Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2983/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əldən çıxmış fayda, maddi və mənəvi zərər tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan 2013-cü il buraxılışlı “VAZ- 21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı, qızıl rəngli avtomobilin qanunsuz olaraq istismar edildiyinə görə, əldə çıxmış fayda kimi 2016-cı ilin aprel ayından başlayaraq 2019-cu ilin oktyabr ayının 22-dək hər gün üçün 10 manat müəyyən edilməklə 11400 manat, avtomobil yararsız hala salındığına görə ********* nömrəli cinayət işində aparılmış əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən avtomobilin bu günə bazar qiyməti ilə olan dəyəri, yəni 10000 manat, vurulmuş mənəvi ziyan kimi 10000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat, 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2013-cü il tarixdə “xxxx” X14 Səhmdar Cəmiyyətinin Lada filialı ilə kredit müqaviləsi bağlayaraq avtomobil almaq üçün 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8800 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq özünə məxsus 2013-cü il buraxılışlı “VAZ- 21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı, qızıl rəngli avtomobili banka ipoteka qoymuş və bu barədə bankla xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. Həmin avtomobil xx xxxx 2013-cü il tarixdə onun adına rəsmiləşdirilmiş və buna dair ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Banka krediti ödəyə bilmədiyindən bankın Lada filialının problemli kreditlər üzrə mütəxəssisi Cavabdeh2 2014-cü ilin mart ayında onu banka dəvət etmiş və o bankın əməkdaşlarının iştirakı ilə maşını banka apararaq, açarlarını filialın əməkdaşlarına təhvil vermişdir. 2016-cı ildə Cavabdeh2 avtomobili respublika ərazisində tapılıb “xxxx”-ın Lada filialına gətirilməsi üçün onun adına daşınar əmlaka dair sərəncam verilməsi barədə etibarnamə verilməsini xahiş etmişdir. İddiaçı xx xxxx 2016-cı il tarixdə 19 saylı notariat kontoruna gedərək ona etibarnamə vermişdir. Lakin bundan sonra bank tərəfindən avtomobilin geri qaytarılması barədə ona məktub gəldikdə bilmişdir ki, cavabdeh avtomobili banka təhvil verməmiş, bankın razılığı olmadan avtomobili başqa şəxslərə vermişdir. Bununla əlaqədar iddiaçı polis orqanlarına müraciət etmiş və Gəncə şəhəri Dövlət Yol Polisi şöbəsinin xx.xx.2016-cı il tarixli məktubundan ona məlum olmuşdur ki,ona məxsus avtomobil Cavabdeh2 Amil oğluna təhvil verilmişdir. Cavabdeh yenədə avtomobili banka təhvil vermədiyindən “xxxx” X15 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı Abşeron rayon məhkəməsinə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-3161/2019 saylı qərardadı ilə iddianın təmin tədbiri olaraq ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. 2019-cu ilin yaz aylarında Cavabdeh2 Amil oğlunun qanunsuz hərəkətləri nəticəsində avtomobil digər Cavabdeh1 sahibliyinə keçmişdir. Cavabdeh1 öz növbəsində avtomobilin bankda girovda olduğunu bilərək heç bir sənədləşmə işləri aparmadan özünə məxsus avtomobili iddiaçıya məxsus avtomobillə dəyişdirmişdir. Bundan əlavə Cavabdeh1 avtomobili idarə etmək hüququ olmayan (etibarnamə olmadan) özünün işlətdiyi kafenin işçisi X7 vermiş, sonuncu isə həmin avtomobili idarə etmək üçün həmkəndlisi X4 vermişdir. Sonuncu tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən ölmüş və maşın tam yararsız hala düşmüşdür. Faktla əlaqədar cinayət işi başlanmış, həmin cinayət işində iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh1 və onun işçisi X9 şahid qismində dindirilmişllər. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onun avtomobili tamamilə yararsız hala salındığından cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası ilə müəyyən olunmuş onun avtomobilinin yararlı vəziyyətdə bazar qiymətinin dəyəri olaraq 10 000 manat məbləği cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Bundan əlavə xx xxxx 2016-cı il tarixdən avtomobil Cavabdeh2 Amil oğlu, sonradan isə Cavabdeh1 tərəfindən iddiaçının iradəsinə zidd olaraq istismar edildiyindən və avtomobil bazarında avtomobillərin gündəlik icarə haqları 50 manatdan başlandığından hesab edir ki, həmin dövr üçün cavabdehlərdən müştərək qaydada ədlən çıxmış fayda kimi 11400 manat məbləği tutulmalıdır. Eyni zamanda cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq ona 10000 manat, vəkilə etdiyi kömək üçün ödədiyi 100 manat, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödədiyi 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, yəni xx xxxx 2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun xx xxxx 2013-cü il tarixdə bankın işçisi Cavabdeh2 tərəfindən vəzifə səlahiyyətlərindən istifadə edib X8 məxsus “VAZ 21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirib gizlətməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə Yasamal rayon X10 şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərarı, Abşeron rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli iddianı təmini tədbiri haqqında qərarı, İsmayıllı rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(037)-13/2020 saylı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmü, həmin cinayət işində zərərçəkmiş qismində dindirilmiş X5 ifadəsi, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsi, cinayət işində məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1484 saylı ekspert rəyi, Cavabdeh2 Amil oğlunun adına verilmiş xx xxx 2016-cı il tarixli etibarnamə ilə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “VAZ 21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyməsi təsdiq olunmuşdur. Məhkəmə məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1484 saylı ekspert rəyi ilə qismən razılaşmır. Belə ki, rəyin nəticə hissəsində avtomobilə dəymiş zərərin 7000 manat təşkil etməsini göstərmişdir. Lakin rəyin tədqiq hissəsində göstərmişdir ki, tədqiqata təqdim edilmiş “xxxx” ASC-nin İsmayıllı filialı İsmayıllı texniki xidmət məntəqəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 04 nömrəli məlumatdan göründüyü kimi, “VAZ 21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 7200-7500 manat arasındadır. Həmin avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 10 000 manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 10000 manat olmuş avtomobilə, qüsur aktına müvafiq olaraq 7200-7500 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Təqdim edilmiş qüsur aktında qeyd edilən məlumat müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 30 faizini təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 10000 manat olmuş 2013-cü il buraxılışlı “VAZ-21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 7000 manat müəyyən edilir. Bundan sonra ekspert rəyinin tədqiq hissəsində göstərmişdir ki, sözü gedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olunması istisna edilmir. Göründüyü kimi, ekspert rəyində avtomobilə dəymiş zərərin onun dəyərinin 70 faizini təşkil etməsini qeyd etməsinə baxmayaraq, sonradan avtomobil söküldükdən sonra dəymiş zərərin məbləğində dəyişikliklər olmasını ehtimal etmişdir. Odur ki, məhkəmə avtomobilin 70 faizinin yararsız hala düşməsinə dair ekspert rəyi ilə razılşmır və hesab edir ki, avtomobil tam yararsız kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus avomobil cavabdehlərin təqsirli hərəkətləri nəticəsində tam yararsız hala düşdüyündən avtomobilin zədələnməmişdən əvvəlki orta bazar qiyməti 10000 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia əldən çıxmış fayda hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin tələbi təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinddən təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehlərə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, artıq yuxarıda qeyd olunduğu kimi cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının əmlakı tam yararsız hala düşmüş, iddiaçı hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etməyə məcbur olmuşdur. Bu hallar isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır. Bununla yanaşı məhkəmə mənəvi zərərin məbləği ilə razılaşmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarın 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehlərin hərəkət və hərəkətsizliklərinin təhlükəlik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehlərin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 1000 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardıma görə vəkilə ödənilmiş 35 manat, 10,50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq X2na ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10000 (on min) manat məbləğində maddi zərər, 1000 (min) manat məbləğində mənəvi zərər, hüquqi yardıma görə vəkilə ödənilmiş 35 (otuz beş) manat, 10,50 (on manat əlli qəpik) manat dövlət rüsumu tutularaq X2na ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2983/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2983/2020
05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver