Məhkəmə qərarları › İş №2(004)-3093/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3093/2024

19.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3093/2024 19.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi " tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: istifadə hüququna xitam) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi " tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh(bundan sonra – cavabdeh) qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Mənzildə pasport qeydiyyatında olan cavabdeh ilə nikahları 2003-cü ildə qeydə alınmış və 2021-ci ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsində pozulmuşdur. Nikahları pozulmamışdan əvvəl də münasibətləri pisləşdiyindən faktiki olaraq, onlar ayrı yaşayıblar. Nikahları pozulduqdan sonra da Cavabdeh ona bəlli olmayan ünvanda ayrı yaşamışdır. Hazırda da harada yaşaması barədə məlumatı yoxdur. Nikahları pozulandan sonra cavabdeh onun mülkiyyətində olan mənzillə bağlı məhkəmədə heç bir iddia qaldırmamış, istifadə və ya sair iddiası olmamışdır. Ancaq buna baxmayaraq, Cavabdeh onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqda davam edir. Bu səbəbdən də o, Cavabdeh görə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə tərəfindən cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməsinə baxmayaraq, iddia ərizəsinə hər hansı etiraz və dəlillərini təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 4427/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə 76 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən müvafiq mənzillə əlaqədar təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 33, mənzil 2 İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Qeydiyyatın əsası X1 ilə İddiaçı arasında bağlanılmış ******* saylı, 25 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsidir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 33, mənzil 2-də qeydiyyatdadır.

11. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 03 noyabr 2021-ci il tarixli Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış nikaha 07 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

13. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

14. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

15. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

17. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

18. İşin hallarından görünür ki, tərəflər 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli mənzil 2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Tərəflərin nikahlarına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Hazırda iddiaçı keçmiş həyat yoldaşı Cavabdeh qeyd edilən mənzilə istifadə hüququnun xitam verilməsi tələbi ilə müraciət etsə də, məhkəmə qeyd edir ki, həmin mənzil ərlə arvadın nikah dövründə qazandıqları əmlak olduğundan onların ümumi birgə mülkiyyəti sayılır.

19. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarında ifadə olunan mövqeyə əsasən “Birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Misal üçün ər-arvad nikahda olduqları dövrdə onların əmlakı hesabına dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi nikah pozulduqdan sonra ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, bu ümumi əmlak hesab edilir.........Ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki, belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.

20. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında qeyd olunan mənzilin birgə nikah dövründə alındığını təsdiq etmiş, həmin hal işin mübahisəsiz halı olmaqla 25 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə də təsdiq olunmuşdur. Baxmayaraq ki, iddiaçının adına ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış xx.xx.2021-ci il tarixdə, yəni tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulduqdan sonra qeydiyyata alınmışdır, lakin həmin əmlak iddiaçı və cavabdehin birgə nikah dövründə alındığından ümumi birgə mülkiyyət hesab edilməlidir.

21. Belə olduğu halda, ümumi birgə mülkiyyət təşkil edən mənzilə dair cavabdehin istifadə hüquqularının xitam verilməsi barədə hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

22. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar