Məhkəmə qərarları › İş №2(004)-2999/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2999/2021

15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2999/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdeh Vüsalə Aydın qızına qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Vüsalə Aydın qızına qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş ərizə qanunvericilikdə nəzərdə tutulduğu kimi iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Qanunun mənasına görə işdə iştirak edən şəxslərin adları dedikdə, onları adı, ata adı və soyadının göstərilməsi nəzərdə tutulmuşdur ki, işdə iştirak edən şəxsin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-cı maddəsində də qeyd olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdehin “adı” və “ata adı” göstərilsə də, onun “soyadı” göstərilməmişdir ki, bununla da iddiaçı iddia ərizəsinin məzmunu ilə bağlı qanunvericiliyin tələbinə əməl etməmişdir. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsində cavabdehin poçt ünvanı kimi “Rabitə Texnikomunun yataqxanası” göstərilmişdir ki, həmin ünvan qeyri-müəyyən olduğundan cavabdehə məhkəmə bildirişinin çatdırılması mümkün deyildir. Poçt ünvanı elə bir şəkildə göstərilməlidir ki, xüsusi vasitələrdən istifadə edilmədən tərəflərin yaşadığı yeri müəyyən etmək, məhkəmə sənədlərini poçt vasitəsi ilə onlara çatdırmaq mümkün olsun. Bundan başqa, iddia ərizəsində cavabdehə qarşı yönələn iddia tələbinin nədən ibarət olması konkret və aydın göstərilməmiş, iddia ərizəsində məhkəmədən xahiş dəqiq qeyd edilməmişdir. Həmçinin, qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya onun dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdeh Vüsalə Aydın qızına qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: İddiaçı cavabdeh Vüsalə Aydın qızına qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar