı Cavabdeh mirası faktiki olaraq qəbul etməmiş, mirasa sahiblik etməmişdir. Çünki həmin ev həmin vaxt da, hal-hazırda da onun faktiki sahibliyindədir. Sadəcə olaraq cavabdeh atasının ölümündən sonra hüquqdan sui-istifadə edərək vərəsəlik şəhadətnaməsi almış və atasının adına olan qeydiyyat vəsiqəsini təqdim edərək reyestrdən çıxarış almışdır. Cavabdehin bu hərəkəti hüquqdan sui-istifadədir. Çünki Cavabdeh özü də bilir ki, atası 2003-cü ildə öz evini ona satıb. Cavabdeh bilir ki, 2003-cü ildən etibarən o və ailə üzvləri həmin ünvanda yaşayır və daimi qeydiyyatdadırlar. Onların evi almağına və orada yaşadıqlarına cavabdeh atasının sağlığında heç vaxt etiraz etməmişdir. Cavabdeh köhnə evin söküldüyünü, yerində onun tərəfindən yeni bir ev tikildiyini də bilir. Bütün bunlara baxmayaraq bilə-bilə yalan məlumat verməklə reyestrdən çıxarış almışdır. Bu cür hərəkətlər isə hüquqdan sui-istifadə olduğu üçün etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Hesab edir ki, bütün bu hallar cavabdehin hərəkətlərində vardır. Belə ki, cavabdeh 2003-cü ildən bəri bilir ki, atası həmin ünvandakı evi ona və ailəsinə satıb və pulunu alıb. Cavabdeh bu fakta qarşı heç vaxt etiraz etməyib. Cavabdeh bilir ki, həmin ev sökülüb və yerində tam başqa bir ev tikilib. Cavabdeh buna da etiraz etməyib. Amma atası vəfat edən kimi onun əmlakıma dair əsassız reyestrdən çıxarış alaraq ona qarşı məhkəmədə iddia qaldırır. Bütün bunlar isə qanunsuz və əsassız hərəkətlərdir. Odur ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh adma verilən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili X15 ayrıayrılıqda iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında işdirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddianı qəbul etməyərək izahatlarında göstərmişdir ki, iddia ərizəsində yazılanlar tamamilə əsassızdır. İddiaçı ilə İbrahimov Nürəddin arasında hər hansı alqı-satqı müqaviləsi olmamışdır. Onlar qohum olduqlarına görə evin mülkiyyətçisi olan İbrahimov Nürəddin iddiaçıya və onun ailə üzvlərinə, yaşamağa yerləri olmadıqlarına görə, həmin evdə müvəqqəti yaşamağa icazə vermiş, lakin kirayə pulu almamışdır. Qarşı tərəf kontutsion hüquqlarının pozulduğunu iddia edir. Bildirirlər ki, konstitutsion hüquq qanunvericliklə müəyyən edilib. İddiaçı evə sərəncam hüququ olmaya olmaya mülkiyyətçinin ölümündən, onun ailə üzvlərinin başlarının yasa qarışmasında istifadə edərək qanunsuz olaraq evi söküb, əlavə tikililər tikib. İddiaçının əməlində faktiki olaraq özgənin əmlakını qəsdən məhv etmə cinayətinin tərkibi var. Bundan baqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində iddiaçının həmin evə dair alqı-satqı hüququ və istifadə hüququnun qeydə alınmasına dair hər hansı sənəd mövcud deyildir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və eləcə də, məhkəmə tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X14, X11 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə ünvanlarına bildiriş göndərilmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dı, göndərilmişdir. Məhkəmə işə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 64 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli 69 saylı məktubundan görünür ki, K.Kazımzadə küç. 13 saylı ev xüsusi mülkdur. İddiaçı göstərilən ünvanda qeydiyyatdadır və yaşayır. İddiaçı öz vəsaiti hesabına 2-ci mərtəbədə 54,7 kv.m ev tikmişdir. Mülkiyyətçi Cavabdeh öz evində uzun müddət yaşamadığına görə onun çıxarışına aid olan hissədən də, X16 istifadə etmişdir və şifahi olaraq dediyinə görə onun evini də, təmir etdirmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evi Hilal İbrahim oğlunun adına taırixsiz olaraq ilkin qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 2v-2-391 reyestr nömrəli xx.xx.2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 adına xx.xx.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-997/2002 nömrəli xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi X4, 1/2 hissəsi X7 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2-382/2001 nömrəli xx.xx.2001 -ci il tarixli icra vərəqəsinə, 6 k -1822 nömrəli 2002-ci il tarixli qərarına əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissədən 1/4 hissəsi (1otaq y/s-14,8kv.m, k/s-8,8kv m) X13 qalan hissə X7 adlarına qeydiyyatdan keçmişdir. Yasamal Rayon Məhkəməsinin 2-590/2003 nömrəli 05.03 2003-cü il tarixli qətnaməyə əsasən X7 məxsus hissədən 1/4 hissəsi X5 adına qeydiyyatdan keçmış, qalan hissəsi X7 mülkiyyətindədir. Cavabdeh Nurəddin qızı 12 saylı DNK-nın 2v-67 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 sözügedən fərdi yaşayış evinin 2/4 hissəsini xx.xx.2017-ci il tarixdə vərəsəlik qəbul etmişdir. 14 saylı DNK-nın 4Ə-07 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin ¼ hissəsi (1 otaq, y/s-14,8 kv.m., k/s-8,8 kv.m) X10 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinin ¼ hissədən qalan hissə X7, ¼ hissə X5, 2/4 hissə Cavabdeh, ¼ hissədən- 1 otaq (y/s-14,8 kv.m., k/s- 8,8kv.m) X10 mülkiyyətlərindədir. - xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 saylı Notariat Kontorunun xüsusi notariusu X21 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, Cavabdeh Nurəddin qızı xx.xx.2016-cı il tarixdə ölmüş X4 vərəsəsidir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı ildə ölmüşdür. - Cavabdeh Nurəddin qızının Yasamal rayon məhkəməsinə ünvanladığı xx.xx.2019cu il tarixli «yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslər hesab edilmələrinə dair» iddia ərizəsindən görünür ki, o iddiaçı olaraq cavabdehlər X19, X25, X20, X31, İddiaçı, X22 və X27 ünvan 2 13 ünvanında olan fərdi yaşayış evində ona məxsus 2/4 hissədən istifadə hüququ olmayan şəxslər hesab edilmələri barədə qətnamə qəbul edilməlisini xahiş etmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçı 2003-cü ildə hazırda yaşadığı evi 6 min ABŞ dollarına X2 almasını bildirirək həmin vaxtdan etibarən köçərək orada yaşamağa başlamalarını, 16 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşamalarını, X3 ölümündən sonra sözügedən evin həmin vaxtda, hal-hazırda da onun faktiki sahibliyində olduğundan mərhumun qızı Cavabdeh mirası faktiki olaraq qəbul etməmiş, mirasa sahiblik etmədiyindən ünvan 1 ünvanında yerləşən evə dair adına verilən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış ləğv edilməli olmasını iddia etmişdir. Cavabdeh tərəfin isə iddiaya etirazının əsası kimi İddiaçı ilə İbrahimov Nürəddin arasında hər hansı alqı-satqı müqaviləsi olmamasına istinad etmişlər. Məhkəmə qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddiaçı ailə üzləri ilə mübahisəli evdə qeydiyyatları olmaqla yaşamağa davam etsələr də, həmin evin 2003-cü ildə məhz 6000 ABŞ dollarına X2 alqısatqı yolu almalarını sübut edə bilməmiş, aralarında alqı-satqı münasibətləri olduğu halda, mərhumun sağlığında ikən bunu reallaşdırmamaqlarının səbəblərinə dair tutarlı arqumentlər irəli sürə bilməmişlər. Məhkəmə iddiaçı tərəfin yaşadıqları evin əvvəlki evin yerində inşa edilmiş tikili olması, 16 il müddətində orada fasiləsiz yaşamalarına dair iddia dəlillərinə qiymət verərək hesab edir ki, bu halların mövcudluğu belə hazırki iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut növləri kimi qiymətləndirmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin araşdırılmış hallarından görünür ki, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1/2 hissədə X4 adında olmuş, ölümündən sonra atasından sözügedən fərdi yaşayış evinin 2/4 hissəsini xx.xx.2017-ci il tarixdə vərəsəlik üzrə qəbul etmişdir. Hazırda isə cavabdeh mübahisəli evin ¼ hissədən- 1 otaq (y/s-14,8 kv.m., k/s-8,8kv.m) mülkiyyətçisidir. İddia tələbinin maddi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. İddia tələblərinə əsasən cavabdehin adına qeydiyyata alınan əmlak mövcud deyil və həmin ünvanda texniki göstəriciləri, ölçüləri, sahəsi, otaq sayı və mərtəbəliliyi tamamilə başqa olan ev tikildiyindən onun adına verilən çıxarış və aparılmış qeydiyyat hər cür hüquqi mənasını itirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində mübahisəli evə dair alqı-satqı hüququ və istifadə hüququnun qeydə alınmayan iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsində qeyd edilən maraqlı şəxs statusuna və hazırki iddianı da qaldırmaqda subyektiv hüquqa malik deyildir. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna dair çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-293/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-293/2020
05.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver