Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2994/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh işlətdiyi taxıl anbarında fəhlə kimi işləyən zaman xx.xx.2022-ci il tarixdə iş yerində bədən xəsarətləri almış, nəticədə sol ayağının barmaqları cərrahi əməliyyat olunmuş, baş barmağı isə amputasiya olunmuşdur. Lakin, keçirilmiş əməliyyat uğursuz olmuşdur, hazırda ayağında qaralmaları müşahidə olunur və ayağı topuqdan amputasiya olunmalıdır. Sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qayda məlumatlandırılmış cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Binəqədi rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən müəyyən olunur ki, fakt üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-in 192.1 və 198.3-cü maddələrinin tərkib əlamətləri olsa da, hər iki inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə- Tibbi Ekspertiza və X3" publik hüquqi şəxsin 1730 nömrəli rəyinə əsasən müəyyən olunur ki, İddiaçı sol ayaq pəncəsinin 1-2-3-4-5-ci barmaqlarının daraq-əsasfalanqa oynaqları səviyyəsində güdüllə nəticələnmiş tam travmatik amputasiyası aşra olunmuş və ..... aldığı travma ümumi əmək qabiliyyətinin 25%-i olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələndiyindən ümumilikdə sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10/6652 nömrəli ekspertiza rəyinə əsasən müəyyən olunur ki, baş vermiş hadisə ilə əlaqədar "Müəssisədə işçilərin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə"nin 5,6 bəndlərinin və "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.3.003-91 DST"nin 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Ümumi təhlükəsizlik tələbləri. İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.3.003-91 DST"-nin 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri taxıl anbarında işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan TQS 027 nömrəli ambulator kitabçadan çıxarışa əsasən müəyyən edilir ki, X1 pəncəsinin 2,3,4 və 5-ci barmaqlarının tam, 1-ci barmağının natamam amputasiyası həyata keçirilmiş, dioqnozun müəyyən edilmə tarixi xx.xx.2022-ci ildir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı F.İddiaçı yazılı izahatına əsasən müəyyən olunur ki, sonuncunun aldığı xəsarətlər nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh tərəfindən 6 ay ərzində hər ay 750 (yeddi yüz əlli) manat və birdəfəlik 5000 (beş min) manat pul ödənilmiş, F.İddiaçı gələcəkdə hər hansı iddiası və tələbi olmayacaqdır. Qeyd olunan xüsusat mülki işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qisminə aşağıdakı hüquq normaları çıxış edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Beləliklə, mülki iş materiallarına əsasən müəyyən olunur ki, müvafiq istintaq materiallarının (qərar, ekspertiza rəyi və s.) preyudisiallığı nəzərə alınmaqla iddiaçı F.İddiaçı zərər vurulmuşdur, həmin zərər Cavabdeh təqsiri nəticəsində vurulmuş və Cavabdeh təqsirli hərəkət və hərətsizliyi ilə vurulmuş zərər arasında səbəbli əlaqə vardır. Deməli, mübahisə üzrə delikt hüquq institunun dispozitiv şərtləri yerinə yetirilir. Mülki iş materiallarında olan F.İddiaçı yazılı izahatına əsasən müəyyən olunur ki, hadisə iddiaçı F.İddiaçı öz diqqətsizliyi və səhlənkarlığı nəticəsində baş vermiş, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı Cavabdeh tərəfindən 6 ay ərzində hər ay 750 manat və birdəfəlik 5000 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən yazılı izahata əsasən iddiaçının cavabdehə qarşı gələcəkdə hər hansı iddia tələbinin olmayacağına dair yazılı şəkildə öhdəliyi götürməsi etibarsızdır, mötəbər əsas hesab oluna bilməz. Nəzərə almaq lazımdır ki, şəxsin konstitusion və fundamental hüquqlarından hər hansı formada imtina etməsi ilə bağlı öhdəlik götürməsi və ya bəyanatı qanunvericiliyin tələblərinə ziddir və puç aktdır. Dövlət institutu tərəfindən qanunvericilik normalarının tətbiq edilməsi mülki hüquq münasibətlərinin subyektlərinin mənafələrinin və hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə bir sıra hallarda subyektin iradə ifadəsinin qarşısına keçməklə ədalətli münasibətləri tənzimləməyə xidmət edir. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətlərinin subyektlərinin sərbəst iradə ifadəsi imkanı olsa da, bu xüsusat mütləq mahiyyət daşımır və qanuna, cəmiyyətin, subyekt(lər)in qanunla qorunan mənafelərinə zidd olan hissədə etibarsızdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Həmçinin, hadisənin nəticələrinə dair yekun qərar qəbul etmək, hadisəyə, əmələ, təqsirə hüquqi qiymət vermək səlahiyyəti fiziki, hüquqi şəxslərə, səlahiyyətsiz orqanlara deyil, prokurorluq orqanlarına aiddir. İddiaçı öz mülahizəsi ilə özünün, cavabdehin və ya üçüncü şəxsin məsuliyyətini müəyyən edilə bilməz, etsə də, həmin xüsusat hüquqi əhəmiyyət daşımır, yalnız şəxsi mülahizə kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, prokurorluq orqanlarında aparılmış araşdırmanın nəticəsində hadisəyə və əmələ hüquqi qiymət verilməklə Cavabdeh təqsiri müəyyən edilmişdir və həmin qərar sübut qismində preyudisial əhəmiyyətə malikdir. Məhkəmə cavabdehə izah edir ki, cavabdeh baş vermiş hadisə üzrə təqsirinin olmadığını iddia edirsə istintaq orqanının müvafiq qərarını mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçının tələbi maddi və mənəvi zərərin ödənilməsi olsa da, iddiaçı maddi zərərin ödənilməsi istiqamətində tələbə dair əsaslı sübut, sənəd, material təqdim etməmiş, bu barədə üzərinə düşən sübutetmə yükünü layiqincə həyata keçirtməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Mənəvi zərərlə bağlı hissədə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. İddiaçı Cavabdeh təqsirli hərəkətləri nəticəsində bədən xəsarəti almaqla gündəlik həyat şərtlərinin çətinləşməsi, sağlamlıq səviyyəsinin və əmək qabiliyyətinin ciddi şəkildə aşağı düşməsi, həyat səviyyəsinə ciddi zərər vurulması, ailə durumu, ailə başçısı kimi ailəsi qarşısında öhdəliklərinin layiqincə icra edə bilməməsi və nəticədə mənəvi əzab çəkməsi ağlabatanlıq meyarları əsasında mənəvi zərərin ödənilməsinə münasibətdə kompensiyasiya instutunun tətbiq edilməsini zəruri edir. Məhkəmə, iş materiallarına əsasən, iddiaçının hazırki psixoloji-mənəvi durumunu, iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi zərərlə bağlı əvvəllər pul vəsaitinin ödənilməsi xüsusatına görə Cavabdeh mənəvi baxımdan vicdanlı davranışını, cavabdehin məsuliyyət hədlərinin ağlabatan, qanuni və əsaslı müəyyən edilməsi şərtlərini nəzərə almaqla, mənəvi zərərin əvəzinin ödənilməsi üçün 5000 (beş min) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında həddən artıq yüksək məbləğdə zərərin ödənilməsi öhdəliyi qoyulması mövcud iqtisadi şərtlər, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla qismən olaraq faktiki icrasız qalmasına səbəb olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddia tələbi maddi zərərin vurulması hissəsində iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməli, vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat məbləğində pulun tutulmasını məhkəmə ağlabatan hesab etdiyindən, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2994/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2994/2023
28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver