Məhkəmə qərarları › İş №2(004)-2968/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2968/2023

12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2968/2023 12.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı İdman Sağlamlıq Kompleksinin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X5 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı İdman Sağlamlıq Kompleksinin cavabdehlər Bakı şəhəri Yasamal Bələdiyyəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən istifadəyə olan maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İdman Sağlamlıq Kompleksi cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı “torpaq sahəsindən istifadəyə olan maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177\06 saylı Sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 586-cı məhəllədə "ŞÜA“ X2 istifadəsinə verilmiş 779.46 kv.melr torpaq sahəsindən istifadəyə Yasamal Bələdiyyəsi tərəfindən yaradılan hər hansı maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı İdman Sağlamlıq Kompleksinin yazılı vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Bundan sonra, İddiaçı İdman Sağlamlıq Kompleksi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi 586-cı məhəllədə yerləşən torpaq sahəsində iddiaçıya yaratdığı maneələrə son qoyması və Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh2 vəsatəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 586-cı məhəllədə 382 kv.metr ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 507 saylı Sərəncamı ilə İddiaçınə verilmişdir. Əlavə olaraq həmin ərazidə 779.46 kv.metr torpaq sahəsi abadlaşdırılaraq, Kompleks tərəfindən istifadə olunduğundan qanuna müvafiq qaydada sənədləşdirilərək Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177\06 saylı Sərəncamı əsasında 779,46 kv.metr torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan ərazi mütəmadi olaraq iaşə-istirahət zonası kimi istifadə olunmuşur. Məlum pandemiyya hadisələrində ərazinin bir hissəsində xeyli müddəi istifadə dayandırılmışdır. Nəhayət pandemiya hadisələri ilə bağlı qadağalar aradan qalxdıqdan sonra bu günlərdə qeyd olunan ərazini işlək vəziyyətə salmaq üçün səliqə səhman işlərinin aparıldığı zaman Yasamal Bələdiyyəsinin işçiləri heç bir səbəb göstərmədən buna bir mənalı şəkildə maneə yaratmışlar. Daha sonra, tərəflərindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısmn xx.xx.1996-cı il tarixli 507 saylı sərəncamı ilə və Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2016-cı il tarixi 177/06 saylı sərəncamı ilə onlara icarəyə verilmiş Bakı şəhəri Yasamal rayonu, A.Akimov küçəsi 586-cı məhəllədə yerləşən torpaq sahəsi cavabdeh E.Səlimov tərəfindən fərdi sahibkar kimi istifadə edilir, həmçinin digər cavabdeh Yasamal Bələdiyyəsi də torpaq sahəsini icarəyə verməsində baxmayaraq, onun digər şəxslər tərəfindən istifadə edilməsinə şərait yaratmışdır. Odur ki, belə hesab edirik, cavabdeh E.Səlimov sözügedən torpaq sahəsindən çıxarılmalı, Bakı şəhəri Yasamal Bəlidiyyəsi isə bizə yaratdığı maneələrə son qoymalıdır. Cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsi iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi, 586-cı məhəllədə 382 kv.m. ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 507 saylı Sərəncamı ilə İddiaçı İdman Sağlamlıq Kompleksinə verilmişdir. Əlavə olaraq həmin ərazidə 779,46 m. torpaq sahəsi abadlışdırılması məqsədilə Yasamal Bələdiyyəsi tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16 maddəsinin 4-cü bəndini rəhbər tutaraq, xx.xx.2006-cı il tarixli, 177/06 saylı Sərəncamına əsasən 200 saylı Torpaq (icarə) müqaviləsi bağlanmışdır. İddiaçı öz iddia ərizəsində birbaşa Yasamal Bələdiyyəsin əməkdaşlarını onların icarə sahəsi olan torpaqdan istifadəsinə maneə yaradığını bildirərək şikayət verməsi yol verilməzdir. Belə ki, həmin əraziyə heç bir halda Yasamal Bələdiyyəsinin hər hansı əməkdaşı getməmiş və sahibkarın fəaliyyətinə süni maneə yaratmamışlar. İddiaçı İdman Sağlamlıq Kompleksinin məsul şəxsləri konkret kimin onların fəaliyyətinə maneə olması barədə hər hansı şəxsin adını iddia ərizəsində qeyd etməmiş və ümumi olaraq Yasamal Bələdiyyəsinin əməkdaşlarının sahibkara məxsus yerə daxil olaraq, orada iş rejiminin pozulmasını qeyd etmişdir. Ümumi olaraq Yasamal Bələdiyyəsinin əməkdaşlarının adının çəkilərək günahlandırmaq, qanunvericiliyin tələblərinin pozulması deməkdir. Yasamal rayonu, A.Abbasov küçəsi, 586-cı məhəllədə xx.xx.2006-cı il tarixli, 177/06 saylı Sərəncamla İddiaçı İdman Sağlamlıq Kompleksinə abadlıq məqsədilə verilmiş və hər hansı işə müdaxilədən və maneəçilikdən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı İdman Sağlamlıq Kompleksinin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 586-cı məhəllədə 382 kv.metr ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 507 saylı Sərəncamı ilə "ŞÜA" İdman Sağlamlıq Kompleksinə verilmişdir. Əlavə olaraq həmin ərazidə 779,46 kv.metr torpaq sahəsi abadlaşdırılaraq, kompleks tərəfindən istifadə olunduğundan qanuna müvafiq qaydada sənədləşdirilərək, Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177\06 saylı Sərəncamı əsasında 779,46 kv.metr torpaq sahəsi İddiaçı istifadəsinə veriİmişdir. Qeyd olunan ərazi mütəmadi olaraq iaşə-istirahət zonası kimi istifadə olunmuşdur. Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdən icarəyə götürdüyü torpaq sahəsi əslində Şəfayət Mehdiyev küçəsində yerləşir və Akim Abbasov küçəsinə heç bir aidiyyəti yoxdur. Cavabdeh2 icarəyə verilən torpaq sahəsi iddiaçıya icarəyə verilən torpaq sahəsi ilə üst-üstə düşmür. Digər cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin nümayəndəsi də təsdiq edir ki, Cavabdeh2 bələdiyyənin mülkiyyətində olan və iddiaçıya istifadəyə verilmiş torpaq sahəsindən istifadə edir. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X1 və Koordinasiya Mərkəzi" X5 nümayəndəsi Nümayəndə3 tərəfindən məhkəməyə təqdim edilmiş kadastr planında qırmızı xəttin kim tərəfindən və hansı normativ hüquqi sənədə əsasən çəkilməsi bəlli deyil. İddiaçının icarəyə götürdüyü torpaq sahəsi Bakı şəhəri Yasamal Bələdiyyəsinin mülkiyyətindədir. Buna görə də hesab edir ki, Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X1 və Koordinasiya Mərkəzi" X5 torpaq sahəsini icarəyə vermək və icarəyə götürmək hüquqları olmamışdır. Pandemiya dövründə iddiaçı öz fəaliyyətini dayandırmışdır. Bundan istifadə edən cavabdeh və üçüncü şəxs həmin ərazini zəbt etmiş, üçüncü şəxs müqavilə əsasında cavabdehin istifadəsinə vermişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 906 saylı bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında sərəncamı vardır. Həmin sərəncamla təsdiq edilir ki, Yasamal rayonu üzrə bələdiyyəyə ayrılacaq torpaq sahəsinə dair ayrıc göstərişlərinin ümumi sahəsi 247,68 ha-dır. 18-ci sahə, 5,35 ha Ə.Ələkbərov küçəsi, Kiyev prospekti, Abşeron Regional SSC və məhəllədaxili özbaşına tikililərlə məhdudlaşan ərazi iddiaçıya ayrılmışdır. Hesab edir ki, iddia tam əsaslıdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177\06 saylı Sərəncamı əsasında 779,46 kv.metr torpaq sahəsi İddiaçı istifadəsinə veriİmişdir. İddiaçı həmin ərazidə icarə müqavilə əsasında fəaliyyət göstərir. Bələdiyyənin iddiaçıya icarəyə verdiyi torpaq sahəsi ilə Cavabdeh2 icarəyə verilmiş torpaq sahələri üst-üstə düşmür. Həmin torpaq sahəsi Bakı şəhəri Yasamal Bələdiyyəsinin mülkiyyətindədir. Digər Cavabdeh2 İddiaçı İdman Sağlamlıq Kompleksinin icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi əraziyə aid olan hissəni zəbt etmiş, həmin sahədə çayxana işlədir. İddiaçı 382 kvadrat metr torpaq sahəsini özəlləşdirmiş, qalan hissədə də icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Cavabdeh2 istifadə edilməyən ərazinin sahibsiz olduğunu düşünərək, həmin ərazini zəbt etmişdir. Ə.Ələsgərov küçəsi hazırki Şəfayət Mehdiyev küçəsidir. Onun tərəfindən təqdim edilmiş Bakı şəhəri Yasamal Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların xəritəsi sərəncamın əlavəsidir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, əvvəl Lider TV-yə məxsus olan binanın qarşısındakı torpağı icarəyə götürmüşdür. Həmin torpaq sahəsi də binaya aiddir. İcarə müqaviləsinin müddətinin bitməsi ilə bağlı bildirmək istəyir ki, müqaviləyə xitam verilmədiyindən müddəti avtomatik olaraq uzadılmışdır. Hesab edir ki, iddia tələbi əsasızdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X1 və Koordinasiya Mərkəzi" X5 nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177\06 saylı Sərəncamı əsasında "ŞÜA" İdman Sağlamlıq Kompleksinin istifadəsinə verilmiş 779,46 kv.metr torpaq sahəsinin ayrıc aktına əsasən yerini müəyyənləşdirmək mümkün deyil. Ünvanlar mütəmadi olaraq dəyişilə bilər, lakin bunun kadastrı aparılır. Lakin həmin kadastrın aparılması ilə bağlı nə ayrıc aktı, nə də sxemi çəkilməmiş və təqdim edilməmişdir. Növbəti sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Torpaq Komitəsindən xahiş edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq Yasamal Bələdiyyəsinin mülkiyyətinə verilən ərazilər və torpaqlar üzərində hüquqları təsdiq edən rəsmi sənədlər hazırlanıb, Yasamal Bələdiyyəsinə təhvil verilsin. Mülkiyyəti təsdiq edən sənəd Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən mülkiyyət sənədidir. Yasamal Bələdiyyəsində həmin torpaq sahəsinin Azərbaycan Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş layihə və ya çəkilmiş çertyoj və ya mülkiyyətinə verilməsinə dair sənəd yoxdur. Nazirlər Kabinetinin 2002-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanındakı inzibati bina Azərbaycan Respublikası prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin balansından çıxarılıb, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin sərəncamına verilmişdir. Həmin sərəncamın icrası birbaşa Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır. Həmin nazirlik hal-hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X1 və Koordinasiya Mərkəzi" X6 dövlət müəssisəsidir, büdcədən maliyyələşir, fəaliyyəti dövlət əmlaklarını qoruyub saxlamaqdır. Onların sözügedən ərazinin mülkiyyətdə olub, bələdiyyə tərəfindən icarə müqavilə bağlanması və istifadəyə verilməsinə dair, koordinatlarına dair sorğusuna cavab olaraq bildirilmişdir ki, göstərilən torpaq sahəsinə yerində baxış keçirilmiş, həmin torpaq sahəsi dövlət mülkiyyətindədir, binanın qarşısında istifadə edilməsi üçün nəzərdə tutulan yerdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşkar edilməmişdir. İndiyə kimi Bakı şəhəri ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrində elektron uçotun aparılması və xəritə çəkilməsi həyata keçirilməmiş və həmin torpaq sahələri barədə məlumatlar elektron kadastr uçot informasiya sistemində və rəqəmsal kadastr xəritəsinə daxil edilməmişdir. Lakin, sorğuya cavabı daxili prosedur olduğundan məhkəməyə təqdim edə bilmir. Bununla belə nəticəyə gəlmək olur ki, həmin torpaq sahəsinin mülkiyyətdə olub-olmaması belə mübahisə predmeti yaradır və hətta Nazirlər Kabinetinin 2002-ci il tarixli sərəncamına əsasən dövlətin balansına götürülmüş əmlak və onun sahəsi bugünükü gün də dövlətin mülkiyyətində olmasına birbaşa dəlalət edir və istinad verir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X1 və Koordinasiya Mərkəzi" X6 balans saxlayıcıdır. Azərbaycan Respublikasında dövlət əmlakları üzərində sərəncamverici yeganə orqan Əmlak Məsələləri Dövlət Xidmətidir. Onlar sadəcə olaraq birgə fəaliyyət müqaviləsi bağlamışlar. Lider TV-yə məxsus olmuş binanın ətrafı 9 metrə qədərdir. Binaya hər iki küçədən giriş var. İnzibati bina ilə yol arasındakı məsafədə ərazinin mülkiyyətə verilməsi ağalabatan deyil. Hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə müraciət etmək üçün nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. AR Mülki Məcəllənin 155-ci maddəsinə əsasən, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. İddia tələbi əsassızdır və rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 507 nömrəli torpaq sahəsinin alınması haqqında sərəncamına əsasən, İddiaçı İstehsalat- Kommersiya Mərkəzinin xx.xx.1995-cı il tarixli, 01/72 №li məktubu nəzərə alınaraq, Yasamal rayonu, Kiyev prospekti, 586 nömrəli məhəllədə yüngül konstruksiyadan ofis quraşdırılmasına icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2000-cı il tarixli 906 “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin əraziləri və torpaqları” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli fərmanına əsasən, Yasamal rayonu üzrə 247,68 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sahələr daxilində Yasamal bələdiyyəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2000-cı il tarixli 906 nömrəli sərəncamına əlavəyə əsasən, Ə.Ələkbərov küçəsi, Kiyev prospekti, Abşeron Regional SSC və məhəllədaxili özbaşına tikilillərlə məhdudlaşan 5.35 ha ərazidən ibarət olan 18-ci sahə Yasamal bələdiyyəsinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli 177/06 nömrəli sərəncamına əsasən, İddiaçı İdman Sağlamlıq Kompleksinə (keçmiş İddiaçı İstehsalat-Kommersiya Mərkəzi) Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 507 saylı sərəncamına əsasən, A.Abbasov küçəsi (keçmiş Kiyev pr.) ilə Ə.Ələkbərov küçəsinin kəsişdiyi ərazidə 586-cı məhəllədə ofis binasının tikintisi üçün ayrılmış 382 m2 torpaq sahəsindən və həmçinin əlavə olaraq kompleksin abadlaşdırıb 779,46 m2 torpaq sahəsindən istifadə etməsi faktının təsdiq edilməsi; İddiaçı idman Sağlamlıq Kompleksinə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 507 saylı sərəncamı ilə ofis binasının tikintisi üçün ayrılmış 382 m2 torpaq sahəsindən əlavə istifadə olunan 779,46 m2 torpaq sahəsi də «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən kompleksin istifadəsinə verilməsi və ümumilikdə 1161,46 m2 torpaq sahəsinin istifadəçisi kimi qeydə alınması; ümumilikdə istifadə olunan 1161,46 m2 torpaq sahəsinin ödəniş haqlarının Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 6-cı bəndinə uyğun olaraq icarə əsasında ödənilməli olması; icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, icarə haqqının vaxtında ödənilməsi və müvafiq memarlıq xidmətinin rəyi olmadan tikinti işlərinin aparılmaması kompleksin rəhbərliyinə biidirilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal bələdiyyəsi ilə İddiaçı İdman Sağlamlıq Kompleksi arasında bağlanmış xx.xx.2006-cı il tarixli 200 nömrəli Torpaq icarəsi müqaviləsinə əsasən, Yasamal bələdiyyəsi «Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli 67 nömrəli qərarına əsasən, Yasamal bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177/06 saylı qərarı əsasında ünvan 2 ünvanda yerləşən ümümi sahəsi 1161,46 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün İddiaçı İdman Sağlamlıq Kompleksinə icarəyə vermişdir. İş materiallarında olan Cavabdeh2 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X6 arasında bağlanmış 24 may 2023-cü il tarixli BFM 05/23/003 nömrəli müqaviləyə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X6 Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 177 ünvanında yerləşən “Əmlak kompleksi” obyektinin ümumi ərazisindən (320 kv.m) hissəsini dövlət əmlakının qorunub saxlanması, səmərəli istifadə olunması, dövlət müəssisə və obyektlərinin sağlamlaşdırılması məqsədilə Cavabdeh2 səmərəli istifadə edilməsi məqsədilə fəaliyyət göstərilməsi üçün təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə 3 ay müddətinə bağlanılır. Müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilə tərəflərindən hər hansı biri digər tərəfi 5 gün əvvəldən xəbərdarlıq etməklə müqaviləyə xitam verə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "X1 və Koordinasiya Mərkəzi" X6n (qeydiyyat № 14922) balansında olan daşınmaz əmlak haqqında registirdən çıxarışdan görünür ki, sahəsi 2330.9 kv.m olan inzibati binadan, sahəsi 10.2 kv.m olan gözətçi binasından, sahəsi 13 kv.m olan ərazinin hasardan, sahəsi 5,5 kv.m olan sanitar qovşaqdan, sahəsi 500 kv.m olan üzlük və yaşıllıq örtüklü sahədən, sahəsi 6282 kv.m olan ərazinin ümumi torpaq sahəsindən ibarət əmlak kompleksinin 331.4 kv.m olan hissəsi Cavabdeh2 icarəyə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi mərkəzinin 04 sentyabr 2002-ci il tarixli 283 nömrəli «Əsas vəsaitlərin balansa qəbul edilməsi haqqında» əmrinə əsasən, Milli Depozit Mərkəzinin balansında olan, ünvan 4 ünvanda yerləşən inzibati bina və ona aid olan əsas vəsaitlər və digər avadanlıqlar və inventarlar komissiyanın xx.xx.2002-ci il tarixli təhvil-qəbul aktına əlavə edilmiş siyahıya əsasən Mərkəzin balansına qəbul edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2002-ci il tarixli 135 nömrəli qərarına əsasən, ünvan 5 ünvanindakı inzibati binanın Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansından çıxarılıb Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin sərəncamına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən, torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Beləliklə müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 507 nömrəli torpaq sahəsinin alınması haqqında sərəncamına əsasən, İddiaçı İstehsalat- Kommersiya Mərkəzinin xx.xx.1995-cı il tarixli, 01/72 №li məktubu nəzərə alınaraq, Yasamal rayonu, Kiyev prospekti, 586 nömrəli məhəllədə yüngül konstruksiyadan ofis quraşdırılmasına icazə verilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2000-cı il tarixli sərəncamına əsasən isə Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin əraziləri və torpaqları” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli fərmanına əsasən, Yasamal rayonu üzrə 247,68 hektar torpaq sahəsi, o cümlədən Ə.Ələkbərov küçəsi, Kiyev prospekti, Abşeron Regional SSC və məhəllədaxili özbaşına tikilillərlə məhdudlaşan 5.35 ha ərazidən ibarət olan 18-ci sahə Yasamal bələdiyyəsinə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli 177/06 nömrəli sərəncamına əsasən, İddiaçı İdman Sağlamlıq Kompleksinə Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 507 saylı sərəncamına əsasən, A.Abbasov küçəsi (keçmiş Kiyev pr.) ilə Ə.Ələkbərov küçəsinin kəsişdiyi ərazidə 586-cı məhəllədə ofis binasının tikintisi üçün ayrılmış 382 m2 torpaq sahəsindən və həmçinin əlavə olaraq kompleksin abadlaşdırıb 779,46 m2 torpaq sahəsindən istifadə etməsi faktının təsdiq edilmiş, İddiaçı idman Sağlamlıq Kompleksinə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 507 saylı sərəncamı ilə ofis binasının tikintisi üçün ayrılmış 382 m2 torpaq sahəsindən əlavə istifadə olunan 779,46 m2 torpaq sahəsi də «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən kompleksin istifadəsinə verilməsi və ümumilikdə 1161,46 m2 torpaq sahəsinin istifadəçisi kimi qeydə alınması qərara alınmışdır. Yasamal bələdiyyəsi ilə İddiaçı İdman Sağlamlıq Kompleksi arasında bağlanmış xx.xx.2006-cı il tarixli 200 nömrəli Torpaq icarəsi müqaviləsinə əsasən, Yasamal bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177/06 saylı qərarı əsasında ünvan 2 ünvanda yerləşən ümümi sahəsi 1161,46 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün İddiaçı İdman Sağlamlıq Kompleksinə icarəyə vermişdir. Həmçinin, Cavabdeh2 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X6 arasında bağlanmış 24 may 2023-cü il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” X6 Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 177 ünvanında yerləşən “Əmlak kompleksi” obyektinin ümumi ərazisindən (320 kv.m) hissəsini dövlət Cavabdeh2 səmərəli istifadə edilməsi məqsədilə fəaliyyət göstərilməsi üçün təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə 3 ay müddətinə bağlanmışdır. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 177\06 saylı Sərəncamı əsasında İddiaçı istifadəsinə veriİmiş torpaq sahəsinin A.Abbasov və Ş.Mehdiyev küçələrinin kəsişməsindən başlayaraq A.Abbasov küçəsi boyunca 779,46 kv.metr ərazidə yerləşməsi, eyni zamanda həmin torpaq sahəsinin bir hissəsində Cavabdeh2 tərəfindən “Ləbləbi” çay evini işlədilməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mübahisəli torpaqdan istifadəsinə Bakı şəhəri Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən heç bir maneəçilik törədilmir. Göründüyü kimi, A.Abbasov küçəsi (keçmiş Kiyev pr.) ilə Şəfayət Mehdiyev (keçmiş Ə.Ələkbərov) küçələrinin kəsişdiyi ərazidə 586-cı məhəllədə ofis binasının tikintisi üçün ayrılmış 382 m2 torpaq sahəsi və həmçinin əlavə olaraq 779,46 m2 torpaq sahəsi olmaqla, ümumilikdə bələdiyyənin mülkiyyətində olan 1161,46 kv.m torpaq sahəsi icrarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmişdir. Bu halda, cavabdehərin hazırda hər hansı hüquqi əsas olmadan onun istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etməsi iddiaçının həmin həmin torpaq sahəsindən istifadə etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırır. Məhkəmə cavabdehin həmin torpaq sahəsindən icarə müqaviləsi əsasında istifadə etməsi ilə bağlı dəlilinə münasibətdə mübahisəli torpaq sahəsi Bakı şəhəri Yasamal Bələdiyyəsinin mülkiyyətində olmaqla iddiaçının icarəsinə verildiyindən, həmin torpaq sahəsinin digər şəxsin icarəsinə verilməsi yolverilməzdir. Həmçinin, müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 177 ünvanında yerləşən “Əmlak kompleksi” obyektinin ümumi ərazisindən (320 kv.m) hissəsiyə dair bağlanmış, İddiaçı istifadəsinə veriİmiş torpaq sahəsi isə A.Abbasov və Ş.Mehdiyev küçələrinin kəsişməsindən başlayaraq A.Abbasov küçəsi boyunca yerləşir. Bundan başqa , Cavabdeh2 ilə bağlanmış 24 may 2023-cü il tarixli müqavilə 3 ay müddətinə bağlanmış və müqavilənin qüvvədə olma müddəti bitmiş, müqaviləyə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 hazırda hər hansı hüquqi əsas olmadan mübahsilə torpaq sahəsindən qanunsuz istifadə etməsi iddiaçının həmin torpaq sahəsindən istədiyi kimi istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırdığından, iddiaçının hüququnun pozulmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün Cavabdeh2 həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Odur ki, iddia tələbi Cavabdeh2 iddiaçı ŞÜA” İdman Sağlamlıq Kompleksinin istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, A.Akimov küçəsi, 589-ci məhəllədə yerləşən torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması hissəsində təmin edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən istifadəyə hər hansı maneənin yaradıldığı müəyyən edilmədiyindən, iddia təmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçı ŞÜA” İdman Sağlamlıq Kompleksinin istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, A.Akimov küçəsi, 589-ci məhəllədə yerləşən torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı İdman Sağlamlıq Kompleksinə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı ŞÜA” İdman Sağlamlıq Kompleksinin istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, A.Akimov küçəsi, 589-ci məhəllədə yerləşən torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı İdman Sağlamlıq Kompleksinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar