Məhkəmə qərarları › İş №2(004)-3107/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3107/2021

06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3107/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası BPİ-nin DYPİ-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödədiyi 250 manat cərimənin, 21-ci polis bölməsində itirdiyi 250 manatın, maşının cərimə meydançasından çıxarılması üçün iddiaçıya ödətdirilmiş 80 manatın, saxta ittihamla məhkəməyə çıxarılaraq ödədiyi 200 manat cərimənin, bir müddət maşınsız qoymaları, işlərin dalınca getmək üçün taksidən istifadə, polisin fiziki zorakalığı nəticəsində xəstəxanaya müraciəti, fiziki olaraq bir müddət vaxtını öz işlərindən çox mübahisə ilə bağlı məsələlərə sərf etməsi üçün dəymiş 1220 manat zərərin, cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş maddi və mənəvi zərərin BPİ-nin DYPİ-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AE 091841 №-li, 10.03.2021 ci il tarixli texniki pasporta əsasən, D806440 №li mühərrik, 4T1BFK9CU137985 №li kuza olan və ** MJ *** dövlət nömrə nişanlı Toyota Camry markalı avtomaşın iddiaçıya məxsusdur. “02” dekabr 2020-ci ildə təxminən saat 18:22 radələrində Bakı şəhəri, Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində DYP əməkdaşı iddiaçının idarə etdiyi avtomaşını saxlayıb 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə iddiaçını təqsirli bilib protokol tərtib etdiyini bildirdi. Yerində protokol təqdim etmədiyindən iddiaçı qeydlərini apara bilməmişdir. 03.03.2020 ci il tarixində iddiaçı idarə etdiyi avtomaşının rəng dəyişikliyi ilə bağlı texniki passportunu yeniləmək üçün Meyvəli adlanan ərazidə DYP-nin müvafiq idarəsinə yaxınlaşmışdır. Orada iddiaçının adına bir neçə cərimə olduğunu, bunu ödəmədiyi halda texniki passportu yeniləməyin mümkün olmayacağını dedikdən sonra iddiaçı təqribən 250 manat civarında cərimə ödəmişdir. Bundan sonra iddiaçının adında qərarsız protokol olduğunu, onunda ödənməsini həyata keçirdəndən sonra prosesi başlada biləcəklərini bildirmişlər. Bütün bu tələblərin texniki passportda rəng dəyişikliyini qeyd edilməsi üçün əsassız olduğunu bildirsə də, şikayəti olduğu təqdirdə baş idarəyə edə biləcəyini bildirmişlər. Bundan sonra iddiaçı Bakı şəhər BPİ-nin DYPİ-nə yaxınlaşmışdır. Oradan iddiaçını Respublika DYP-nə yönəltmişlər. Bura gəldiyi zaman görüş tələb etsə də, karantin zamanı nazirlər kabinetinin qərarını əsas gətirərək bunun mümkün olmadığını vurğulamışlar. Növbətçi hissədə olan polis polkovnik-leytenantı iddiaçıya dyp.gov.az saytından şikayət etməsini tövsiyyə etmişdir. İddiaçı tövsiyyəyə uyğun olaraq dyp.gov.az saytından bu məsələ ilə bağlı müraciət ünvanlamışdır. Bu məsələ ilə bağlı bir neçə dəfə müraciət ünvanlasa da, bu günə qədər heç bir rəsmi cavab almamışdır. İddiaçıya yazılmış protokoldan isə 04.12.2020 ci ildə rəsmi şəkildə şikayət ünvanlamışdır. İddiaçı 02.12.2020-ci il tarixində yazılmış protokolun düzgün olmadığını hesab edib yazılmış protokoldan şikayət etsə də, 12.12.2020 ci il tarixində tələb olunan prosedurların heç biri həyata keçirilmədən qərarsız protokol qərarlı oldu və bu barədə iddiaçının telefonuna mesaj gəlmişdir. İXM-nin 327.2 ci maddəsinə əsasən protokol yazılsa da, iddiaçının izah etməyə çalışdığım nüanslar omuşdur. Sürücü kimi stop nişanın tələbinə uyğun olaraq dayanıb baş yolu görmə məhdudiyyətinin olmasını və yolların kəsişməsində təhlükəsizlik baxımından çatışmazlıqların olduğunu vurğulasa da dinləməmişlər. Haqlı olduğunu bildiyi üçün nazirlər kabinetinə müraciət etmişdir. Müraciətinə əsasən 10.03.2021 ci il tarixində BNA tərəfindən iddiaçıya məktub göndərilmiş və orada çatışmazlıqların olduğunu, əraziyə baxış keçirildikdən sonra nöqsanların aradan qaldırıldığını qeyd etmişlər. Yazılmış protokolun qüvvəyə minməsindən sonra DİN-nə rəsmi məktub ünvanlamışdır. Məktubun predmeti bu qərarın qanunsuz olmasından ibarət olmuşdur. Bu səbəbdən dolayı iddiaçı bir müddət taksidən istifadə etmiş, xərcləri artmışdır. 04.02.2021 ci il tarixində şikayət etdiyi protokol üzrə Rəşid Piriyev tərəfindən göndərilən cavab məktubunu almışdır. Məktubda qeyd edilənlərlə razılaşmadığından Yasamal rayon məhkəməsinə müraciət etmişdir. 05.03.2021 ci il tarixində keçirilən məhkəmə prosesində yol verilmiş yalnışlıqlar maddələri ilə qeyd edilərək tərtib olunan protokol ləğv edilmişdir. Qayadalara əsasən tərtib olunmuş protokoldan edilmiş şikayətə cavab vermə müddətinin 30 gün olmasına Daxmayaraq 60 gündən sonra cavab məktubunu almışdır. Bu müraciətə 30 gün müddətində cavab verilsəydi ya cəriməni ödəyəcək ya da məhkəməyə müraciət edəcəkdi. Gecikdirilmiş cavab məktubu isə iddiaçıya yazlmış cəriməyə dəbbə məbləğinin hesablanmasına səbəb olmaqla yanaşı 60 ci gün yəni 02.02.2021 ci il tarixində ödənməmiş cərimə kimi hesab olunaraq avtomaşının cərimə meydançasına qoyulmasına şərait yaratmışdır. İddiaçı 22 02.2021 ci il tarixində Dilarə Əliyeva küçəsindən Səməd Vurğun küçəsi istiqamətində hərəkət etdiyi zaman ** YP *** nömrəli DYP avtomaşını tərəfindən saxla əmri verilib və X4rşısında saxlanılmışdır. Manevr qaydasının pozulduğunu bildirərək protokol tərtib olunmasını daha sonra ödənməyən cəriməyə görə maşının cərimə meydançasına qoyulacağını bildirən inspektora məhəkəmə predmeti olduğunu demiş, sənədləri təqdim etsə də, bunun qərar olmadığını bildirən inspektorla mübahisə yaranmış və bu vaxt 102 qaynar xəttinə müraciət edib məsələ barədə məlumat vermişdir. 102 yə zəng etdiyimdən hiddətlənən inspektor post patrul çağırıb iddiaçının 21 ci polis bölməsinə getməli olduğunu bildirmişdir. Növbəti gün iddiaçı Nəsimi Rayon Məhkəməsinə çıxarılmışdır. Məhkəmədə hakim heç bir sübut tələb etmədən 535 ci maddəni ehtiva edən heç bir səs yazısı video görüntü , tibbi arayışz. ekspertizanın sənədi olmadan, içkili və ya narkotik təsirinin olub olmamasını təsdiq edən sənədləri tələb tələb etmədən məhkəməni keçirtmişdir. Bütün bunların fonunda 21-ci polis bölməsində 250 manat, daha sonra maşının cərimə meydançasından çıxarılması üçün ona ödətdirilən 80 manat, məhkəmənin iddiaçını polisin əmrinə tabe olmamaqda ittiham edərək 200 manat məbləğində cərimələməsinə səbəb olan BPİ-nin BDYPİ-nin fəaliyyətsizliyidir. Qanundan kənar tələbləridir. 21-ci polis bölməsində baş verənlər DİN tərəfindən araşdırılır. İddiaçı bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmuşdur. Yüksək vəzifəli şəxslər tərəfindən qəbul olunmuş, izhatı alınmışdır. Hətta 21 ci polis bölməsinin əməkdaşları tərəfindən qohumlarına 3 cü şəxslərin əli ilə şikayətçi olmamağı üçün xahiş olunmuşdur. İddiaçı bunu rədd etmişdir. 23.02.2021 ci il tarixində keçirilmiş məhkəmədən sonra sərbəst buraxılmış və öz hesabına X6 müayinə üçün müraciət etmişdir. 10.03.2021 ci il tarixində maşının rənglənməsi ilə bağlı texniki passportunu dəyişməyə nail olmuşdur. Proses dəyişməmiş, yenədə mövcud olan cərimələri məcburi şəkildə ödətdirib daha sonra prosesə başlamışlar. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məcburi qaydada ödədiyi 250 manatın, 21-ci polis bölməsində yoxa çıxmış 250 manat şəxsi vəsaitinin, maşının cərimə meydançasından çıxarılması üçün ödədiyi 80 manatın, saxta ittihamla məhkəməyə çıxarıldığı zaman məhkəmə tərəfindən cərimələnərək ödədiyi 200 manatın, bir müddət avtomobilsiz qaldığı və taksidən istifadə etdiyi üçün dəymiş 300 manat zərərin, öz şəxsi vəsaiti hesabına xəstəxanaya gedərək ödədiyi 120 manat, bir müddət işləmədiyi üçün iddiaçıya dəymiş 700 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası BPİ-nin DYPİnin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin və digər törəmə tələblərin yaranmasını təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi üzrə əsaslandığı sübutlar mötəbər hesab edilmir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı iddia ərizəsində onun barəsində tərtib edilmiş 02 dekabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 12 dekabr 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qərarı ilə ləğv edilməsini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən qərarla qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməsi qərara alınmış, bundan sonra AR DİN-nin BPİ-nin DYP-nin 16 aprel 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 3(004)-606/2021 saylı qərarına əsasən görünür ki, şikayətçi İddiaçı şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin DYPİ-nin 02 dekabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 12 dekabr 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə İddiaçı şikayətinin qismən təmin edilməsini, Bakı şəhəri BPİ-nin DYPİ-nin 02 dekabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 12 dekabr 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 10 mart 2021-ci il tarixli, 08-01739/8-00709/2 saylı məktuba əsasən müəyyən edilir ki, Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində araşırma aparılmış, aparılan araşdırmalar nəticəsində sözügedən yol kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində görünüş məhdudiyyətinin olduğu və qəza şəraitinin yaranması halları müşahidə edilmişdir. Məhz bu səbəbdən həmin ərazidə nəqliyyat hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol nişanları yenilənmişdir. Eyni zamanda, Ukrayna dairəsi ətrafında mütəxəssislər tərəfindən əsaslı təhlillər aparılmış, hazırda bu istiqamətdə təklif layihəsinin hazırlandığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin İddiaçı ünvanladığı 04.02.2021-ci il tarixli, 046-10737S- 4221 saylı məktuba əsasən görünür ki, araşdırma zamanı DYP əməkdaşlarının qanunsuz hərəkətləri barədə iddiaçının müraciətində göstərdiyi xüsusatların təsdiqini tapmaması, yol hərəkəti qaydasını pozmağı və iddiaçının barəsində törətdiyi xətaya uyğun olara AR İXM-nin 327.2-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək iddiaçının təqsiri sübuta yetirildiyi üçün 60 manat cərimə növündə inzibati tənbeh tətbiqetmə barədə qərarın qəbul edilməsi müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının şikayəti araşdırılan zaman qeydə alınmış videogörüntülərə baxış keçirilərkən iddiaçının idarə etdiyi avtomobillə yolayrıcını keçmə qaydasını pozması aşkar edilmişdir. İş materiallarında olan 15.03.2021-ci il tarixli, e63482/2021-53-19-005 tələbin könüllü icrası haqqında bildirişə əsasən görünür ki, İddiaçı 3(006)-693/2021-003 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 15.03.2021-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən müəyyən edilir ki, icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 3(004)-2281/2020 saylı qərarına əsasən görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 iyun 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta hqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəfindən İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin İddiaçı ünvanladığı 06.05.2021-ci il tarixli, 040-1099S- 4221 saylı məktuba əsasən müəyyən edilir ki, Nəsimi RPİ 21ci PB-də olarkən iddiaçı barəsində müvafiq sənədləşmənin aparılmasında müəyyən nöqsanlara yol verdiklərinə görə aidiyyəti əməkdaşların barəsində Bakı Şəhər BPİ-nin rəhbərliyi tərəfindən müvafiq tədbirlərin görüldüyü qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarına əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, altmış manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən biridir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar